hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Paşinyana qarşı güclü cəbhə: Baş nazir dayaqlarını itirir

Paşinyana qarşı güclü cəbhə: Baş nazir dayaqlarını itirir

Ermənistanda koronavirus pandemiyasının qarşısıalınmaz problemə çevrilməsi Nikol Paşinyan hökumətinin nüfuzuna ciddi zərbə vurub.

Baş nazir ölkədə yaranmış vəziyyətlə bağlı ümidverici çıxışlar etməyə çalışsa da, real göstəricilər bunun əksini nümayiş etdirir. Ona görə də son zamanlar Paşinyandan artan narazılıq onun reytinqinə ciddi zərbə vurub. Ermənistanın baş naziri 2018-ci ildə hakimiyyətə gəldikdən sonra öz mövqeyini gücləndirmək üçün, əsasən, iki taktikadan istifadə edib.

O, bütün sahələrdə inqilab edəcəyinə söz verib. Paşinyan bildirib ki, bu inqilabı iki mərhələdə həyata keçirəcək. Birincisi, hakimiyyət orqanlarını korrupsionerlərdən təmizləyəcək. İkinci mərhələ isə iqtisadiyyatda inqilab olacaq. Hətta Baş nazir bu məsələdə bolşeviklərin üsuluna əl ataraq ona müxalif olan bütün siyasi rəqiblərini əksinqilabçı adlandırıb. Paşinyanın digər taktikası isə Ermənistan-Azərbaycan münaqişəsinin həllində sərt ritorik bəyanatlar verməklə danışıqlar prosesinin istiqamətini dəyişdirmək cəhdi olub. Paşinyan “məxməri inqilab”dan sonra siyasi coşqu yaranmış Ermənistan cəmiyyətini Dağlıq Qarabağı müstəqil subyekt kimi danışıqlar prosesinə cəlb edəcəyinə və işğal edilmiş Azərbaycan ərazilərini Ermənistana birləşdirəcəyinə inandırmağa çalışıb.

Lakin qeyd edilən vədlərin böyük əksəriyyətinin reallaşmaması hazırda Nikolun əleyhinə işləyən ciddi amilə çevrilib. Doğrudur, o, hərbi cinayətkarlardan ibarət Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmağa nail oldu. Köçəryan-Sarkisyan rejiminin oliqarxa çevrilmiş rüşvətxor və korrupsioner nümayəndələri vəzifələri ilə vidalaşdı. Hətta onların bəziləri həbs edildi. Buna baxmayaraq, Paşinyanın hakimiyyəti ölkədə ciddi inqilabi dəyişikliklərlə müşahidə olunmadı. Ermənistan cəmiyyəti ilk növbədə, əhali üçün problemə çevrilmiş iqtisadi durğunluğun aradan qalxmasında maraqlıdır. Çünki iqtisadi tənəzzül, əhalinin sosial təminatının aşağı səviyyədə olması və işsizliyin artması, ermənilərin yaşamaq üçün başqa ölkələrə üz tutması 2018-ci ildə baş vermiş “məxməri inqilab”ı körükləyən başlıca amillər olub.

Ancaq Paşinyanın iqtisadiyyatda vəd etdiyi dəyişikliklər ümumi daxili məhsulun artımı barədə hər il səsləndirdiyi şişirdilmiş statistik rəqəmlərdən ibarətdir. Koronavirus pandemiyasının yayılmasından sonra digər ölkələr kimi Ermənistan iqtisadiyyatında inkişafdan və artımdan danışmaq inandırıcı görünmür. Politoloq Viqen Akopyan isə N.Paşinyanın iddialarının həqiqəti əks etdirmədiyini, Ermənistanda faktiki olaraq, iqtisadi tənəzzülün baş verdiyini bildirir. Əvvəllər hansısa bazara daha çox spirtli içki və ya kənd təsərrüfatı məhsulları ixrac edə bilirdiksə, indi bu bazarın olub-olmaması, yoxsa itirməyimiz, ən azı müvəqqəti olması böyük məsələdir. Ona görə də iqtisadi böhranın, büdcənin yenidən bölgüsü və xarici borcun artması müzakirə edilərkən hökumətin parlamentdə söylədiyi 2 faizdən çox olacağına inanıram. Bu, mənim üçün absurd göstəricidir. Çünki Avropa Birliyində ÜDM-in azalması üçün ən aşağı göstərici səhv etmirəmsə, mənfi 6,8 faiz proqnozlaşdırılıb. İqtisadiyyatı turizmin prioritet olduğu sahələrin çox məhdud siyahısına əsaslanan Ermənistanda yalnız 2 faiz azalma proqnozlaşdırılır. Bu hiperoptimizmdir və daha çox 14 faiz azalma olduğu halda, Tiqran Sarkisyanın 2008-2009-cu illərdəki qlobal böhran dövründə 7 faizlik iqtisadi artım proqnozuna bənzəyir. Yəni proqnoz və reallıq arasındakı fərq 21 faiz idi. İndi Almaniyada 7 faiz azalma proqnozlaşdırılırsa, fərqin daha da artacağından qorxuram” - politoloq belə deyib.

Koronavirusa yoluxanların və ölənlərinin sayının artması da N.Paşinyana qarşı ittihamları gücləndirib. Başlıca problem onun pandemiyanın qarşısını almaqda aciz qalmasına baxmayaraq, yalan danışması ilə bağlıdır. Baş nazir Ermənistanda koronavirusla bağlı vəziyyətin nəzarətdə olduğunu, yoluxma hallarının isə azaldığını deyir. Bundan fərqli olaraq, səhiyyə naziri Arsen Torosyanın ölkədə vəziyyətin ağır olması və pandemiyanın nəzarətdən çıxdığını söyləməsi Paşinyana qarşı ciddi ittihamlara çevrilib. Səhiyyə nazirinin baş naziri rəsmi şəkildə təkzib etməsi Ermənistan hökumətində son zamanlar müşahidə olunan fikir ayrılığını dərinləşdirib. İctimai etimadın azalması və hökumət daxilində yaranmış ziddiyyətlər parlamentdə təmsil olunan və olunmayan müxalifətin siyasi mövqelərini gücləndirir. Ermənistan Milli Məclisində Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyanın, eləcə də parlamentə düşə bilməyən Daşnaksütyun İnqilabi Federasiyasının, eks-prezident Serj Sarkisyanın kürəkəni, sabiq diplomat Mikael Minasyanın Paşinyana qarşı hücumlarının artması da baş nazirin reytinqinin aşağı düşməsi və siyasi mövqelərinin zəifləməsi ilə izah oluna bilər. Daşnaksütyun yaydığı bəyanatda Ermənistan hökumətinin koronavirusla bağlı siyasətini tənqid edib. Partiya yaydığı bəyanatında qeyd edib ki, pandemiyaya qarşı mübarizə aparmaqla bağlı aydın strategiya olmadan elan olunmuş fövqəladə vəziyyət nə ictimaiyyət, nə də fövqəladə vəziyyət məhdudiyyətlərini tətbiq edən dövlət orqanları tərəfindən müvafiq ciddiliklə qəbul olunmayıb, qısa müddət ərzində səmərəsiz əməliyyatlara çevrilib.

“Hökumət böhran əleyhinə idarəetmə qabiliyyətsizliyini nümayiş etdirərək, artan daxili və xarici problemləri görməzdən gələrək dar siyasi məqsədləri təqib etməyə davam edir”, - deyə bəyanatda bildirilib. Ermənistan mətbuatının yazdığına görə, hüquq-mühafizə və təhlükəsizlik orqanlarından işdən çıxarılanlar Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanesyanın "siyasi çətiri" altına yığılır və onun yaxın vaxtlarda elan edəcəyi siyasi partiyaya qoşulmağa çalışır. Bu isə yaxın perspektivdə Ermənistanda Paşinyana qarşı hakimiyyətinin daxilindən ayrılmış yeni alternativ siyasi qüvvənin meydana çıxacağını deməyə əsas verir. Mikael Minasyan isə Nikol Paşinyanı brilyant və narkotik ticarəti ilə məşğul olmaqda ittiham edib. Onun sözlərinə görə, Paşinyan Hindistandan gətirtdiyi brilyantı Ermənistandakı zavodlarda cilaladaraq xaricə satır. Bu yolla o, hər il 2-3 milyard dollar pul qazanır. Buna “Facebook” sosial şəbəkəsində canlı yayımda cavab verən Paşinyan isə reketçiliklə məşğul olmadığını deyib.

Göründüyü kimi, inqilabdan sonra Ermənistanda "siyasi mifə" çevrilmiş Nikol Paşinyan indi yeni situasiya ilə üzləşib. Koronavirusun yaratdığı iqtisadi və humanitar böhran onu yeni siyasi reallıqlarla üzləşdirib. Bu vəziyyətdən çıxmağın yolunu o, komandasına hədə-qorxu gəlməklə, kadrları işdən çıxartmaq, deputatları mandatdan məhrum etməkdə görür.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 19130