hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Razi Nurullayev: "Əli Kərimlinin 30 ildə apardığı siyasət uğursuz siyasətdir" - VİDEO

Razi Nurullayev: "Əli Kərimlinin 30 ildə apardığı siyasət uğursuz siyasətdir" - VİDEO

AZXEBER.COM-un təqdimatında yayımlanan "Onun 10 cavabı” rubrikasının növbəti qonağı Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev olub.

Razi Nurullayev müxtəlif KİV-lərdə çalışan jurnalistlərin ona ünvanladığı 10 sualı cavablandırıb.

Cebhe.info həmin müsahibəni təqdim edir:

1. İsmayıl Rafiqoğlu

- Razi bəy, "Siyasətçi jurnalisti sevmir, jurnalist də siyasətçini” kimi bir deyim var. Bu ifadədə bir həqiqət var, çünki bir çox halda jurnalist siyasət əhlindən istədiyi sualın doğru cavabını ala bilmir. Siyasətçi çox vaxt özünə divident gətirən cavabı verir. Bəs sizin jurnalistlərdən nə kimi narazılığınız var? Heç bir çətinlik duymadan həmişə açıqlama verdiyiniz neçə jurnalist var? Adlarını sadaya bilərsiniz? 10 ballıq şkala ilə qiymətləndirsək, media ilə münasibətdə nə dərəcədə səmimisiniz?

- Mənim media ilə münasibətlərim hər zaman səmimi olub. Bu günə qədər bir media nümayəndəsinə də etiraz bildirməmişəm. Heç kimin sualından qaçmamışam. Belə deyim ki, mənim jurnalistlərdən narazılığım yoxdur. Mənə elə gəlir ki, əslində jurnalistlərin də məndən narazılığı olmamalıdır. O ki qaldı siyasətçi jurnalisti, jurnalist siyasətçini xoşlamır ifadəsinə, mən belə deməzdim. Siyasətçilərin jurnalistlərdən xoşu gəlir, çünki onların aynası jurnalistlərdir, onları cəmiyyətə təqdim edən jurnalistlərdir. Mən bütün jurnalistlərə səmimi cavab verə bilirəm. Xüsusi seçdiyim, daha yaxından münasibətim olan jurnalistlər ola bilər. Amma mənim üçün bütün jurnalistlər bərabərdir. Buna görə də, xüsusi ad çəkə bilməyəcəm.

2. Mirismayıl Xələfli

- Razı bəy, seçicilərinizlə sonuncu dəfə nə vaxt görüşmüsünüz və onların hansı problemlərini həll etmisiniz?

- Seçicilərimlə sonuncu dəfə dünən görüşmüşəm. Demək olar ki, mən hər gün seçicilərimlə görüşürəm, hər gün onların problemləri ilə məşğul oluram. İki gün öncə isə mən seçildiyim İmişlidə səfərdə olmuşam. Onlarla seçicini qəbul edib dinləmişəm. Mən hər gün onların problemləri ilə məşğul oluram. Elə bu gün səhər sizin verilişə gəldikdən əvvəl Parlamentə getdim. Çünki mənə müraciətlər olmuşdu. Bakı İqtisad Məhkəməsinin sədri ilə danışdım. Bir seçicimin ona ərizəsini göndərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin bir müavininə zəng vurub danışa bilmədim, onun "votsap"ına şikayətçinin məktubunu göndərdim. Şikayətçilərin məktublarını müvafiq istiqamətlərə göndərdim. Bu şikayətçilər arasında şəhid ata-anası da var idi. Ümid edirəm ki, yaxın günlərdə onların problemi həll olunacaq. Bu gün yazdığım 19 problem var ki, mən gün ərzində bütün görəcəyim işləri yazıram və indi buradan çıxandan sonra da gedib seçicilərin həmin problemləri ilə məşğul olacağam. Onlar çoxdur, mən onları bir-bir sadalaya bilmərəm. Bunlar sadəcə bu gün səhər gördüyüm işlərin bir qismi idi. Ümumilikdə, gün ərzində vətəndaşların problemləri ilə məşğul oluram.

3. Rahil Sayadoğlu

- Deyilənə görə, Razi Nurullayev bir neçə dil bilir. Bəs görəsən xalqın dilini bilirmi?

- Mənim xalqın dilini bilib-bilməməyimi yalnız seçicilərimdən soruşa bilərsiniz, bunun cavabını onlar deyə bilər. Mən çalışıram ki, insanlarla dil tapım. Mənə kifayət qədər çox müraciətlər olur. Bütün Azərbaycandan müraciət edirlər. Hətta bəzən mən başqa deputata gələn məktubu alanda mən ona yönləndirirəm. Onlar istəyirlər ki, mən də onlara aid olan prolemlərlə məşğul olum. Buna görə də, mənim partiyama üzv olurlar. Sonra partiya üzvü kimi mənə müraciət edirlər. Yəqin ki, az da olsa xalqın dilini öyrənə bilmişik.

4. Mübariz Əhmədov

- Yalnız Bakıda 500 mindən artıq sənədsiz - çıxarışsız şəxsi ev var. Onların sənədləşdirilməsinə konkret olaraq kim mane olur? 2-ci sual. Hazırda Kənd təsərrüfatı təyinatlı torpaqlarda insanlar 3-4 sot torpaq alaraq ev tikiblər. Nazirlər Kabinetinin bu torpaqların təyinatını dəyişdirməməkdə maraqı nədir?

- Bu suaıa görə təşəkkür edirəm. Bu gün 9-un yarısı mən binamızın qarşısında idim. Bir nəfər mənə yaxınlaşaraq bildirdi ki, Razi müəllim, mən Biləcəri qəsəbəsində 18 il bundan öncə 6 sot torpaq almışam və bələdiyyə sənəd verib ki, mən orada ev tikim. Mən indi burada "Kiyev” layihəsindəki binada yaşayıram, toyda, yasda qohumlarım gələndə mən onları evdə yerləşdirə bilmirəm. İstəyirdim orada kasıb büdcəmlə bir ev tikim, qohumlarım da gələndə orada yaşaya bilsinlər. Amma 18 ildir ki, mən kupça ala bilmirəm. Xahiş edirəm, bu məsələni Parlamentdə səsləndirin. Çünki Prezident bu günə qədər bir neçə dəfə deyib ki, sənədsiz evlərlə bağlı problemlər həll olunsun. Açığı, çox ağrılı bir məsələdir ki, niyə bunun həlli yolu tapılmır.

Azərbaycanın bütün ərazilərində 100 minlərlə sənədsiz evlər var. Burada vətəndaş günahkar deyil. Onlar müəyyən rüşvət müqavilində, kimlərəsə pul verib ev tikirlər. Həmin evlər sənədləşdirilməlidir. Qaldı ki, Kənd Təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməməsinə, bu da ədalətsizdir. Çünki onsuzda həmin torpaqlar evlərlə bəzədilib. Bakı eybəcər bir şəhərə çevrilib. Bakının sağından-solundan, harasından olsa şəhərə daxil olsan, görərsən ki, şəhər bir xaotik tikiliyə çevirilib. Bakı gecəqondulardan ibarətdir. Bakının harası gözəl oldu? Bakıda ərazi qalmayıb, hər yerdə balaca-balaca evlər tikilib. İnsanlar 5 sot torpaq alıb 6 ev tikib. Bu problem aradan qaldırılmalıdır. Evlərin çıxarışları verilməlidir ki, nə vaxtsa o evlər söküləndə də onlar kompensasiya ala bilsinlər. Onlar da gözəl şəraiti olan evlərə köçürülməlidir. Mən bu məsələni yaxın günlərdə Parlamentdə qaldıracam.

5. Ülviyyə Zülfüqarova

- Sabiq deputat Etibar Huseynov Şuşaya, Ağdama ve Kəlbəcərə girişin pullu olması ilə bağlı müzakirələrə səbəb olacaq təklif irəli sürdü. Bəs sizin bu təkliflə bağlı fikriniz necədir?

- Mən bu təklifi zarafat kimi qəbul edirəm. Çünki bu təklif ciddi ola bilməz. Əgər ciddi deyilibsə də, qüsurludur. Necə yəni, biz ərazilərimizi 30 il gözləmişik ki, işğaldan azad edək, indi də pul verib ora gedək? Bu, bir az gülməlidir. Mənə elə gəlir ki, bu məsələləri zarafata salmaq olmaz. Bu, çox ciddi məsələdir. Xalqın öz torpağıdır, elidir, obasıdır, atasının, babasının yurdudur. Xalq öz torpağına, ata-baba yurduna niyə pul verib getməlidir? Təbii ki, hər kəs pulsuz gedəcək. Bunun müzakirəsi belə standartdan kənardır.

6. Nicat Novruzoğlu

- Bildiyimiz kimi, bu yaxınlarda bir neçə partiya YAP-a qoşuldu. Razi müəllimin rəhbəri olduğu partiyanın belə bir addım atacağı gözlənilir? Yaxud da onlara qoşulmaq üçün hər hansı bir partiyadan təklif alıblar?

- Xeyr, belə bir məsələ gözlənilmir. Mümkün də deyil. Çünki bizim müxtəlif məsələlərə baxışlarımız fərqlidir, Azərbaycanda siyasətin aparılması ilə bağlı. Bir çox məsələlərdə təbii ki, dövlətçiliklə, Azərbaycanın inkişafı ilə bağlı, xarici qüvvələrlə, Qarabağla bağlı fikirlərimiz üst-üstə düşür. Burada bir problem yoxdur. Ancaq bizim birləşmək kimi fikrimiz yoxdur. Bunu heç müzakirə də etmirik, müzakirəsi lüzumlu da deyil.

7. Aytən Sakitqızı

- 5 illik bəyannaməyə əsasən, Rusiya sülhməramlılarının Azərbaycan ərazisində yeləşdirilməsi birmənalı qarşılanmadı. Hətta zaman-zaman rus əsgərləri açıq aydın öz mövqelərini sərgiləyərək emənipərəst ideologiyalarını nümayiş etdirdilər. Ümumiyyətlə, sülhməramlı adı altında mövqe sərgiləmək və müharibə şəraitində olan iki ölkənin sərhədini aidiyyatı olmayan digər ölkənin əsgərlərinin qoruması nə dərəcədə düzgündür?

- Təbii ki, Azərbaycan xalqı rus sülhməramlılarının ərazidə olmasını qəbul etmir. Onlara isti yanaşa da bilmir. Bu da rusların Azərbaycanın ərazi bütövlüyünə və Ermənistana göstərdiyi münasibətlərdən qaynaqlanır. Amma nəzərə alaq ki, biz öz xoşumuzla könüllü olaraq rus sülməramlılarının ora yerləşdirilməmişdik. Bəzən 3 pis variant olur. Sən həmin 3 variantdan daha yaxşısını seçməli olursan. Elə bu məsələyə də bu şəkildə yanaşaq.

8. Günel Hüseynli

- Razi bəy, vaxtilə AXCP-də Əli Kərimlinin müavini idiniz. Sonra oradan ayrıldınız. Buna səbəb nə oldu? O partiyada olmağınızı səhviniz kimi qəbul edirsiniz?

- Mənim bu günə qədər elə ciddi səhvlərim olmayıb. Səhvlər olanda da ondan dərs çıxarmağa çalışmışam. Amma kimsə haradasa olmalıdır, haradasa nəsə öyrənməlidir, orada səhv də etməlidir və sonra düzgün yola qayıtmalıdır. Hər kəsin səhvi olur və sonradan düzgün yola qayıtmağa çalışır. Bu, insan psixologiyasıdır, insan davranışıdır. Yeganə ideal olan, səhv etməyən Allahdır. Bəndə də səhv etməsə, Allahın məqamına göz tutmuş olar.

Mən düşünürəm ki, bir insan özündə potensial hiss edirsə, daha yaxşı işləyə bilər. Məsələlərə fərqli mövqeyi, fərqli yanaşması varsa, demək ki, o insan öz ayağı üstə dayana bilirsə, fərqli siyasətini aparmalıdır.

Əli Kərimlinin apardığı siyasət 30 ildə uğursuz siyasət idi. Bu gün də bunun şahidi olduq. Nə üzvlərə, nə ətrafına yaxşı bir şey edə bilir. Çünki xalqın bildiyi şeyləri hər gün təkrar etmək, tənqid etmək, hamını ağ-qara görmək, göz yaşı tökmək, sinəsini cırmaq, özünə cırmaq atmaq və s. belə şeylər siyasətdə qəbul olunmazdır.

Siyasətin əvvəli olduğu kimi, bir sonu da olmalıdır. Amma orada olan siyasətin sonu görünmür. Hər şey pis, seçkilərdə iştirak yox, hər zaman baykot, onda siyasi partiya olmanın nə anlamı var, hər zaman baykot edəcəksənsə? Belə çıxır ki, bunların tutduğu yol inqilabi yollardır. Bunlar seçki yolu ilə yox, inqilabi yollarla hakimiyyətə sahiblənmək istəyirlər. Bu isə qəbuledilməzdir. Əgər hər hansı bir seçkidə, Azərbaycanın demokratiyasında, siyasətində problem olsa belə heç zaman inqilabi yola əl atmaq olmaz. Hər şey qanun çərçivəsində, konstitusiya çərçivəsində olmalıdır. Biz də istiyərdik ki, bizim partiyamız hakimiyyətdə olsun. Biz seçkilərdə qalib gələk və bunun üçün ancaq qanuni üsullardan istifadə etmək niyyətindəyik və hər zaman da bu niyyətimiz olub. İnsan kənar təsirlərə düşməməlidir. Mən orada bir nəticə görmədim. Onlarda artıq geriləmə gedir, repressiya gedir. Onun yürütdüyü siyasətin nəticəsi yoxdur, gələcəkdə də olmayacaq. Hər kəsin yolu açıq olsun, amma onların yolu doğru yol olmadı. Bu gün də biz buna şahidlik edə bilirik.

9. Aydın Nuri

- Razi bəy, yol polisini kəskin tənqid etmişdiniz. Məsələnin sonu necə oldu? Barışdınız?

- Məsələ barışmaqda deyil. Mən hər hansı bir fərdlərlə mübarizə aparmırdım. Yaxud da mənə qarşı hər hansı polis işçisi kobudluq edib, polis qanunun pozubsa gedib onu işdən çıxartdırmaq deputata yaraşan hal deyil. Mən bu əqidənin sahibi deyiləm. Mənim o məsələni ictimailəşdirməkdə məqsədim ümumən yol polisinə diqqət çəkmək idi. Müəyyən məsələlər var ki, onlar düzəldi və düzəlməkdə də davam edir. Amma mən düşünürəm ki, bu sahədə hələ görüləsi çox işlər var. Daxili İşlər naziri Vilayət Eyvazov müəyyən xoş addımlar atıb, yeniləmələr edib. Yol polisinin özündə də müəyyən islahatlar gedib. Gec də olsa, reallığı dərk ediblər, gec də olsa yaxşılıqlar görünür, məsələn qanun pozuntusu olmasa, sürücünü saxlamırlar. Düzdür, hələ də bəziləri var ki, müəyyən qanunsuz yollarla sürücülərdən nəsə almaq istəyir. Bu hallar hər yerdə var, burada da var. Amma ümid edirəm ki, bunlar da get-gedə azalacaq.

10. Aydın Nuri

- Razi bəy, bir neçə il öncə ailənizlə ağır qəza keçirdiniz. Həmin qəzanı necə xatırlayırsız? O qəza sizdən nələri aldı?

- O qəza çox fəlakətlər törətdi. Həm yoldaşım, həm də özüm onun əzabını hələ də çəkirik. Qəzadan sonra sonuncu əməliyyatımız bir il öncə oldu. Buna görə heç onu unutmağa vaxtımız olmadı. Mənim başım zədələnmişdi. Beynimdə dil biliklərim var. Bundan sonra fransız və alman dillərimdə problem yarandı. Yaddaşımda müəyyən problemlər yarandı. Diqqətimin formalaşmasında, fokuslanmasında problemlər oldu. Bütün bunlar yavaş-yavaş aradan qaldırılır. Amma hələ də onun ağrılarını yaşamaqdayıq. İnanıram ki, bir neçə ilə biz onu tam unuda bilərik. Bunu unutmaq üçün də canımızda olan ağrı çıxmalıdır, yaralar sağalmalıdır və bundan sonra biz onu tam unuda bilərik.

Cebhe.info


Oxunma sayı: 5270