hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Rus dilində təhsilə son? - Təşəbbüsün əleyhdarları da var

Rus dilində təhsilə son? - Təşəbbüsün əleyhdarları da var

Azərbaycan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov ibtidai təhsilin rus dilində aparılmasının əleyhinə olduğunu bildirib. 

O, rus dilinin həm xarici, həm də doğma dilimiz kimi olduğunu deyib: “Bu çox həssas məsələdir. Etnopedaqogikanın məşhur mütəxəssisi Gennadi Volkovun gözəl bir ifadəsi var: “Xalqı ən təmiz formada uşaqlar təmsil edir. Milli hiss uşaqlarda öldüsə, bu, millətin ölümünün başlanğıcı deməkdir". 

Ona görə də hesab edirəm ki, ibtidai məktəbdə təhsil yalnız Azərbaycan dilində, yəni ana dilində getməlidir. Ancaq dördüncü sinifdən sonra bir seçim verə bilərsiniz - Rus və ya İngilis təhsil sektoru. Bu, Gürcüstan və Baltikyanı ölkələrdə geniş tətbiq olunur. Bir millət birləşməlidir, dillərə bölünməməlidir”.

Məlumdur ki, orta məktəbə qəbul zamanı rus bölmələrinə kütləvi axın həmin bölmələrdə sıxlığa, yer çatışmazlığına və digər probblemlərə səbəb olur. Bəzi ekspertlər, ümumiyyətlə, ölkəmizdə rus dili bölmələrinin olmasını məqbul hesab etmirlər. 

Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycanda rus bölmələrinə kütləvi axının arxasında duran məqamlardan danışıb:

“Rus bölmələrini bitirənlərin vətənpərvər olmaması ilə bağlı fikirlərlə razı deyiləm. Vətənpərvərlik hissləri 6-10 yaşlarında deyil, əsasən, erkən gənclik dövründə, tam orta təhsil səviyyəsində formalaşdırılır. Hazırda mənbələrimizin böyük bir hissəsi rus dilindədir. Son 28 ildə Azərbaycanın elə bir ali məktəbi yoxdur ki, hansısa elmi kəşf etsin və sanballı əsər ortaya qoysun. Elmi işlərin əksəriyyəti rus dilindən tərcümələrdir”.

Ekspert deyir ki, Azərbaycan qanunvericiliyi təhsilin hər hansı xarici dildə təşkil olunmasına yol verir: 

“Qanunvericiliyə görə, tədrisin hansı dildə olmasından asılı olmayaraq, Azərbaycan dili dövlət dili kimi tədris olunur. Eləcə də Azərbaycan ədəbiyyatı, coğrafiyası və tarixi tədris olunur. Hesab edirəm ki, tədrisin başqa dildə təşkil olunması vətənpərvərliyə heç bir mənfi təsir göstərmir və göstərə bilməz”.

Elşən Qafarov deyir ki, Azərbaycanda rus dilində tədisin qabardılmasının əsas səbəblərindən biri də bu dili tədris edəcək kadrların azlığıdır: 

“Rus sektoruna axının bir sıra səbəbləri var. Onsuz da ümumtəhsilin vəziyyəti çox acınacaqlıdır. Valideynlər uşaqlarını ona görə rus bölməsinə qoymur ki, orada təhsil Azərbaycan bölmələrindən fərqli olaraq çox yüksək səviyyədədir. İkisi də eyni vəziyyətdədir. Valideynlər bunu ona görə edirlər ki, uşaqlar heç olmasa dil öyrənə bilsinlər. Vəziyyəti tənzimləmək üçün rus bölmələrində qadağa qoyulması lazım deyil. Rus bölmələrinə qəbulla bağlı uşaqların müsahibədən keçirilməsi ilə bağlı qayda tətbiq ediblər. 5 yaşlı uşaqla bağlı hansı müsahibədən söhbət gedə bilər. Bu valideynləri məcbur edir ki, 3 yaşından etibarən uşaqlarını repititor yanına göndərsinlər, bununla da “kölgə təhsili” daha aşağı yaş həddinə salınır”.

Təhsil ekspertinin qənaətinə görə, çıxış yolu olaraq, ümumtəhsil məktəblərində ingilis dili bölmələri açılmalıdır: 

“Bu zaman dil öyrənmək məqsədilə rus bölməsini seçənlərin böyük əksəriyyəti ingilis bölmələrinə üz tutacaq. Bildiyimə görə, artıq bununla bağlı ingilis dilində pedaqoji kadrların hazırlanmasına başlanılıb. Bu iş genişləndirilməlidir. İkinci tərəfdən Azərbaycan bölmələrində xarici dil müəllimlərinin peşəkarlığına xüsusi diqqət yetirilməlidir. Əgər “Təhsil haqqında” Qanunun 19-cu maddəsinin tələb etdiyi kimi, Azərbaycan bölməsini bitirən şagirdlər ən azı bir xarici dildə ünsiyyət saxlaya bilərlərsə, rus dili bölməsinə bu qədər axın olmayacaq. Təhsil Nazirliyi xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsinə diqqət ayırmalıdır. Ölkədə 152 min müəllim var, xarici dil müəllimlərinin sayı təqribən 20-25 min nəfərdir. Bu qədər müəllimdən heç 500 nəfəri tədris etdiyi fənnlə normal ünsiyyət saxlaya bilmir. Nəinki şagiirdlər, hətta xarici dil ixtisasları üzrə diplom alan tələbələr də həmin dillərdə normal ünsiyyət qura bilmirlər. Problemlərin kökü bununla bağlıdır”.

Qeyd edək ki, Şahlar Əsgərovun ibtidai təhsilin yalnız ana dilində olması ilə bağlı təklifinə Təhsil Nazirliyində necə yanaşılması da maraq doğurur. Amma Nazirliyin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. 

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1948