hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Prezidentlərin mühüm Suriya görüşü: Kim kimi nəyə razı saldı?- ŞƏRH

Prezidentlərin mühüm Suriya görüşü: Kim kimi nəyə razı saldı?- ŞƏRH

“Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü başa çatdı. Bu, Türkiyənin regional maraqlarının qorunması baxımından vacib görüş idi. Türkiyə Suriya sərhədinin 32 kilometr dərinliyini nəzarət altına almaq və bu bölgəni terrorçulardan təmizləmək üçün əvvəlcə Vaşinqtonla razılaşdı. Çünki həmin bölgələrə PKK uzantıları amerikalı hərbçilərlə birgə nəzarət edirdilər. Türkiyə ordusu əməliyyata başladı. Ancaq amerikalı hərbçilər həmin bölgələri tərk etdikdən sonra PKK uzantıları YPG və PYD dərhal ağalarını dəyişdilər və qapılarını Rusiya hərbçilərinə və Əsəd qüvvələrinə açdılar. Başqa sözlə, Amerika Prezidenti Donald Tramp Suriyanın şimalını və PKK uzantılarını rusiyalı həmkarı Vladimir Putinə iadə etdi. Ona görə də bundan sonra Ankara artıq Moskva ilə danışmaq məcburiyyətində qaldı”.

Cebhe.info xəbər verir ki, bunu prezidentlərin görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Ərdoğanın Putinlə bugünkü görüşündə əldə olunan nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar: “Əlbəttə, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı. Birincisi, Ərdoğan “Barış Pınarı” əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah edib. Ərdoğan bir daha Putin bildirib ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, PKK uzantıları 150 saat ərzində Türkiyənin sərhəddindən 30 kilometr uzaqlaşdırılacaq. Türkiyə ilə Rusiya birgə patrul xidməti həyata keçirəcəklər. Hər iki tərəf Suriyada İŞİD terrorçularını təqib edəcək.

İkincisi, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suryalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu, o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bu bölgədə varlığını sürdürə biləcək.

Üçüncüsü, Suriya Konstitusiyasını müəyyənləşdirəcək Komitə 29 oktyabrda toplanacaq. Bu komitənin tərkibi daha əvvəl Rusiya və Türkiyə arasında razılaşdırılmışdı. Komitənin tərkibində Əsəd rejiminin nümayəndələri ilə yanaşı müxalifət təmsilçiləri də yer alıblar.

Beləliklə, Suriyada Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq davam edir. Kreml Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə almış oldu. Mümkündür ki, Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb. Böyük ehtimalla Ərdoğan bu təklifi rədd etməsə də, Dəməşqlə dialoqa başlamaq üçün zamana ehtiyacı olduğunu bildirib”.
Cebhe.info


Oxunma sayı: 1893