hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Qalib qazi niyə intihar edir? - “Ölüm qorxusunu aşmış insanın bu davranışı…” - PSİXOLOQ

Qalib qazi niyə intihar edir? - “Ölüm qorxusunu aşmış insanın bu davranışı…” - PSİXOLOQ

Müharibədə günlər yox, hətta dəqiqələr də daha dəyərli olur.

Ondan da dəyərlisi orada qazanılan dostluqlardır. Əsgər yoldaşı, yaxud yaxın dostunun müharibədə şəhid olması o qədər ağrılı olur ki, insan bəzən ağlını belə itirə bilər.

Azərbaycan İkinci Vətən müharibəsindən qalib çıxdı. Amma müharibənin acı nəticələri yaddaşlarda həmişə silinməz iz buraxır. Xüsusilə də qazilərimizin psixoloji vəziyyəti və intihar xəbərləri onlara lazımı şəkildə psixoloji dəstək və yardımların göstərilmədiyini söyləməyə əsas verir.

İkinci Qarabağ müharibəsindən təxminən iki ay sonra Azərbaycanın bir hərbi qulluqçusu müalicə aldığı psixiatrik xəstəxanada, digər bir hərbi qulluqçu isə evində intihar edib. Yardımlı rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.

Daha sonra İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev Bakıda müalicə aldığı hərbi hospitalda intihar edib. Ardınca Daşkəsən rayonunun Pirverdilər kəndində, Vətən müharibəsi iştirakçısı, 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib. O, intihardan öncə ailə üzvlərinə məktubunda "Oğlum və qızım, sizi çox sevirəm. Məni bağışlayın" sözlərini yazıb.

Əsgər F.Həsənov Vətən müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Vətən Müharibəsi qazisi Yunis Mənsurov isə yanvar ayının 7-də intihar edib. 24 yaşlı Yunis Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayırmış. Döyüşlər başlayanda könüllü cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında aktiv iştirak edib.

Dekabr ayının 30-da isə tərxis olunub və ailəsinin yanına qayıdıb. Yaxınları bildirirlər ki, onun hansı səbəbdən intihar etməsi məlum deyil. Mayın 5-də Vətən müharibəsinin daha bir iştirakçısı, leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib. Ucarın Qaracallı kəndindən olan leytenant Nəbizadə Rüfət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib.

Qazilərimizi intihara qədər sürükləyən əsas problemlər hansılardır və intiharların qarşısını almaq üçün nə etmək olar?

Cebhe.info-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı bildirib ki, müharibədə iştirak edən insanların psixoloji vəziyyəti həqiqətən də çox geniş və mürəkkəb mövzudur:

“Çünki hər bir insan individualdır. Bu individuallığa uyğun olaraq da psixoloji durumu var. Psixoloji durumla bağlı hər bir insanın hadisələrə reaksiyası fərqli olur. Həmin reaksiyadan da travmaları olur. Müharibədə nə var? Müharibədə ölüm var. İnsanlığın yaranmış ən böyük fobiyası - ölüm qorxusu var. Ölüm var, qan var. Bütün bu dəhşətlərlə yaşamaq və onlara alışmaq var. Bu, kənardan göründüyü kimi asan deyil. Kənardan göründüyü kimi olmadığı üçün onun içində yaşayanların travmaları, psixoloji sarsıntılarını da hər kəs başa düşə bilməz. Psixoloji cəhətdən həssas insanlar var ki, bu travmaları həzm etmək üçün onlara zaman lazımdır. Bu sarsıntılar onların yuxusuna belə girəcək, kabus görəcəklər, bu kabusa görə bir neçə gün özlərinə gəlməyəcəklər”.

Psixoloqun sözlərinə görə, müharibədə sağ qalmış insanların sosial adaptasiyası, cəmiyyətdə öz yerlərini yenidən tutması rahat və asan deyil:

“Bunlar müharibə cəhənnəmi görüb gəlmiş insanlardır. Bu cəhənnəm onlara nə göstərdi, nə öyrətdi? Həyata baxışlarında nə dəyişiklik etdi? Bunlar çox önəmlidir. Çox təəssüf ki, bu vəziyyət həssas insanlarda intihara gətirib çıxarır. Bu insanlar bəzən günahkar olmadıqları halda özlərini günahkar hiss edirlər. Silah yoldaşlarının ölümündə, hər hansı bir hadisədə özlərini günahkar sayırlar. Onlar bununla yaşaya bilmir və bu səbəbdən intihar edirlər. Ölüm fobiyasını aşmış insanların intihar etməsi tez-tez rast gəlinən hallardan biridir”.

Fərqanə Mehmanqızı bildirib ki, bu insanlarda vicdan hissi, hər dəfə ölüm qorxusuyla üz-üzə gəlmək, dostlarının qollarında şəhid olması, yaxud “mən əsgər yoldaşımı qoruya bilmədim, amma qoruya bilərdim” düşüncəsi yaranır. Səhv də olsa, onlar məsələyə məhz belə yanaşırlar. Bunun ağırlığı, travmasını götürə bilmirlər. Qazilərimizin psixologiyası bu vəziyyətdə o qədər pozulur ki, bütün bunları düşünüb intihar edirlər. Aldıqları psixoloji sarsıntılardan intihara meyil edirlər. Ona görə də qazilərlə, müharibədən sağ çıxmış insanlarla xüsusi qaydada psixoloqlar, psixoterapevtlər, psixiatrlar işləməlidir. Onların bütün həyata baxışlarını dəyişərək, həyata motivasiyasını qaldıraraq sosial cəmiyyətə adaptasiyasını asanlaşdırmalıdır”.

Ülviyyə Mirzəyeva
Cebhe.info


Oxunma sayı: 4533