hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Türkiyənin uğurlu manevri: Supergüclər arasında balans qorunacaq

Türkiyənin uğurlu manevri: Supergüclər arasında balans qorunacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri və amerikalı həmkarı Donald Trampla görüşü ciddi nəticələrlə yadda qaldı. 

Gözlənildiyi kimi, prezidentlərin görüşündə əsas müzakirə predmeti Türkiyənin Rusiyadan aldığı S-400 raket kompleksləri və ABŞ-ın satmaq istədiyi “Patriot” sistemi oldu. Ərdoğan Vaşinqtonda amerikalı həmkarı Donald Tramp ilə görüşünün nəticələrini şərh edərkən də bu məsələyə toxunub və diqqətçəkən açıqlamalar verib.

“”S-400” zenit-raket komplekslərindən tam imtina edərək ABŞ-ın “Patriot” sisteminə keçilməsi tələbini doğru saymırıq. Biz “Patriot” sistemini ala biləcəyimizi və onları alarkən “S-400” komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur”, - Türkiyə Prezidenti Vaşinqtondan qayıdarkən təyyarədə jurnalistlərin bununla bağlı suallarını belə cavablandırıb. Ərdoğan ümumilikdə ABŞ-a səfərinin müsbət keçdiyini və mövcud fikir ayrılıqlarının yoluna qoyulması üçün dialoqun vacibliyini vurğulayıb. “Biz “F-35” qırıcı təyyarələrinin çatdırılması üzrə müsbət nəticəyə nail olmaq istəyirik. Lakin mən bu dəfə Trampın bu mövzuya yanaşmasının daha müsbət və konstruktiv olduğunu gördüm”, - deyə Türkiyə lideri əlavə edib. Türkiyə ən az 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Qeyd edək ki, sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilməli idi. 

Maraqlıdır, Ərdoğan-Tramp görüşü, müzakirə olunan məsələlər Rusiya-Türkiyə, ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcək?

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə şərhində Ərdoğanın ABŞ səfərindən qalib ayrıldığını deyib:

“Tramp oktyabrın 23-də Ərdoğana təhqiredici məktub göndərmişdi. Əvvəla, ona cavab verilməli idi. Türkiyə bu cavabı çox uğurlu şəkildə verdi. Açığı Ərdoğandan belə bir cavab, jest gözləmirdim. Amma çox düzgün etdi, türk kimliyini ortaya qoymağı bacardı. Eyni zamanda bir dövlət başçısı kimi öz fikirlərini bildirdi. ABŞ-a bir “Dur!” deyən olmalı idi. ABŞ bunu Çin və Rusiyadan gözləyirdi, amma artıq Türkiyə ona “Dur!” deməyi bacardı. Tramp biznes adamı olduğu üçün onun iqtisadi maraqları ön planda idi. Tramp siyasətçi olmadığı üçün onun siyasi gedişindən bir qədər ehtyatlandı və razılaşmaq məcburiyyətində qaldı. Türkiyə 600 illik imperiya tarixi olan bir dövlətdir. Ərdoğan bunun keçmişi ilə bu günü arasında çox uğurlu bir əlaqə yarada bildi. Osmanlı imperiyasını sanki “reinkarnasiya” etməklə yenidən dünyaya təqdim etməyi bacardı”.

Politoloq hesab edir ki, ABŞ “Patriot”ları ona görə Türkiyəyə vermək istəyir ki, onun “S-400”-lərdən fərqi var: 

“Hərbi cəhətdən ABŞ istənilən vaxt “Patriot”ları sıradan çıxara bilir. Silah satan dövlətlərin marağında olan bir məsələdir ki, təyyarələrdə, raket kompleksələrində bu tip gizli proqramlaşdırmalar həyata keçirə bilirlər. Ona görə Türkiyə öz seçimini etdi və “Patriot”ları “S-400”-lərlə əvəzlədi. “S-400”-lər hava hücumundan müdafiə üçün “Patriot”lardan daha üstün sistemdir. Təbii ki, Türkiyənin maraqları çərçivəsində Rusiya ilə bağlı 2.5 milyard dollarlıq müqavilədən geri çəkilmədi. Bu, doğru addım idi. ABŞ bundan sonra heç bir addım atmayacaq. Çünki Ərdoğan və Tramp illik ticarət dövriyyəsinin 100 milyard dollarla çatdırılması ilə bağlı razılıq əldə etdilər. ABŞ isə hər zaman öz iqtisadi maraqlarını güdən dövlət olub. Ona görə də bu maraqlar çərçivəsində hərəkət edəcək. Digər tərəfdən ABŞ yaxşı  başa düşür ki, Türkiyənin hərbi gücü olmadan Amerika heç bir yerdə öz hegemonluğunu həyata keçirə bilməz. Cənubi Koreya, Əfqanıstan, Suriyada ABŞ bunu yaxından müşahidə etdi. Bütün hallarda Türkiyə Ordusu öz mobilliyinə, döyüş qabiliyyətinə görə ABŞ ordusundan çox yüksəkdə durur. Bunu da ABŞ diqqətdən qaçıra bilməzdi. Ona görə də Ərdoğan Tramp görüşündən sonra ABŞ müdafiə naziri Mark Ester etiraf etdi ki, Türkiyə ilə münasibətləri davam etdirməliyik, NATO-nun üzv dövləti kimi bu bizə lazımdır”.

Cümşüd Nuriyev Ərdoğanın siyasi masada Trampa qalib gəldiyini vurğulayıb: 

“Ərdoğan çox ağıllı bir gediş etdi və 30 kilometrlik bufer zona yaratdı. Türkiyənin ərazisində 3 milyona yaxın Suriya qaçqını var. Həmin qaçqınların əksər hissəsini bufer zonaya yerləşdirəcək. Türkiyə onların ən ağır vaxtında onlara sahib çıxdığı üçün bufer zonada yerləşdiriləcək ərəblər PKK/YPG və digər terror ünsurlərinə imkan verməyəcək ki, onlar Türkiyəyə hansısa zərər yetirsin. Ərdoğanın bu gedişi  çox uzağa hesablanmış addım idi, ABŞ bunu çox gec başa düşdü və bundan sonra da heç bir nəticə verməyəcək. Türkiyə bu məsələni də öz xeyrinə həll etdi. ABŞ uzun müddətdir İrana, 70 ildir Kubaya sanksiya tətbiq edir. Bundan ABŞ heç nə qazanmır, əksinə, öz mövqeyini, iqtisadini gücünü itirir. Türkiyə əslində öz miqyasında iqtisadi cəhətdən ABŞ-dan güclü dövlətdir. ABŞ-ın ÜDM-si də, xarici borcu da bərabər, yəni 22 trilyon dollardır. Əgər ABŞ hər hansı bir gəlir əldə etməsə, onların maliyyələşdirilməsi dayandırılır. Bu isə o deməkdir ki, ABŞ özü iqtisadiyyatdan asılı bir dövlətdir. Amma Türkiyənin iqtisadi cəhətdən gücü kifayət qədərdir. Ona görə də ABŞ iqtisadi cəhətdən Türkiyəni çökdürə bilməyəcək.  Bu isə o deməkdir ki, ABŞ istəsə də, istəməsə də, Türkiyə ilə razılaşmağa məcburdur. Ərdoğanın ABŞ-a son səfəri Türkiyə tarixinə qızıl hərflərlə yazılmalıdır. Çünki Türkiyə özünü dünyaya çox güclü bir dövlət kimi təqdim etməyi bacardı. Özündən dəfələrlə güclü sayıla biləcək bir dövləti-ABŞ-ı özü ilə bərabər səviyyəyə gətirə bildi. Bu çox güclü bir gediş idi. Ərdoğan bugünə qədər Türkiyə üçün bu səviyyədə güclü addım atmamışdı”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1893