hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Savaş yenidən başlanır: Razılaşmanı kim pozdu?

Savaş yenidən başlanır: Razılaşmanı kim pozdu?

Türkiyə PYD/YPG terrorçularının Suriyanın şimal-şərq ərazilərindən çəkilmədiyini bəyan edib. 

Rəsmi Ankara terrorçuların 30 kilometr cənuba çəkilməsi barədə Türkiyə ilə ABŞ və Rusiya arasında əldə olunmuş razılaşmanın yerinə yetirilmədiyini bildirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatların aparıldığı bölgələrdə hələ də YPG yaraqlılarının qaldığını deyib. Hətta R.T.Ərdoğan vəziyyətin belə davam edəcəyi təqdirdə, Türkiyənin antiterror əməliyyatlarını davam etdirəcəyinə dair xəbərdarlıq edib. 

Türkiyə prezidentinin açıqlaması ABŞ və Rusiya ilə əldə edilmiş sazişlərin nəticə vermədiyini göstərir. Xatırladaq ki, oktyabrın 17-də prezidenti Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında imzalanmış saziş 120 saat ərzində hərbi əməliyyatların müvəqqəti dayandırılmasını, PYD/YPG terrorçularının Türkiyə-Suriya sərhəddindən 30 kilometr cənuba çəkilməsini nəzərdə tutur. Lakin bu müddət başa çatsa da kürd yaraqlıları ərazini tərk etmədi. 

Ona görə də oktyabrın 23-də Türkiyə Prezidenti Soçidə rusiyalı həmkarı Vladimir Putinlə analoji saziş imzalamalı oldu. Həmin sənəd kürd yaraqlıların 150 saat müddətində Türkiyənin tələb etdiyi ərazilərdən çıxmasını özündə ehtiva edir. YPG-nin boşaltdığı bölgələrdə isə Türkiyə ordusu və Rusiya hərbi polisi birgə patrul nəzarəti həyata keçirməlidir. 

Lakin Prezident Ərdoğan terrorçuların qoyulan tələbə əməl etmədiyini və ərazidə qalmaqda davam etdiyini söyləyib. Ankara və Vaşinqton yaraqlı qrupları həmin bölgədən təmizləmək barədə razılıq əldə etməsinə baxmayaraq, ABŞ qüvvələri Suriyanın sərhəd bölgəsində hələ də YPG dəstələri ilə birgə patrul çəkir. Ərdoğan çıxışı zamanı bildirib ki, YPG döyüşçüləri Türkiyənin hərbi müdaxilə etdiyi Tel-Rifat, Mənbic və Ras Əl-Aynin şərqində qalıb. O deyib ki, Vaşinqton və Moskva vədlərinə əməl etmədiyi təqdirdə Türkiyə də razılığa əməl etməyəcək. Ərdoğan terrorçuların hələ də Suriyanın şimal-şərq ərazilərində qaldığını və Türkiyə silahlı qüvvələrinin mövqelərinə hücumlar etdiyini deyib. “Bu duruma laqeyd qala bilmərik”-deyən Türkiyə Prezidenti belə davam edərsə, hərbi əməliyyatların bərpa ediləcəyinə dair xəbərdarlıq edib. 

Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a səfərinin də Suriyanın şimal-şərqindəki vəziyyətdən asılı olacağını bildirib. O, ABŞ Prezidenti ilə telefonla danışacağını və səfərlə bağlı bu söhbətin nəticəsinə uyğun olaraq qərar veriləcəyini açıqlayıb.
Türkiyə və Rusiya hərbçiləri Ayn əl-Arab və Təl-Abyad arasındakı 73 kilometrlik ərazidə patrul xidməti keçirən Rusiya və Türkiyə zirehli texnikasına YPG tərəfdarları hücum edərək daşa basıb. Rusiya rəsmiləri terrorçuların Türkiyənin tələb etdiyi bölgələri tərk etdiyini deyir. Amma bölgədən xəbərlər terrorçuların təhlükəsizlik zonasında qalmaqda davam etdiyini göstərir. Kamışlıdakı bəzi nöqtələrdə fəaliyyətlərini davam etdirən uniformalı terrorçuların strateji əhəmiyyətli M4 magistral yoluna nəzarəti ələ almaq üçün Tel Temir qəsəbəsində cəmləşməsi müşahidə olunur. YPG-çilər Türkiyə silahlı qüvvələrinə və Suriya Milli Ordusunun mövqelərini ağır silahlardan və qumbaraatanlardan atəşə tutur. Aparılan müşahidələr, eləcə də kəşfiyyat məlumatları terrorçuların Fərat çayının qərbindəki Təl-Rıfat və Menbiç bölgələrində qaldığını təsdiq edir. Türkiyəyə qarşı döyüşən terrorçuların arasında ermənilər də var.  Bu arada Təl Rıfat və Menbiç sakinlərinin nümayəndələri ilə görüşən Türkiyə Silahlı Qüvvələrinin xüsusi heyəti həmin ərazilərin terrorçulardan təmişlənməsi, idarəçiliyin isə yerli əhaliyə verilməsi barədə Rusiya tərəfi ilə müzakirə aparılacağını bildirib. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, qeyd edilən sazişlərin həyata keçməməsi və terrorçuların ərazidə qalması bölgədə bir sıra dövlətlərin maraqlarının toqquşması ilə bağlıdır:

“Danışıqlar prosesi getdiyi zaman rəsmi Ankara terror qruplaşmalarının həmin ərazidən çıxacağına şübhə ilə yanaşırdı. Bu terror dəstələrindən regionda marağı olan böyük dövlətlər istifadə edir. Ona görə də YPG silahlıları əvvlcə bölgədən çəkilməyə razılıq versə də bu reallaşmadı. Faktiki olaraq, Türkiyənin şübhələri özünü doğruldu. Məsələ yalnız ABŞ, yaxud Rusiya ilə imzalanmış sazişlərdən ibarət deyil. Bu daha çox böyük dövlətlərin maraqlarının təmin olunması ilə bağlıdır. ABŞ-la yaxud Rusiya əldə olunmuş razılaşmaya əsasən, kürd terrorçuların geri çəkilməsi Türkiyənin müəyyən əraziləri nəzarətə götürməsi ilə nəticələnə bilərdi. Bu, Türkiyənin bölgədə güclənməsi deməkdir. Təbii ki, bölgədə marağı olan güclər buna razı olmazdı. Ona görə də Türkiyə terror qruplaşmalarının bölgədən çıxacağına ümid etmirdi. Həmin ehtimallar da öz təsdiqini tapdı.

Digər tərəfdən ABŞ-la və Rusiya ilə əldə olunmuş razılaşmalara fərqli konteksdən yanaşmaq lazımdır. ABŞ-ın Türkiyə ilə imzalanmış sazişin hansı maddələrini pozacağını gözləmək lazım idi. Məlum olduğu kimi, YPG Qərbin, əsasən də, ABŞ-ın nəzarəti altındadır. Türkiyənin Rusiya ilə razılaşma əldə etməsindən sonra ABŞ-ın bu prosesi pozacağı gözlənilən idi. Amerika hərbi kontingentini Suriyadan çıxartsa da sonradan iki yüz nəfərlik xüsusi təyinatlısını orada saxlamaq istədiyini bəyan etdi. Bu faktın özü ABŞ-ın öz maraqlarından çıxaraq öz oyununu qurduğundan xəbər verirdi. Ümumiyyətlə, 1970-ci illərdən başlayaraq əvvəl ABŞ-ın, sonra isə SSRİ-nin Yaxın Şərq siyasətində kürd qruplaşmaları bir vasitə kimi istifadə olunub. İndi ABŞ-Türkiyə-Rusiya razılaşması fonunda belə bir müttəfiqdən heç vaxt imtina etməz. Bu baxımdan, YPG terrorçularının tezliklə Suriyanın şimal-şərqindən çəkiləcəyini iddia etmək olmaz. 

Rusiyanın isə Suriyada maraqları başqadır. “Ərəb baharı”ndan sonra Yaxın Şərqdən sıxışdırılıb çıxarılan Rusiya Suriyaya silahlı qüvvə yeritməklə öz geosiyasi mövqelərini bərpa edirdi. İkinci amil Qətərdən və Küveytdən çıxarılan təbii qazın Suriya üzərindən Avropaya nəql edilməsi planları ilə bağlı idi. Rusiya Türkiyə ilə maraqlarını uzalaşdırmaqla bu layihənin qarşısını aldı və Avropanın qaz bazarında inhisarçı mövqeyini saxlaya bildi. Türkiyənin dividenti isə dözlətçiliyinə, milli təhlükəsizliyinə problem yaradan terrorçu qrupları, separatçıları öz sərhədlərindən uzaqlaşdırmaq idi. ABŞ-ın nəzarətində olan qruplaşmaların fəaliyyəti Bəşər Əsəd hakimiyytinin də maraqlarına cavab vermir. Belə olan halda ABŞ və Rusiya ilə əldə edilmiş razılaşmaların uzaq gələcəyə hesablandığını düşünmək olmaz”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2597