hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Vasif İsmayıl: “Yenə də biz İsveçdən çox yaxşı durumdayıq” - MÜSAHİBƏ

Vasif İsmayıl: “Yenə də biz İsveçdən çox yaxşı durumdayıq” - MÜSAHİBƏ

Azərbaycanda koronavirusun yayılma sürəti ciddi narahatlıq doğurur.

Yoluxma və ölüm sayının günbəgün artması, xəstəxanalarda yer çatışmazlığına dair söyləntilər, virusdan qorunmada biganəlik, sərt karantin tədbirlərinə riayət etməmək kimi halların mövcudluğu durumu daha da kritikləşdirib.

Cebhe. info-nun budəfəki müsahibi sosial mediada virusla mübarizədə fərqli çağırışları ilə seçilən uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıldır.

- Vasif bəy, müsahibənizdə demisiniz ki, Azərbaycanda əhalinin 60 faizi (6 milyon insan) COVID-19-a yoluxacaq. Bunu konkret nəylə əsaslandıra bilərsiz?

-Epidemiologiya qanunlarına görə, epidemiya zəncirinin qırılması üçün əhalinin minimum 60 faizində epidemiya törədicisinə qarşı anticism olmalıdır. Yəni bir cəmiyyətdə, istər ailədə, şəhərdə və ya ölkədə epidemiya zəncirini qırmaq üçün 60 faiz əhali xəstəliyə yoluxmalı, ona qarşı peyvənd vurulmalı və qanda anticism yaranmalıdır. Azərbaycan əhalisi 10 milyondursa, bu, o deməkdir ki, 60 faiz insan ya xəstəlib sağalmalıdır, ya da peyvəndlə bu şəkilə gəlməlidir. Mənim dediyim budur.

- Təxminən iki aydır ki, Azərbaycanda yoluxma 3 rəqəmli davam edir. Artım tempi dalğavaridir. Bu, nə ilə bağlıdır?

-Tibb xidməti lazım olan işləri görüb, artıq çatdıra bilmir. Yəni iş nəzarətdən çıxıb. Bunun çox günahkarını axtarmaq olar. Məncə indi günahkar axtarmaq aktual deyil. “Biz nə etməliyik”sualına cavab axtarmalıyıq. Çünki günahkarı axtarmaq üçün işləyirik və bu vaxt da qızıl kimi qiymətləndirilir. Burada hökumət, vətəndaş cəmiyyəti və xalq bütövlükdə günahkardır. Tibbin müəyyən bir gücü var. Əgər mən 125 kiloqramlıq ştanqı qaldıra bilirəmsə, mənə 245 kq-lıq ştamq versəniz, mən onu qaldıra bilməyəcəyəm. Bu, o demək deyil ki, mən zəifəm, sadəcə, gücüm bu qədər idi. Səhiyyənin də bir gücü var idi, o gücün üstünə çıxıldı və artıq tibbimiz bu yükü qaldıra bilmir.

- O zaman nəticə yaxşı olmayacaq…

-Nəticə odur ki, artıq insanlar öz evlərində virusa yoluxurlar. Yardım almadan ya sağalır, ya da ölürlər. Biz də bunu aylardır söyləyirdik. Amma nəticə çıxaranlar olmadı…

- Hələ də virusa gərçəkdən inanmayanlar, onu inkar edənlər var. Bütün dünyada yoluxma sayı ilə bağlı rəqəmlərin şişirdilməsi də ortaya atılıb. Bunun məntiqi bir açıqlaması varmı?

-Məncə, məntiqi açıqlaması yoxdur. Bu, irrasional davranışdır. O insanlara taxılıb, günahkar kimi onları göstərməkdən vaz keçməliyik. Davranış şəklimizi bir qədər dəyişməliyik. Çünki indi həqiqətən də çox ağır durumdur və bu durumda əziyyət çəkən onlarla, yüzlərlə, hətta minlərlə insanlar olacaq. Bu insanlar gələcəkdə qəzəblərini çox pis şəkildə ifadə edəcəklər. Ona görə də bu gün konkret davranmaq lazımdır. Günahlandırmaq, məsxərəyə qoymaq kimi hallara pis baxıram.

- Həftəsonları və sərt karantin rejimi effekt vermir. Hər halda hər gün yoluxma və ölümlərlə bağlı artım bunu deməyə əsas verir. Nə etmək lazımdır?

-Xeyr, verir. Bu gün rəqəmlər stabilləşdi. Artıq son 10 gündür ki, mən Operativ Qərargahın açıqladığı heç bir rəqəmə inanmıram. Operativ Qərargah xəstələri yoxlamaq, onlara nəzarət etmək həcminin sonuna çatıb. Bu gün yoxlanmayan yüzlərlə, minlərlə xəstə və onlarla ölüm var. Həqiqi xəstə sayının nə qədər olduğunu bilmirik. Rəqəmlərə baxıb, o statistika üzərində qərar verməyək. Cəmiyyətdə və ətrafda gedən hadisələri görürük. Bu baxımdan, sərt karantin rejimi mütləqdir.

- Bildirdiniz ki, Operativ Qərargahın yoluxma və ölümlə bağlı gündəlik təqdim etdiyi rəqəmlərlə razı deyilsiz. Niyə?

- Real rəqəmlər daha çoxdur. Azərbaycanda gündəlik virusa yoluxan insanların sayı 4000-dən aşağı deyil. Bu riyazi hesabla aparılır. Fikrimcə, gündəlik yoluxan 2000-4000 min arasındadır. Ölümlərin sayı isə gündəlik 20-30-dan aşağı deyil.

- Əgər belə real durum varsa, bu, əhalinin 60 faizinin artıq virusa yoluxması deyilmi?

- Hələlik 60 faiz insan yoluxmayıb. Tendensiya bu şəkildə davam edərsə, avqust ayında əhalinin 15-20 faizi yoluxmuş olacaq. Yəni, ona görə də ikinci dalğa istisna olunmur. İsveç 5000-dən çox ölü verdi. Bu ölkənin əhalisi Azərbaycan əhalisi qədərdir. Bu qədər ölümə əhalinin immunizasiyası 7 faiz oldu. 7 faiz immunizasiya üçün 5000 tələfat çox böyük rəqəmdir. Azərbaycan təxminən 200 ölüm olduğunu deyir. Götürək ki, rəqəmlər çox kiçilib və ölüm məsələn, 500-dür. Yenə də biz İsveçdən çox yaxşı durumdayıq və o ölkə qədər də immunizasiya yaxalamışıq. Amma İsveç 5000 ölü ilə yalnız 7 faiz immunizasiya əldə edib.

- Artıq Avropa, digər ölkələr normal həyatlarına dönür, baxmayaraq ki, virus hələ də yoluxdurur və öldürür. Azərbaycanda isə durum ağırlaşır. Biz normal həyatımıza nə vaxt dönə biləcəyik?

- Normal həyat deyəndə, buna tənzimlənmiş normal həyat demək lazımdır. Elə bilirsiniz ki, o ölkələrdə karantin yoxdur? Var, sadəcə yumşaldılmış karantindir. Avropa normal həyatına dönür. Bəli, amma tənzimlənmiş normal həyatdan söhbət gedir. Millət elə bilir ki, Avropa insanlar yeyib-içir, kef edir. Bilməlisiniz ki, maska və davranışlar üçün cərimələr var. Universitetlər bağlıdır, toy məclisləri keçirilmir. Camaatı yığıb mitinq etmirlər. Əslində virusun tüğyan etdiyi indiki durumda cəmiyyət görə bildiyi işləri əvvəlki kimi görə bilər. İnsanlar istədikləri yerlərdə işləyə bilər. Bunun üçün cəmiyyətin, xalqın hər fərdi karantin qaydalarına uyğun davranmalıdır. O zaman hər işi görmək olar. Sadəcə olaraq, insanlar bunu etmək istəmir. Məsələn, mən özümü qoruyan adamam, avtobusla gedirəm. Baxıram ki, kimsə virusa inanmadığı üçün davranış qaydalarına əməı etmir, maska taxmır, öskürür, asqırır . Avropa baxdı ki, onun insanları bu davranış qaydalarına əməl edir, karantin qaydalarını yumşaltdı. Azərbaycanda Avropadan daha yumşaq karantin tədbirləri tətbiq etmək olar. Yetər ki, hər kəs o qaydalara uysun. Camaatımız əməl etmir. Biz beləyik. Biz bir işi batırmaqda, boş danışmaqda ustayıq. Bu, yüz illərlə belədir. Nəyə inanmayacaqsan ki? Gözünün qabağında bu qədər insan gedir?

-Bəzi həkim-mütəxəssislərimiz bildirir ki, virus Azərbaycanda mövcud olandan mübarizə tədbirləri Səhiyyə Nazirliyinə həvalə edilsəydi, durum indiki kimi ağır olmazdı. TƏBİB-in bu işin öhdəsindən gəlmədiyi fikirləri səsləndirilir. Siz necə düşünürsüz?

-Məncə, TƏBİB bu işin öhdəsindən gəldi, amma hökumətlə, cəmiyyət gəlmədi. TƏBİB nisbətən xalqla müəyyən rəqəmlərdə səmimi və şəffaf olmağa çalışdı. Bunu Azərbaycan xalqı indiyədək görməmişdi və el birliyi ilə də batırdılar. Xəstə sayının artmasının səbəbkarı TƏBİB deyil ki… TƏBİB-dən yalnız bu xəstələrin müalicəsi və izlənməsi işinin təşkili tələb olundu. Azərbaycanda müalicə işinin izlənməsində hər hansı problem var? Testləri aparırdılar, xəstəxanaları tikdilər və komandalar qurdular. Avtobuslarda, marketlərdə, bank qarşısında, yas məclislərindəki sıxlığa TƏBİB nəzarət edəsi deyil ki? Xəstə sayı kritik həddi keçməyənə qədər TƏBİB-in hər hansı bir işindən narazılıq etmək olar? Demək olar ki, filan yerdə dərman və ya həkim yox idi? Amma indi bu problemləri açıq-aşkar eşidirsiz. Çünki yaradılan çarpayı fondu və səhiyyənin potensialını, gücünü artıq dəfələrlə aşmışıq. Bizim də TƏBİB-in müəyyən gücü var idi və biz o gücü el birliyi ilə yıxdıq. Ümumiyyətlə, bunlar daha dərin mövzulardır və hər şeyi açıq danışmaq istəmirəm.

- Qeyd etdiniz ki, TƏBİB cəmiyyətlə kifayət qədər səmimidir. O zaman yoluxma və ölümlə bağlı real rəqəmlərin açıqlanmadığı qənaəti sizdə necə yaranıb?

-Səmimi idi. Yoluxma ilə bağlı rəqəm indi belədir. Gizlətmək məsələsi deyil. TƏBİB sadəcə, indi yoluxan hər xəstəyə gedib çata bilmir. Nəinki xəstələnən, ölən insana da gedib çıxa bilmir.

- Koronavirusla mübarizədə peyvəndə ehtiyac varmı? Belə bir fikir var ki, virus qəfil gəldiyi kimi qəfil də yoxa çıxacaq. Vaksinə ehtiyac qalmayacaq...

-Heç bir şey qəfil gəlməyib və qəfil də itməyəcək. Əgər peyvənd olarsa, biz milyonlarla ölümün qarşısını ala biləcəyik. Peyvənd olmazsa, milyonların əvəzini verəcəyik.

- Türkiyədə COVİD-19 xəstələri pulsuz müalicə olunur. Maska hətta pulsuz paylandı. Azərbaycanda maska da, test də bahadır. Özəl klinikalar 145 manata test edirlər. Bu, möhtəkirlik deyilmi?

-TƏBİB hələ də bu gün testlərin hamısını pulsuz edir. Sadəcə, əli çatan insana pulsuz edir. Hansısa insana əli çatmırsa, onun yanına gedə bilmirsə, o insanlar özəl klinikada test olunmaqla bağlı müraciət edirlər. Azərbaycanda bankların qarşısındakı sıxlığa nəzarət edilmirsə, özəl xəstəxanalardakı test qiymətlərinə heç nəzarət mümkün olmayacaq.

- Rayonlara getmək istəyən vətəndaşları testdən keçirib göndərmək olmazmı? İsti aylarda Bakının yükü azalsın, ictimai nəqliyyatda sıxlıq olmasın…

-Fikrimcə, rayonlara getmənin qarşısını almaq düzgün deyil. İndiki tədbirlərin əksəriyyəti ilə razı deyiləm. Amma əgər cəmiyyət qeyri-adekvat, irrasional davranırsa, tədbirlər də irrasional olacaq. Təbii ki, isti yay günlərində insanlar küçələrə, meşələrə, təbiətə çıxmalıdır. Amma insana imkan verirsən, sünnət toyuna gedir. Nə deyəcəksən ki?

- Yeni qərara əsasən, evdə müalicə alan korona xəstələrinə dərmanları qeydiyyatda olduqları poliklinikalar verəcək. Sizcə, onlar işlərinin öhdəsindən gələ biləcəkmi?

- Xeyir, gəlməyəcəklər. Bu, Azərbaycandakı pulsuz səhiyyə kimi sadəcə, sözdür, deyirlər…Mart ayında siz Operativ Qərargahın dilindən belə qeyri-səmimi fikirlər eşitməzdiniz. İndi belə fikirlər çox eşidəcəksiniz, hələ başqaları, hətta ağ yalanlar da olacaq.

- Evə göndərilən həkim virusoloq deyilsə, xəstəni necə müalicə edəcək?

-Evdə müalicənin də öhdəsindən gələ bilməyəcəklər. Bu işin öhdəsindən yalnız sərt karantin gələ bilər. Sərt karantin, cərimələrin artırılmasını tövsiyə edirəm. Amma indi vəziyyət o qədər qarışıb ki, heç kəsin rasional təklifi ola bilməz. Durum elə həddədir ki, Azərbaycanda heç kəs, heç bir qurum bu işin öhdəsindən gələ bilməz. Bu, yalnız polis tədbirləri ilə, küçəyə çıxma qadağası ilə, yaxud cəngəllik qanunları ilə həll olunacaq. Deyim ki, kimsə, hansısa qurum gəlib vəziyyəti düzəldəcək, yox, elə bir şey mümkün deyil. Biz artıq o mərhələni qaçırdıq. İndi isə başqa mərhələdəyik. Ölən öləcək, qalan qalacaq…

- Deyirsiz ki, o mərhələni qaçırdıq, konkret olaraq nədə səhv etdik?

-Boşboğazlıq etdik. Ciddi iş görmək əvəzinə danışdıq. Hökumət də, vətəndaş cəmiyyəti də, hamı belə etdi.

- Bəs virusla daha nə qədər mübarizə aparacağıq?

-Epidemilogiya qanunlarına görə, virus 1 il və ya 2 il davam edir. Bütün dünyada karantin tədbirləri görüldü. Ola bildin ki, viruslu prosesimiz daha uzun olsun. Əgər peyvənd olmazsa, bu iş gələn ilə, hətta ondan da uzun çəkə bilər. İnsanlar 3 il Avropaya və müəyyən ölkələrə səyahətdə tətbiq olunacaq qaydalara hazır olsunlar. Artıq əvvəlki kimi maskasız və ya məsafəsiz təyyarəyə minib Moskvaya, oradan Berlinə, yaxud başqa ölkəyə getmək söhbəti yoxdur. Uzun müddət belə şey olmayacaq.

Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 16006