hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Liviya cəbhəsində GİZLİ RAZILAŞMA: Kreml generalı niyə tək qoydu? - ŞƏRH

Liviya cəbhəsində GİZLİ RAZILAŞMA: Kreml generalı niyə tək qoydu? - ŞƏRH

Liviyada qiyamçı qüvvələrin rəhbəri Xəlifə Həftərin tərəfində döyüşən Rusiyaya məxsus “Vaqner” muzdlu dəstəsinin silahlıların bu ölkəni tərk etməsi ilə bağlı xəbərlər təsdiqini tapır.

Qeyd edək ki, mayın 25-də Rusiyanın “Vaqner” qrupunu Liviyadan çıxartmaq üçün xüsusi təyyarələr göndərdiyi barədə rəsmi Tripoli açıqlama yaymışdı. Milli Razılaşma Hökumətinə aid silahlı qüvvələrin sözçüsü, polkovnik Məhəmməd Qanuni muzdlu əsgərləri təxliyə etmək üçün Bəni Vəlid hava limanına 24 saat ərzində 15 yükdaşıyan təyyarə endiyini bildirmişdi.

Liviyanın şimal-qərbindəki Bəni Vəlid şəhərindəki “Vaqner” yaraqlılarının 90 faizinin artıq şəhəri tərk edərək cənuba doğru çəkildiyi bildirilir. Bu barədə Bəni Vəlid şəhərinin meri Salim Nevir açıqlama verib. Liviyanın “Əl-Əxbar” telekanalına açıqlamasında Salim Nevir 7 kilometr uzunluğunda hərbi karvanın şəhərdən ayrılaraq cənuba doğru hərəkət etdiyini söyləyib. Bəni Vəlid hava limanındakı hava hücumundan müdafiə sistemlərinin də hərbi karvanla daşınması barədə suala cavabında bunun hələ dəqiqləşdirilmədiyini deyib.

Rusiya “Vaqner” qrupunu çıxartmasının səbəbləri barədə hələlik heç bir rəsmi açıqlama verməyib. Ancaq bu hadisə həm Liviyada, həm də bölgədə qüvvələr nisbətinin dəyişməsinə gətirib çıxara bilər. Yəni Rusiyanın qiyamçılara öz dəstəyini geri çəkməsi Həftərin məğlubiyyətini sürətləndirəcək. Çünki rəsmi Moskvanın Həftərə dəstəyi yalnız “Vaqner” muzdlularından ibarət olmayıb. Rusiya qiyamçıları maliyyə, silah, döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri ilə də təmin edir. İndi Rusiyanın “oyundan çıxması” Həftərə dəstək vrən Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Səudiyyə Ərəbistanından ibarət koalisiyanın dağılmasını şərtləndirə bilər. Son günlərə qədər Həftərin tərəfində döyüşmək üçün muzdlu silahlılar göndərən Sudan artıq heç bir tərəfi müdafiə etmədiyini, neytral mövqe tutduğunu bəyan edib.

“New York Times"ın yazdığına görə, Həftərin tabeliyində döyüşmək üçün Liviyaya dörd ölkədən ötən ilin yazında gətirilən muzdlu əsgərlərə BƏƏ tərifindən 80 milyon dollar ödənilib. Ancaq əsgərlər Türkiyənin Liviyadakı proseslərə müdaxiləsinə dair xəbərlərdən sonra göndərilən silah-sursatı görərək Maltaya geri dönüb.

Liviya Milli Razılaşma Hökumətinin qiyamçıları məğlub etməsi və Rusiyanın goğru addım atması Türkiyənin bu regionda mövqelərini gücləndirəcək. Çünki Fəyaz Sərac hökuməti yalnız Türkiyənin dəstəyi sayəsində Həftər üzərində ardıcıl qələbələr qazanmaqda davam edir. Liviyada nüfuz mübarizəsi aparan dövlətlər arasında Türkiyə öz məqsədinə daha çox nail olub.

“Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, “Vaqner” muzdlu dəstəsinin Liviyadan çıxarılması Kremlin Ankara qarşısında geri çəkilməsi demək deyil. Sadəcə olaraq, Rusiya Yaxın Şərqdəki strateji maraqları naminə Türkiyə ilə qarşıdurmaya getmək istəmədi. Bu məsələdə tərəflərin kompromisə getdiyi də istisna olunmur.

“Rusiya mövcud şərtlər daxilində daha doğru olan addımı atdı. Son bir ayda Liviyada baş verən prosesləri təhlil etsək görərik ki, Həftər müəyyən üstünlük əldə etməyə çalışsa da bu müvəqqəti oldu. Bunun səbəbləri həm beynəlxalq səviyyədə, həm də bölgədə baş verən proseslərlə bağlı idi. Birincisi, dünyada koronavirusun pandemiyasının yayılması, ikincisi, Həftərə dəstək verən qüvvələrin artıq onun arxasından çəkilməsi, üçüncüsü qiyamçılara qarşı olan qüvvələrin getdikcə daha önəmli mövqelərə yiyələnməsi kimi amillər müşahidə olundu. Nəticədə, Həftərə dəstək verən dövlətləri geri çəkilməyə vadar etdi. Misir kimi önəmli ölkə bu prosesin önündə gedirdi. Qərbin Liviyada ikinci Əbdülfəattah əl-Sisi yetişdirmək planı var idi. Amma bu ssenari baş tutmadı. Misirdə gedən proses Liviyada təkrarlana bilmədi. Burada həm Fəyac Sərac hökumətinin fəal mövqeyini, xüsusilə də Türkiyə amilinin təsirini qeyd etmək olar. Sadəcə olaraq, Rusiya gördü ki, Həftərə dəstək verən ölkələr müəyyən yumşaldıcı addımlar atır. Ona görə də Rusiya mövqelərin yenidən baxdı. Avropa Birliyi artıq Tripoli ilə Benqazı arasında vasitəçilikdən danışır, fransa Həftərə dəstəyini geri çəkir. Ərəb ölkələri artıq dəstəyini azaldır. Çünki müharibə böyük maliyyə xərcləri tələb edir. Hazırkı iqtisadi böhran şəraitində bu ölkələr Liviyada hakimiyyət dəyişikliyinə maliyyə xərcləmək istəmədilər. Rusiya da bir seçim etmək etmək məcburiyyətində qaldı. Çünki Həftərə dəstək vermək Liviyada Türkiyəyə qarşı getmək deməkdir. Türkiyə son bir ayda Liviya məsələsində kifayət qədər prinsipial mövqe nümayiş etdirdi. Çünki Aralıq dənizində, şimali Afrikada möhkəmlənmək Türkiyə üçün çox önəmli idi. Fəyaz Sərac hökuməti ilə 2019-cu ilin noyabr ayında imzalanmış müqavilə Yunanıstanı və Cənubi Kipri çıxılmaz vəziyyətə salacaq bir sənəddir. Yəni Liviya Milli Razılaşma Hökumətinə dəstək Türkiyə üçün həyati əhəmiyyət daşıyırdı. Türkiyə sistemli şəkildə bu ölkənin mövqelərini gücləndirə bildi. Rusiya isə Həftərə tam dəstək verə bilmir. Bir tərəfdən Suriya məsələsi, digər tərəfdən Liviya münaqişəsi, eyni zamanda iqtisadi problemlər, pandemiyanın yaratdığı böhran və Türkiyə ilə münasibətlər Rusiyanı belə addım atmağa vadar etdi. Rusiya sadəcə olaraq, Yaxın Şərqdəki strateji mövqelərini qiymətləndirərək Liviya münaqişəsində aktiv iştirak etməyin ona sərf etmədiyi qənaətinə gəlib. Türkiyə ilə münasibətlərlə yanaşı, Həftərin özünün də çoxtərəfli oynaması da Kremlin mövqeyinə təsir göstərdi. Rusiyanın Liviyada iki əsas hədəfi var idi. Birincisi, isti dənizlərə çıxış əldə etməkdir. İkincisi hələ Sovet dövründə SSRİ-nin Livyada hərbi bazaları mövcud olub. “Ərəb baharından sonra Rusiya Liviyadan sıxışdırılıb çıxarıldı. Sonralar Rusiya Həftərin vasitəsilə bu mövqeləri geri qaytarmağa çalışdı. Amma proseslərin gedişi göstərdi ki, qiyamçılara dəstək hələ Rusiyanın Liviyadakı əvvəlki üstünlüyünü bərpa etməsi qənaətini vermir. Rusiya nəticə etibarı ilə çox düzgün olanını seçdi. Rusiya Türkiyə hökuməti ilə münasibətlərini Suriyada necə uzlaşdıra bildisə, eyni razılaşmanı Liviyanı Sərac hökuməti ilə də əldə edə bilər. Hesab edirəm ki, Türkiyə ilə Rusiya arasında müəyyən razılaşma var. Belə bir razılaşma olmasa idi, Rusiya bu addımı atmazdı”.

Lakin ekspert bildirdi ki, Həftərin başçılıq etdiyi qiyamçıların məğlub edilməsi hələ 2011-ci ildən bəri Liviyada baş verən siyasi böhrana və vətəndaş müharibəsinə son qoyulması anlamına gəlmir.

“Mövcud durum Milli Razılaşma Hökumətinin xeyrinədir. Sərac hökumətinin mövqeləri güclənib. Avropa Birliyi müəyyən yaxınlaşma nümayiş etdirir. Ərəb ölkələrinin münasibətlərində yumşalma baş verir. Lakin bu, Liviyadakı problemlərin həll olunması demək deyil. Liviyada proseslər hələ davam edəcək. Çünki Liviya Yaxın Şərqdə, ərəb ölkələri ilə şimali Afrikanı birləşdirən çox önəmli ciddi bir həlqədir. Liviya Aralıq dənizinə, isti dənizlərə çıxışdır. Tarixən böyük imperiyalar isti dənizlərə çıxmaq uğrunda müharibə aparıb. Bu mənada Liviyanın geosiyasi əhəmiyyəti çox böyükdür. Demək olmaz ki, Sərac hökuməti artıq qələbəsini qeyd edə bilər. Sadəcə olaraq, elə bir mərhələyə qədəm qoyuldu ki, hadisələrin inkişafı Sərac hökumətinin xarici siyasətini necə qurmasından, Həftərə dəstək verən ölkələri öz tərəfinə çəkməsindən və Türkiyənin mövqeyindən asılıdır. Bu münasibətlər qurulmasa başqa ssenarilər işə salına bilər. Onu da qeyd edim ki, Həftər səhnəni hələ tərk etməyib”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 22595