hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Qafqaz üçün İŞİD təhlükəsi: GƏLİRLƏR?

Qafqaz üçün İŞİD təhlükəsi: GƏLİRLƏR?

İŞİD terror təşkilatı bütün zamanlarda dünya üçün böyük təhlükə hesab olunub. 

Hazırda İŞİD-in ciddi fəaliyyəti olmasa da, amma bu qurum hələ də varlığını qoruyur. Bu isə təhlükənin davam etdiyi anlamına gəlir. Nəzərə alsaq ki, İŞİD terror qruplaşmasında bir çox ölkə vətəndaşları var, bu isə bu təhlükənin hər bir dövlət üçün aktual olduğunu deməyə əsas verir. 

Maraqlıdır ki, İŞİD-çilərin Suriyadan çıxarılaraq başqa bölgələrə aparılması ilə bağlı müxtəlif informasiyalar yayılır ki, burada isə əsas rol ifaçısı kimi Amerika Birləşmiş Ştatları (ABŞ) təqdim olunur. Son məlumatlara görə ABŞ Suriyanın Əl-Cəzirə bölgəsində tutulan yüzlərlə İŞİD terrorçusunu İraqa aparır. Amerikalıların bir sutka ərzində Hesekinin cənubundakı Əl-Malikiyə və Əl-Şəddadi şəhərlərindəki həbsxanalardan 230 İŞİD-çini apardığı qeyd olunur. Bu cür informasiyaların yayıldığı bir vaxtda, Rusiyanın müdafiə naziri Sergey Şoyqu da İŞİD terrorçuları ilə bağlı xəbərdarlıq edib. S.Şoyqu bildirib ki, buna səbəb Türkiyənin Suriyadakı hərbi əməliyyatlarıdır:

"Suriyada İŞİD terror təşkilatı üzvlərinin saxlanıldığı 12 həbsxana nəzarətsiz qalıb. Bu, terrorçuların öz vətənlərinə qayıtmasına zəmin yarada bilər. 12 həbsxana ilə yanaşı, qaçqınlar üçün 8 düşərgə də tam nəzarətsiz qalıb. Terrorçuların mümkün hərəkətlərinin qarşısını almaq üçün dünya birlik nümayiş etdirməlidir”.

Xatırladaq ki, bundan əvvəl də İŞİD-in Cənubi Qafqaz üçün təhlükə olması ilə bağlı müxtəlif məlumatlar yayılırdı.

Maraqlıdır, Şoyqunun təhlükə xəbərdarlığı Azərbaycan üçün də keçərlidirmi? 

Politoloq Natiq Miri “Cümhuriyət” şərhində İŞİD təhlükəsinin olduğu bölgələr barədə danışıb. N.Miri hesab edir ki, Türkiyənin bu məsələ ilə bağlı üzərinə götürdüyü öhdəliyi var:

“Təbii ki, Azərbaycandan İŞİD terror qruplaşmasında iştirak edən insanlar var. O insanlar hələ də Suriyada PKK-nın nəzarəti altında olan həbsxanalardadırlar. Ola bilsin ki, müəyyən kiçik qruplar halında İraqın Suriya ilə şimal sərhədində, Suriyanın şimal sərhəddində, xüsusilə də Fərat çayının Şərq sahilində hələ də Azərbaycan vətəndaşları var. Türkiyənin bu istiqamətdə üzərində götürdüyü öhtəlik var ki, əməliyyat çərçivəsində həbsxanalardakı İŞİD terrorçuları məhkəmə vasitəsilə ayırd ediləcək və öz ölkələrində danışıqlar vasitəsilə göndəriləcək. Bu məsələnin birinci tərəfidir. Öz ölkəsinə qaytımaq istəməyən terrorçular da ola bilər, onlar isə Türkiyənin nəzarətində yenə də həbsxanalardan saxlanılacaq”.

N.Mirinin sözlərinə görə İŞİD-in ölkələr üçün potensial təhlükə olması yeni məsələ deyil: 

“Zaman-zaman qeyri-qanuni yollarla necə ki, Azərbaycandan gedib İŞİD-ə qoşulmuşdularsa, bu gün də eyni yolla ölkəyə qayıtmağa cəhd edən insanlar var. Bu terrorçular Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən müəyyən əməliyyatlar çərivəsində həbs olunur, onlar barədə cinayət işi qaldırılır. Bu proses heç bir zaman dayanmayıb. Çünki bu məsələ Azərbaycan üçün ciddi təhlükələr vəd etdiyi üçün bu proses ictimaiyyətə açıqlanmasa da, daim aparılır. İndiki şəraitdə İŞİD terrorçularının total səviyyədə fəaliyyətindən danışmaq mümkün deyil. Çünki İŞİD terrorçuları İraqda, Suriyada geniş əməliyyat aparmaq iqtidarında deyillər. 

Onların artıq belə bir gücü yoxdur. Ona görə də düşünmürəm ki, indi kütləvi şəkildə Azərbaycan vətəndaşları bu qrupların tərkibində həmin ərazilərdə vuruşur. Olsa belə, çox məhdud saydadırlar ki, onların da əksəriyyəti hələ də PKK terrorçularının nəzarətində olan həbsxanalardadırlar. Az qismi isə ola bilər ki, hələ də qruplaşmanın içində fəaliyyət göstərir. Onların da Azərbaycan dövlətinə qarşı ciddi təhlükə yarada biləcəklərini düşünmürəm. Ancaq hər bir halda, Azərbaycanın güc orqanları, eyni zamanda cəmiyyət bu istiqamətdə həssas olmalıdır. Çünki bunların əksəriyyəti aldadılmış və başıpozuq insanlardır. Belə insanlar isə Azərbaycan cəmiyyəti üçün hər zaman təhlükə yarada bilərlər”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1662