hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Zelenskinin məktubunda mühüm məqam: “Kiyev o qüvvələrə imkan verməyəcək” - POLİTOLOQ

Zelenskinin məktubunda mühüm məqam: “Kiyev o  qüvvələrə imkan verməyəcək” - POLİTOLOQ

"Ukrayna prezidenti Azərbaycanla stareji tərəfdaşlığı gücləndirmək istəyir".

Bunu Cebhe. info-ya açıqlamasında "Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, müxtəlif dövlət başçıları 28 may Respublika günü ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlayır. Bu təbriklər arasında Ukrayna prezidenti Vladimir Zelenskinin məktubu diqqəti çəkir:

"Ukrayna prezidentinin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə azərbaycanlı həmkarına göndərdiyi məktubda bu ifadələr yer alıb: “Hər bir azərbaycanlı üçün son dərəcə önəmli olan bu gündə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ukraynanın dəyişməz mövqeyini təsdiq etmək istərdim. Bütün aktual məsələlər üzrə, ilk növbədə, dünya miqyasında koronavirus pandemiyasının aradan qaldırılması, eləcə də ikitərəfli əlaqələrin iqtisadi və humanitar ölçülərinin gücləndirilməsi məsələlərində Kiyev və Bakı arasında mövcud ənənəvi tərəfdaşlıq münasibətlərinə dəyər verirəm. Əminəm ki, Ukrayna və Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlıq gələcəkdə də qarşılıqlı hörmət və dəstək ruhunda inkişaf edəcək”. Vladimir Zelenskinin məktubda ifadə etdiyi cümlələrdən də aydın olur ki, Ukrayna prezidenti Azərbaycanla strateji əlaqələrə xüsusi önəm verir. Təsadüfi deyil ki, Vladimir Zelenski prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bunun bir səbəbi Ukraynanın Azərbaycanla strateji tərəfdaşlığa verdiyi önəmdirsə, digər səbəbi Ermənistanın beynəlxalq təşkilatlarda Ukraynanın ərazi bütövlüyünü əleyhinə səs verməsidir. Ermənistan faktiki Krımın ilhaqını tanıyıb. Ona görə də Ukrayna prezidenti Ermənistanı deyil, Azərbaycanı seçib. Eyni ilə Azərbaycan da Ukrayna ilə strateji əlaqələrə önəm verir. Təsadüfi deyil ki, bu ağır günlərdə Azərbaycan Ukraynaya 23 ton humanitar yük göndərib. Bu yükün tərkibində 100 min qoruyucu maska və geyimlər, 5 min kombinezon, təmassız termometrlər, sanitayzerlər və digər tibbi avadanlıqlar yer alıb. Yüka hava limanında qarşılayan Ukraynanın səhiyyə nazirinin müavini İrina Mikiçak bildirib ki, humanitar yük Azərbaycanla Ukrayna arasındakı razılaşmalar, xüsusilə də mart ayında ölkə prezidentləri arasında baş tutmuş telefon danışığı çərçivəsində çatdırılıb. Nazir müavini koronavirus pandemiyası ilə mübarizədə Ukrayna xalqına göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq və hörmətimizi ifadə etdiyini bildirib. Bu arada, Azərbaycanın Ukraynaya yeni təyin etdiyi səfir Elmira Axundovanın etimadnaməsini qəbul edən bu ölkənin xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycan ilə Ukrayna arasında enerji və iqtisadi, siyasi sahədə əməkdaşlığın inkişafından məmnunluq ifadə edib. Öz növbəsində səfir Elmira Axundova Ukraynaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. Vasili Bodnarın ismi Azərbaycanda başqa səbəbə görə də tanınıb. Vasili Bodnar bu ilin aprelin 23-də Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nın 105 illiyi ərəfəsində dövlət orqanlarının nümayəndələrinə məktub göndərmişdi. Həmin məktubda Bodnar Ukraynanın “erməni soyqırımı”nı tanımadığını bildirir və “Osmanlı İmperiyasında 24 aprel 1915-ci il faciəvi hadisələri” ifadəsindən istifadə etdiyini diqqətə çatdırırdı. Bodnar məktubunda Ermənistanın daim Rusiyanın xarici siyasətini dəstəklədiyini və beynəlxalq toplantılarda Ukrayna üçün vacib qərarların, qətnamələrin əleyhinə səs verdiyini xatırlatmağı da unutmamışdı".

Politoloqun sözlərinə görə Vasili Bodnarın bu məktubu təsadüfi deyildi:

"Çünki hər yerdə olduğu kimi erməni diasporunun təmsilçiləri Ukraynada da ara-sıra suyu bulandırmağa çalışırlar, Ali Radada “erməni soyqırımı” ilə bağlı müzakirələrin açılmasını istəyirlər. Ancaq hər dəfəsində Ukrayna parlamenti erməni disaporunun və onun arxasındakı güclərin niyyətini puça çıxardır. Buna baxmayaraq, Bodnarın məlum məktubundan o da anlaşılır ki, rəsmi Kiyev hansısa qüvvələrə Ukraynanın Türkiyə və Azərbaycanla münasibətlərinin pozulmasına imkan verməyəcək. Çünki Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq Ukraynanın milli təhlükəsizlik maraqlarına cavab verir".

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 13179