hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Qarabağ klanına açıq savaş: Üç məşhur erməninin bir düşməni “DQR” rəhbərliyində

Qarabağ klanına açıq savaş: Üç məşhur erməninin bir düşməni “DQR” rəhbərliyində

Dağlıq Qarabağdakı qondarma rejimin yeni rəhbəri Araik Arutunyan xuntanın keçmiş "müdafiə naziri" Samvel Babayanla əməkdaşlıq haqqında saziş imzalayıb.

Yaxın vaxtlarda Arutunyanın yeni formalaşdıracağı "komanda"sında Samvel Babayana post təklif edəcəyi gözlənilir. Bu hadisə Dağlıq Qarabağdakı ermənilər arasında ciddi rezonansa səbəb olub. Çünki Qarabağ klanı tərəfindən "vurulmuş" adam sayılan Samvel Babayanın yenidən qondarma rejimin rəhbərliyinə gətirilməsi ermənilər üçün inandırıcı görünmür.

Ermənistan mətbuatının yazdığına görə, A.Arutunyan onu işğalçı rejimin qondarma Təhlükəsizlik Şurasının katibi təyin edəcək. O, bu postda Vitali Balasanyanı əvəz edəcək. Sözügedən olay həm Ermənistan hakimiyyətinin Qarabağ klanı ilə münasibətləri, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından bir sıra ciddi mesajlar verir.

Belə ki, Araik Arutunyan Samvel Babayanla müttəfiqlik qurmasını Qarabağ erməniləri arasında bir barışıq missiyası kimi qələmə verməyə çalışır. Lakin erməni analitiklər bu "sülh"ün əslində yeni parçalanmaya gətirb çıxaracağını proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan ərazilərinin işğalında fəal iştirak edən S.Babayan 1995-1999-cu illərdə qondarma rejimin “müdafiə naziri” olub. Xüsusilə də Laçın dəhlizinin açılması və Şuşanın işğalı əməliyyatlarında S.Babayan terror dəstələrinə rəhbərlik edib. 2004-cü illərdə qondarma rejimin keçmiş başçısı Arkadi Qukasyanı silahlı yolla devirmək cəhdinə görə həbs edilən S.Babayan 14 il azadlıqdan məhrum edilib. Lakin cəzasının 4,5 ilini çəkdikdən sonra onu azadlığa buraxıblar. Moskvada yaşayan S.Babayan 2016-cı ilin aprel döyüşlərindın sonra Ermənistana qayıdıb. Lakin o zaman prezident olan Serj Sarkisyan Babayanı Gürnüstan sərhədindən qaçaqmalçılıq yolu ilə silah gətirdiyinə görə yenidən həbs etdirib. 2018-ci ildə Ermənistanda "məxməri inqilab" baş verdikdən sonra hakimiyyətə gələn Nikol Paşinyan S.Babayanı azadlığa buraxıb. İndi Paşinyana yaxınlığı ilə seçilən A.Arutunyanın S.Babayanla ittifaqa getməsi onun Köçəryan-Sarkisyan rejiminə qarşı alternativ güc mərkəzi yaratmaq planından xəbər verir. Çünki S.Babayan həm Robert Köçəryanla, həm Serj Sarkisyanla, eləcə də onların əlaltısı olan, rejimin sabiq rəhbəri Bako Saakyanla düşmən münasibətdədir. Ona görə də bu siyasi sifarişin İrəvandan gəldiyi şübhə doğurmur.

Sözügedən saziş yəqin ki, Qarabağ klanının R.Köçəryana yaxın nümayəndələri ilə Arutunyan arasında ziddiyyətləri artıracaq. S.Babayanın V.Balasanyanla da münasibətlərinin pisləşəcəyini söyləmək olar. Onların hər ikisi Şuşanın işğalında iştirak edib və hərbi xuntada nüfuz rəqabəti aparır. İndi Arutunyanın Balasanyanın yerinə vaxtilə Qarabağa gəlişi qadağan edilmiş Babayanı gətirməsi Qarabağ klanı arasında siyasi çatı dərinləşdiə bilər. Bu isə Nikol Paşinyanın Qarabağ klanını sıradan çıxartmaq üçün yeni taktikası kimi qiymətləndirilər. Eyni zamanda, Paşinyan görünür, Laçının və Şuşanın işğalına başçılıq etmiş Samvel Babayanı yenidən qondarma rejimin rəhbər strukturlarına qaytarmaqla Azərbaycana yeni mesaj vermək istəyir. A.Arutunyanın "andiçmə" mərasiminin Şuşada keçirilməsi, Arutunyanın oyuncaq rejimin parlamentinin Şuşaya köçürüləcəyi barədə bəyanatı və nəhayət S.Babayanın yenidən xuntanın aparıcı strukturlarına qaytarılması Ermənistanın Dalıq Qarabağ probleminin həllində heç bir güzəştə getməyəcəyinə işarədir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 23200