hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Pandemiya milli birlik yaradır: Müxalifət səfərbər olmağa hazırdır - BİZİM SORĞU

Pandemiya milli birlik yaradır: Müxalifət səfərbər olmağa hazırdır - BİZİM SORĞU

Son dövrlər ölkədə siyasi aktivlik müşahidə olunur.

Xüsusilə də hakimiyyətin təşəbbüsü ilə müxalifət partiyaları ilə keçirilən görüşlər siyasi hərəkətliliyi artırıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlərin artıq müsbət nəticələri də görünür.

Bu proses çərçivəsində qısa zamanda 7 partiya haqqında qərar qəbul olundu. Belə ki, Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası və Müstəqil Xalq Partiyası rəsmi olaraq dövlət qeydiyyatana alındı. Bir neçə gün öncə isə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyanın (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb. Artıq iqtidar-müxalifət təmasları, problemlərin həllində birgə iştirak və digər müsbət məqamlar da hiss olunur.

Maraqlıdır, siyasi partiyalar koronavirusla bağlı hökumətə konkret təkliflər təqdim edibmi?

“Birlik təmin edilməlidir”

Cebhe.info-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, koronavirusla mübarizədə xalq-iqtidar-müxalifət birliyi və həmrəyliyi təmin edilməlidir:

“Əslində bu sualdan öncə verilməli olan sual var. O sual budur ki, müxalifət olaraq iqtidar bu məsələdə sizinlə bir araya gəlməyi və təkliflərinizi dinləməyi təklif etdimi? Əgər bu sualın cavabı olaraq deyiriksə ki, iqtidarın belə bir təklifi yoxdur, o zaman bizim hər hansı təkliflə çıxış etməyimiz öz mənasını itirir. Çünki məntiqi baxımdan nəzərə alınmayacaq təkliflərin irəli sürülməsi zaman israfından başqa bir şey deyil. Necə ki, bu iqtidar son devalvasiya zamanı partiyalardan gələn təkliflərə əhəmiyyət vermədi. İstər Ağ Partiya olarq biz, istərsə də digər müxalif partiyaların rəhbərləri və funksionerləri hər çıxışlarında, hər müsahibələrində belə təkliflərlə çıxış etmişik. Hər dəfə bu sahədəki uğursuzluqlardan sonra bizlər bunun səbəblərini izah etməyə çalışmışıq. Ancaq hər dəfə bu fikirlərə qulaq asılmayıb. Hələ də gec deyil, koronavirusla mübarizədə xalq-iqtidar-müxalifət birliyi və həmrəyliyi təmin edilməlidir. Belə olduğu təqdirdə bu ümumbəşəri bəlaya qalib gələ bilərik. Odur ki, iqtidar bu təkliflərə ciddi yanaşmalı və nəhayət problemlərin həllinə başlamalıdır. Əks təqdirdə bizi ağır günlər gözləyir”.

“Yazılı formada heç bir təklif hazırlayıb göndərməmişəm”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da çıxışlarında koronavirusla bağlı təkliflər verdiyini deyib:

“Hər dəfə mətbuatda çıxışımda koronavirusla necə mübarizə aparılmalı olduğu haqqında danışıram, təkliflərimi səsləndirirəm. Amma konkret olaraq yazılı formada heç bir təklif hazırlayıb göndərməmişəm”.

“Təklifimizə önəm verilmədi”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov da partiya olaraq ayrıca təkliflər vermədiklərini bildirib:

“Amma bir neçə partiyanın iştirakı ilə koronavirusla mübarizə yolları ilə bağlı təkliflərlə çıxış etmişdik. Biz təklif verəndə hələ koronavirus Azərbaycanda ciddi ölçüdə yayılmamışdı. Amma hökumət bizim təkliflərə o zaman önəm vermədi. Yalnız yoluxma çoxalandan sonra, indi-indi bizim təkliflərdə olan bir sıra məqamlar tətbiq olunmağa başlanıldı”.

“Siyasətçilər siyasətlə, həkimlər də virusla məşğul olsunlar”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev isə bildirib ki, sədrləri Razi Nurullayev hər dəfə istər parlament, istərsə də mətbuatdakı çıxışlarında bu məsələyə toxunur:

“Təklif verə bilərdik, təklif vermək asandır. Amma bu gün vətəndaş koronavirusla mübarizəyə mütəxəssislərdən çox siyasətçilərin, qeyri-peşə sahiblərinin cəlb edildiyindən şikayətçidirlər. Bunu hər gün sosial şəbəkələrdə görə bilərik, haqlıdırlar da. Operativ Qərargahın tərkibinə nəzər salmaq kifayətdir. Partiya olaraq biz də bu fikirdəyik. Sədrimiz millət vəkili Razi Nurullayev bu gün bu mövzu ilə bağlı fikrini bildirib. Qeyd edib ki, siyasətçilər siyasətlə, həkimlər də virusla məşğul olsunlar. Qoy virusla bağlı təklifləri bu işin biliciləri, mütəxəssisləri, peşəkarları, virusoloqlar, həkimlər versinlər. Siyasi partiyalar isə işin təbliğat-təşviqat tərəfilə məşğul olsalar daha yaxşıdır. Bu baxımdan partiyamız bu məsələ ilə bağlı hökumətə təklif verməyib. Lakin sədrimiz Razi Nurullayev istər parlamentin iclaslarında, istər mediada məsələ ilə bağlı kifayət qədər çıxışlar edir, fikirlərini səsləndirir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 11320