hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Operativ Qərargaha müraciət edən tanınmış psixoloq: “İnsanların əsəbləri, psixologiyası ilə oynamaq nədir?” - MÜSAHİBƏ

Operativ Qərargaha müraciət edən tanınmış psixoloq: “İnsanların əsəbləri, psixologiyası ilə oynamaq nədir?” - MÜSAHİBƏ

Koronavirusa yoluxma hallarının artdığı son günlərdə əhalini maarifləndirmək, qoruyucu vasitələrdən istifadəni təbliğ etməklə yanaşı, bəzən təşviş yaradan çağırışlara da rast gəlinir.

Hətta ölüm hallarının çox olacağı, meyitlərin küçələrdə qalmaq ehtimalı kimi iddialar ortaya atılır.

Bu üsul pandemiya ilə mübarizədə effekt verər, yoxsa insanları daha da zəiflədib immun sisteminin aşağı düşməsi ilə nəticələnər? İnsanların bu dərəcədə psixoloji basqı altında saxlanılması hansı fəsadlar yaradar?

Bu barədə Cebhe.info-nun suallarını tanınmış psixoloq, “HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlu cavablandırıb:

- Koronavirusla bağlı ölkəmizdə yaranmış durum bəllidir. Bununla bağlı yayılan və insanları qorxuya salan açıqlamalar insanları qoruyur, yoxsa daha da zəiflədir?

- Bu tendensiya edə biləcəkləri ən böyük yanlışdan başqa bir şey ola bilməz. Çünki psixoloji stress faktoru koronavirusun vurduğu zərərdən dəfələrlə daha ağır travma yaradır, zərbə endirir. Təsəvvür edin, koronavirus normal qrip virusudur, sadəcə qripin bir qədər təhlükəli forması sayılır. İnsanlar bu virusa sakit reaksiya versələr, bədən immuniteti daha yaxşı çəkildə onunla mübarizə apara bilər. Amma siz onları qorxudursunuz. Virusun nə dərəcədə öldürücü olduğunu hər dəfə söylədikcə insanların daxilindəki ölüm qorxusunu yüksəldirsiniz. Beləliklə, daxili stress artmış olur və bu da bədəndə kortizol deyilən stress hormonunu yüksəldir. Kartizol hormonunun yüksəlməsi ilə bədənin immuniteti, müdafiə sistemi tamamilə çökür. Bununla da orqanizm xəstəliyə qarşı müdafiəsiz vəziyyətə gəlir, xəstəlik rahat şəkildə hərəkət edir. Yəni, insanları qorxutmaqla əslində onların xəstələnməsini daha da sürətləndiririk. İnsanları qorxutmaq yox, tam əksi - onları motivasiya etmək lazımdır ki, immun sistemləri yüksəlsin.

-Digər ölkələrdə bu məsələ necə tənzimlənir?

- Hər dəfə bizə Avropa təcrübəsi deyirlər. Almaniya, İspaniya, İtaliya ilk başlarda qorxu siyasətini yeritdi. Yadınızdadırsa, videolar paylaşırdılar, müxtəlif məmurlar çıxıb qorxulu, stressli şəkildə danışırdılar. Həmin müddət ərzində yoluxanların və ölənlərin sayı sürətlə artırdı. Amma onlar başa düşdülər ki, vəziyyət daha da pisləşəcək. Buna görə metodu tamamilə dəyişdilər. İnsanları motivəedici şəkildə psixoloji maarifləndirməyə getdilər, qorxu xofundan çıxartdılar, qorxu pərdəsini üzərlərindən artdılar. Sürətli şəkildə yoluxanların və ölənlərin sayında enmə müşahidə edildi, sağlanların sayı artdı. Konkret olaraq, bu gün onlar statistikanı aşağı sayda saxlaya bilirlər. Niyə? Çünki onlar artıq qorxu siyasətindən imtina etdilər. Amma biz bu gün belə davam etdikcə, yoluxan və ölənlərin sayı artacaq, sağalanların sayı azalacaq. Azərbaycanda iki günlük sərt karantin tətbiq olunana qədər yoluxma sayı 120-130 arasında dəyişirdi və hökumət sərt karantinə getdi, şənbə, bazar günlərini tamamilə qapatdı. Bundan sonra yoluxma sayı 300-ün üzərinə çıxdı. İkinci dəfədə yoluxma 400-ə qalxdı. Daha sonra uzun müddətli, 2 həftəlik karantin elan edildi, bu gün də onun nəticəsi olaraq yoluxmalar 600 civarındadır. Yəni, qorxu immunitetini tamamilə çökdürür, insanlar xəstəliyin qarşısında aciz qalırlar. Bədən heç bir mübarizə aparmır. Bu da gətirib o yerə çıxarır ki, yoluxma da, ölüm də artır. Bu metod təcili şəkildə dəyişməli və insanlar qorxudan çıxarılmalıdır.

- İnsanlar hazırda bu hadisələrə necə reaksiya verir? Psixoloji olaraq çöküblər, yoxsa başqa vəziyyəti müşahidə edirsiniz?

- İnsan psixikasında istənilən halda müdafiə forması var ki, bu da 3 yerə bölünür. Birincisi, qaçma, ikincisi savaşma, üçüncüsü isə donmadır. İnsanlar ilk dəfə bundan qaçdılar. Bu problemi qəbul etmək istəmədilər. İkincisi, savaşdılar, qorxu onları savaşa sövq elədi, amma həm də bu qorxu onları içdən yeyib bitirdi. İnsanlar artıq üçüncü reaksiya dönəmindədirlər. Biganələşməyə başlayıblar. Şüurun müdafiə funskiyası var. İnsan həddən artıq təşviş keçirirsə, alt şüur onu bizim üçün bloklayır. Onu düşünməməyə çalışır. İnsanlar da artıq düşünür ki, ölərəm, ölərəm, qalaram, qalaram. Bu düşüncə ilə həm daxili stress yaşayır, eyni zamanda özünü inanmırmış kimi, laqeyd göstərir. Bu da ən qorxulu perioddur, insanın təslim olma durumu sayılır.

- Bu, digər xəstəlikləri olan insanların psixologiyasına da təsir edə bilərmi?

- Dünyanın bir çox həkimləri deyib ki, koronavirus təkbaşına öldürücü deyil. Virus sadəcə, bədəndə olan xroniki xəstəliyin ölüm yaratmasına səbəb ola bilər. Amma bizdə ölümün üzərinə yazırlar ki, koronavirusdan öldü. Koronavirus təkbaşına insanı öldürmür. Koronavirus hansısa xroniki xəstəliyin daha təhlükəli hala gəlməsinə səbəb olur. Bir misal var, deyir, adam var ki, xərçəngdən sağalır, adam var ki, qripdən ölür. Səbəb nədir? Xərçəngdən sağalan insan sağalacağına inanır. Qripdən ölən o adamdır ki, öləcəyinə inanır və ölür. Psixoloji cəhətdən məğlub olan kimi bədən mübarizəni dayandırır.

- Bununla bağlı 1 ay öncə sizinlə söhbət zamanı qeyd etmişdiniz ki, koronavirus mövzusunda heç bir maarifləndirmə işi görülmür. O vaxtdan indiyə nəsə dəyişibmi?

- Hazırda da heç bir maarifləndirmə tədbiri görülmür. Operativ Qərargah hər dəfə qərar verir, amma o qədər ekspertin içində bir psixoloq yoxdur.

- Siz özünüz bununla bağlı Qərargaha müraciət etmisinizmi?

- Bəli, məlumat göndərmişəm. Bildirmişəm ki, qərar verirsiniz, amma insanların psixologiyasını nəzərə almadan verdiyiniz qərar əks-təsir göstərir. Özləri etiraf etdi ki, iki günlük karantin əks-təsir göstərdi. Amma o sərt karantinlə bağlı elan çıxandan mən deyirəm ki, əks -effekt verəcək, bunu etməyin. Adamlar qərar verir, nəticəni görəndən sonra deyirlər ki, elədik, olmadı. Bunu ekspertlər birinci olaraq deyirdi də.

- Sosial şəbəkələrdə də çox görürük, insanlar inanan və inanmayanlar deyə qruplara ayrılıb. Baxmayaraq ki, artıq hər kəsin yaxın çevrəsində yoluxma, hətta ölüm faktı var.

- İstənilən mövzuda bu cür şayiələr olub, olacaq. Çünki şayiələrin yayılması müzakirə olunan bir mövzuda qaçınılmazdır. Məhz Operativ Qərargahın vəzifələrindən biri də odur ki, o cür şayiələrin yaranmasının qarşısını alsın. Amma şayiələrin yaranmasına bilavasitə rəvac verilir. Baş infeksionist çıxıb elə şey deyir ki, bunun heç bir elmi əsası yoxdur. Sonra tamamilə əksi olan bir şey deyir. Belə bir ciddi vəziyyətdə insanların bu cür əsəbləri ilə, psixologiyası ilə oynamaq nədir? Baş infeksionist deyir ki, çox da sevinməyin, bu məsələ 3 il davam edə bilər. Bunu necə deyə bilərsiz?! Bu söz məsuliyyətsizlikdən başqa bir şey deyil.

Naibə Məmmədova
Cebhe.info


Oxunma sayı: 17117