hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Neft ölkələrinə “qara bazar” TƏHDİDİ

Neft ölkələrinə “qara bazar” TƏHDİDİ

ABŞ-la Çin arasında tarif mübarizəsi dünya iqtisadiyyatına zərbələr vurmaqda davam edir. 

Artıq müxtəlif təşkilatlar tərəfindən qlobal iqtisadiyyatda geriləmələrlə bağlı  proqnozlar verilir. Proqnozlardan biri də gələn il neft qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Qeyd edək ki, ekspertlər bildirirlər ki, qlobal iqtisadiyyatda geriləmənin baş verməsi neftə olan tələbatı azaldır. Çünki dünya ölkələrində o cümlədən də böyük iqtisadi göstəricilərə malik olan ABŞ və Çində müxtəlif məhsulların istehsalının zəifləməsi,  istehsal və məhsulun daşınması üçün lazım olan enerji ehtiyatlarına tələbatı azaldır. 

Artıq Rusiyanın Energetika naziri Aleksandr Novak, qlobal iqtisadiyyatdakı ləngimə səbəbindən neftə tələbatın düşdüyünü bildirib. "Marja"-nın xəbərinə görə, Novak, Rusiyanın paytaxtı Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində təşkil olunan "Qeyri-sabit bir dünyada enerji asılılığını qorumaq" adlı sessiyada neft bazarlarındakı proseslər ilə bağlı çıxış edib:

"Ticarət müharibələri səbəbindən ABŞ, Avropa Birliyi və Çində baş verən iqtisadi yavaşlama neft tələbinə mənfi təsir edir. Qlobal neft tələbi artımı bu il 2018-ci illə müqayisədə sutkada 500 min barel azalıb".

Bununla belə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan neft istehsalçıları olaraq bazarda bir böhran vəziyyəti görmədiklərinə işarə edən Novak, "Ancaq bazarda böhran vəziyyəti olarsa, neft hasilatını artırıb və ya azaldıb müdaxilə edə bilərik. Son 3 ildir ki, belə edirik və bu bazarların tənzimlənməsinə kömək olur",- deyib. Neft qiymətlərinin ən çox ABŞ-ın neft ehtiyatlarına dair statistik məlumatlardan "əziyyət çəkdiyini" qeyd edən Novak, "Əlbəttə ki, ABŞ dünyanın neft ehtiyatının sahibi deyil, ancaq bazar bundan təsirlənir" - deyib.

Beləliklə, mövcud iqtisadi, siyasi amillərin fonunda neft bazarında hansı qiymətlər mövcud olacaq? 

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, 2019- cu ilin başlanğıcından etibarən neft qiymətləri daim iqtisadi, ticari və geo-siyasi risklərin altında olub:

“Yəni ABŞ-la Çin arasında tarif savaşının da gərginləşməsi, ticari münasibətlərdə yaranmış gərgin vəziyyət, eyni zamanda Venesuela və İran, Yaxın Şərqdə yaranmış gərgin vəziyyət neftin qiymətini təhdid altında saxlayıb. Bu il Beynəlxalq Enerji Agentliyinin, OPEC-in və digər qurumların neftə olan tələbatla bağlı proqnozlar demək olar ki, özünü doğrultmadı. Bu il ilin 10 ayı ərzində neftə olan tələbat ötən ilin müvafiq dövrü ilə müqayisədə 850-900 min barel gündəlik artım olub. Halbuki, Agentliyin və OPEC-in verdiyi proqnozlar tamamilə fərqli idi”.

Gələn il də neftə olan tələbatın yüksək olmayacağını deyən ekspert bildirir ki, ABŞ-la Çin arasında münasibətlər öz yoluna düşməyincə,  Yaxın Şərqdə vəziyyət sabitləşməyincə, bu amillər neft qiymətlərinə təsir edəcək: 

“Dünyanın iqtisadi münasibətlərindəki gərginlik birbaşa neft qiymətlərinə təsir edir. Ticari qarşıdurmalar, tarif müharibələrinin bir az da dərinləşməsi son anda qlobal Ümümi Daxili Məhsulun (ÜDM) artım tempinə təsir göstərir, bu isə son anda bütün enerji bazarlarında neft qiymətlərinə təsir edir. Düşünürəm ki, gələn ildə bu tendensiya davam edəcək. Hətta bu faktorların daha da dərinləşə bilər. Çünki gələn ildən qlobal neft bazarlarını təhdid altına alan yeni faktor da dövriyyəyə buraxılacaq. Bu da birbaşa BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Dəniz Administrasiyasının bunker yanacaqlarının tətbiqi ilə bağlı yeni reqlament qaydalarının 2020-ci il yanvarın 1-dən etibarən qüvvəyə minməsidir. Bunun da neft qiymətlərinə ciddi təsir edəcəyi gözlənilir. Çünki indiyə qədər dünyanın bütün limanlarında bunker yanacağının tərkibində kükürdün miqdarı 0,5 - 3,5 faiz arasında məqbul sayılırdı. Yeni qaydalara görə, yanacağın tərkibində kükürdün miqdarı 0,5 faizdən yuxarı olmamalıdır. Bu da bunker yanacağının istehsalını birbaşa təhdid altına alacaq və sutkalıq 3,6 milyon barel neft deməkdir. Gələn ildən həm neft emalı zavodları, həm bunker yanacağının istehsalı ilə məşğul olan, həm də digər enerji şirkətləri ciddi problemlərlə üzləşəcək. Buna görə də OPEC və mütəfiq dövlətlər bazarı düzgün nizamlamasalar, gələn il neft qiymətlərində bir qədər də enişlər ola bilər”.

Gələn il neft qiymətlərinin hansı aralıqda olmasının proqnozlaşdırılmasına gəlincə, ekspert deyir ki, hazırda bazar elə bir durumdadır ki, uzunmüddətli proqnozlar vermək çətindir: 

“Artıq il başa çatır. 2020-ci ilin ilk 3 ayında neftə olan tələbatın elə də böyük olmayacağını düşünürəm. Çünki hər ilin əvvəlində müqavilələr yenilənir, icra müddəti müəyyən edilir, sonradan neft ixracı və idxalı ilə bağlı ciddi addımlar atılır. Bu baxımdan həmin müddət ərzində tələbatın əksinə aşağı düşəcəyini gözləyirəm. Gələn il neft ixrac edən dövlətlər qiymətləri indiki səviyyədə saxlasalar, çox böyük uğur qazanmış olarlar. Bu baxımdan Rusiyada keçirilən eneri həftəliyində OPEC-in Baş katibi bütün neft hasil edən dövlətləri – dünyada bu cür ölkələrin sayı 90-dan artıqdır - Vyana sazişi çərçivəsində imzalanmış əməkdaşlıq xartiyasını imzalamağa çağırdı. Həmin xartiyada birbaşa enerji bazarlarının tənzimlənməsi ilə bağlı birgə fəaliyyətdən söhbət gedir. Bu baxımdan neftin qiymətinin 60-70 dollar olacağını gözləmirəm. 

Həm də gələn il neft bazarı çoxlu “surpriz”lərlə üzləşə bilər. Norveç, Braziliya və ABŞ-da hasilatın artırılacağı əvvəlcədən proqnozlaşdırılıb. Bu baş verdikcə, bazara əlavə tədarük həcmləri daxil olur. OPEC və OPEC + ölkələrin iradəsindən kənar tədarük həcmləri daxil olduqca, bu qurumun bazarı tənzimləmək imkanları çətinləşir. Əgər OPEC+neft qiymətlərini 55-60 dollar həcmində saxlasalar, bu çox böyük uğur olacaq”.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1530