hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Türkiyə Liviya neftinin sahibinə çevrilə bilər

Türkiyə Liviya neftinin sahibinə çevrilə bilər

Liviyada gedən döyüşlərdə qiyamçı qüvvələr məğlub olmaq üzrədir.

Son günlər bir sıra yaşayış məntəqələrini və Vatiyyə hərbi bazasını qiyamçı milislərdən təmizləyən Liviya ordusu Tripolinin cənubundakı Əl-Əsabiya şəhərinə doğru irəliləyir. Əsas hədəf isə qiyamçıların lideri "Xəlifə Həftərin qalası" adlandırılan Tərhunə şəhəridir. Əl-Əsabiyənin alınması Tripolinin 90 kilometr cənub-şərqində yerləşən Tərhunənin mühasirəsini tamamlamağa imkan verəcək.

Aparılan müşahidələr Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya və Fransanın dəstəyi ilə hakimiyyəti ələ keçirməyə çalışan Xəlifə Həftərin məğlubiyyətə yaxın olduğunu göstərir. 2019-cu ilin ortalarında paytaxta doğru sürətlə irəliləyən qiyamçı qüvvələr hazırda zəbt etdikləri strateji əhəmiyyətli əraziləri tərk edərək geri çəkilir.

Ötən il çox çətin duruma düşən Liviya Milli Razılaşma hökumətinin qələbə şanslarının artması Türkiyənin hərbi və siyasi dəstəyi sayəsində yaranıb. 2019-cu ilin noyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviyanın baş naziri Fəyaz Sərac arasında imzalanmış müqaviləyə uyğun olaraq, rəsmi Ankara general Həftərə qarşı mübarizədə Tripoliyə dəstək verir. Türkiyə hərbi hava qüvvələrinin Həftər milislərinə aid atəş nöqtələrini məhv etməsi, eləcə də silah və iqtisadi yardımlar Liviya ordusunun status-kvonu dəyişməsi ilə nəticələnib. Ərəb ölkələrinin və Rusiyanın Xəlifə Həftərə verdiyi ən müasir silahlar belə Türkiyəyə məxsus uçan pilotsuz aparatların endirdiyi aviazərbələrin qarşısını ala bilmir.

Artıq ərəb mediası Misirin və Birləşmiş Ərəb Əmirliklərinin Həftərə dəstəkdən imtina etmək barədə düşündüyünü yazır. Misirdə fəaliyyət göstərən “Mada Masr” portalı Misir və Liviya rəsmilərinə istinadən qeyd edir ki, Qahirə və Əbu-Dabi bir ildən artıqdır Tripolini ələ keçirməkdə müvəffəqiyyətsizliyə uğrayan Həftərə dəstəyi geri çəkmək istəyir. Mənbənin yazdığına görə, Misir və BƏƏ Həftəri əvəz etmək üçün başqa aktor axtarır. Qeyd edilir ki, Vatiyyə hərbi bazasının hökumət qüvvələri tərəfindən ələ keçirilməsi Həftərə olan etimadın itməsinə səbəb olub. Misir-BƏƏ-Fransa ittifaqı Həftərin məğlub olacağı təqdirdə, atılacaq addımlar üzərində düşünür. Qiyamçı generalın zəifləməsi onun ətrafında mərkəzdənqaçma meyllərini də gücləndirib. Qiyamçlıların Tobrukda yerləşən alternativ parlamentinin rəhbəri Akil Saleh artıq səlahiyyətlərinin artırılmasını tələb edir və Həftərə qarşı çıxır.

Həftərin məğlubiyyəti təbii ki, bölgədə gedən geosiyasi və geoiqtisadi prosesləri dəyişə bilər. Fəyaz Sərac hökumətinin qələbəsi Türkiyənin yalnız Liviyada deyil, bütövlükdə Şimali Afrikada və Aralıq dənizi regionunda mövqelərini möhkəmlədəcək. Nəticədə Türkiyə şirkətləri Liviyanın neft yataqları uğrunda savaşın qalibinə çevrilə bilər. Yəni Türkiyə Liviyadakı neft və təbii qaz yataqlarının hasilatı, həmçinin dünya bazarına çıxarılmasında əsas oyunçulardan birinə çevrilmək imkanı qazanacaq. 2019-cu ildə Türkiyə və Liviya arasında imzalanmış Aralıq dənizində su sərhədlərinin delimitasiyasına dair müqavilə rəsmi Ankaranın Kipr adası ətrafında və Liviyanın limanlarında geniş fəaliyyət imkanları aça bilər. Bu səbəbdən, Kipr Respublikası, Yunanıstan, Misir və İsrail sözügedən sazişə etiraz edir.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Suriyanın şimalına nəzarət edən Türkiyənin Liviyada da həlledici mövqe qazanması bütövlükdə Ankaranın Yaxın Şərqdə rolunu artıracaq:

“Son bir ayda bir sıra maraqlı proseslər baş verdi. Misirin qiyamçılara dəstək bəyanatı verməsinin ardınca, Avropa ölkələri Benqazi ilə Tripoli arasında vasitəçilik etməyə hazır olduqlarını bildirdilər. Rusiya ilə bağlı müəyyən məsələlər oldu. Hətta Həftərin ordusu bir müddət irəlilədi və yanlış olaraq, Sərac hökumətinin çökməsi barədə rəy yarandı. Həftər bəyan etdi ki, biz qələbəyə yaxınıq və Sərac hökumətinə qarşı çevriliş cəhdi də oldu. Lakin bütün cəhdlər sistemli deyildi. Üstəlik, bölgədəki vəziyyət, dünyada baş verən proseslər Həftərin davamlı şəkildə bu prosesi irəli aparmasına mane olacaq. Artıq bu mövqelərin Liviya Milli Razılaşma hökuməti tərəfindən geri alınması özünü göstərir. Liviyada baş verən proseslər ayrıca götürülə bilməz. Bu, Yaxın Şərqdə və dünyada gedən geosiyasi proseslərlə sıx bağlıdır. Liviya ilə imzalanmış müqavilə Türkiyə üçün Kipr münaqişəsinin həlli baxımından, geostrateji əhəmiyyət kəsb edir. Məsələ yalnız Şimali Afrikadan ibarət deyil. Bu, Türkiyənin çoxəsrlik siyasətinin tərkib hissəsidir. İsti dənizlərdə möhkəmlənmək Osmanlı dönəmindən qarşıya qoyulmuş hədəflərdən biridir. Türkiyə bu məqsədindən imtina etməyəcək. Həftərə dəstək verən qüvvələr ondan ikinci Əbdülfəttah əl-Sisi obrazı düzəltmək istəyirdilər. Türkiyə də öz maraqlarından çıxış edərək buna imkan vermədi və plan baş tutmadı”.

Ekspert onu da vurğuladı ki, Türkiyənin Yaxın Şərqdə geosiyasi üstünlük qazanıb. Həmin uğur yalnız bölgədə maraqları olan dövlətlərlə deyil, həm də regionda yerləşən ərəb ölkələri və İranla müqayisədə də özünü göstərir.

“Yanvar ayından bəri İran amili zəifləməyə doğru gedir. Türkiyə mövcud vəziyyəti ciddi şəkildə dəyərləndirərək öz maraqları çərçivəsində müəyyən dividentləri davamlı şəkildə əldə edə bildi”, - deyə Vüqar Zifəroğlu qeyd etdi.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 21011