hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

“Xalqların sülhə hazırlanması”: Təcavüzkar cəza almayınca...

“Xalqların sülhə hazırlanması”: Təcavüzkar cəza almayınca...

Nəzakət Məmmədova: “Avropa İttifaqı Ermənistanla Azərbaycanın iqtisadi birlik yaratmasını istəyir”

Xarici işlər naziri Elmar Məmmədyarov ötən gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. T.Klaar prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib. Nazir Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib.

Nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatları haqqında danışaraq bu kimi bəyanatların danışıqlar prosesinə xələl gətirdiyini qeyd edib. Nazir deyib ki, münaqişənin həll olunmaması regionun dayanıqlı inkişafı və rifahı baxımından ciddi maneə yaradır. O, beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş ərazilərinin boşaldılmasını, bu ərazilərdən qovulmuş insanların öz torpaqlarına geri qayıtmasını və beləliklə də bölgədə sülhün təmin olunmasını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Bu xüsusda, nazir Elmar Məmmədyarov Avropa İttifaqı rəsmilərinin münaqişənin həlli ilə bağlı səsləndirdiyi son bəyanatlara istinad edib.

Öz növbəsində, T.Klaar danışıqların mahiyyətinin önəm kəsb etdiyini bildirib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu vurğulayıb. Toivo Klaarın "Avropa İttifaqı əhalinin sülhə hazırlanmasına töhfə verməyə hazırdır" ifadəsi birmənalı qarşılanmayıb. Müstəqil ekspertlər hesab edir ki, indiki şəraitdə Azərbaycanla Ermənistanı sülhə hazırlamaq mümkün deyil. Mövcud durumda sülh təşəbbüsünə razılaşmaq təslimçi aktıdır.

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Avropa əhalini sülhə hazırlamaq məsələsində çox təkid edir:

“Sülhə hazırlamaq - qarşı duran ölkələrin vətəndaşları arasında müharibə müddətində bir-birinə qarşı yaranmış nifrəti, düşmənçiliyi yaddaşlardan silib atmağa çalışmaqdır. Bununla da yenidən dinc yaşamağın mümkünlüyü təlqin olunur. Eyni zamanda, əhalini əmin-amanlıq şəraitində mehriban qonşuluq əlaqələri yaratmağa kömək edəcək bir addım hesab edilir. Avropa mədəniyyəti pul gücünə həll olunan problemlərin həllinə çox meyilidir. Avropa düşünür ki, Azərbaycandakı QHT və ictimai birliklərə qrant ayıracaq. Onlar da aldıqları qrant müqabilində treninqlər, tədbirlər, konfranslar təşkil edəcək. Beləliklə, əhali sülhə çağırılacaq, azərbaycanlıların ermənilərlə bir yerdə yaşamasının zəruriliyi vurğulanacaq. İlk növbədə, ağıla gələn budur ki, Avropa İttifaqı (Aİ) bu ideyasını həm Azərbaycandakı, həm də Ermənistandakı tərəfdaşı olan QHT-lər vasitəsilə həyata keçirməyi planlaşdırır. Avropa İttifaqının sülhlə bağlı başqa layihələri də vardır. Bir neçə il əvvəl Aİ çox təkid edirdi ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyalar bərpa olunsun, ticarət əlaqələri yenidən dirçəldilsin. Məlumdur ki, ticarət, biznes, o cümlədən pul marağı olan yerdə vətənpərvərlik, şovinizm, milli dəyərlər arxa plana keçir, əsas maraq maddiyyat olur. Əgər ermənilərlə azərbaycanlılar ticarət əlaqələrinə başlasalar, ortaq biznes qursalar, maddi maraq onların bir-birinə qarşı olan nifrətini aradan qaldıracaqdır.

Avropa İttifaqı təkcə Azərbaycanla Ermənistan arasında yox, Ermənistanla Türkiyə arasında da bu cür layihələr həyata keçirib. Xüsusilə də Ermənistanla Türkiyə arasındakı məlum protokolların imzalanma ərəfəsində və ondan sonra Avropa İttifaqı sərhəd ərazilərdə - Qarsda və Iğdırda ortaq mətbəx və musiqi nümunələri kimi festivallar keçirirdilər. Məsələn, deyirdilər ki, dolma həm türklərin, həm də ermənilərin ortaq mətbəx nümunəsidir. Yaxud da “Sarı gəlin” mahnısını bölgənin ortaq türküsü kimi qəbul etdirməyə çalışırdılar. Deməli, ortaq mədəniyyət, biznes, mətbəx olan yerdə birlikdə dinc yaşamaq üçün əsas var. Amma bu, kökündən yanlışdır. Çünki Avropa İttifaqı burada öz təcrübəsindən istifadə edir ki, almanlarla fransızlar, avropalılar bir neçə il müharibə aparıblar. Amma bu gün dinc şəraitdə yaşadıqlarını nümunə göstərirlər. Yəni, siz də müharibə etməyin”.

Politoloq hesab edir ki, Avropa İttifaqı Ermənistanla Azərbaycanın iqtisadi birlik yaratmasını istəyir:

“Bu iqtisadi münasibətlər sonradan hətta siyasi münasibətlərin də yaxşılaşmasına gətirib çıxara bilər. Amma bu məqsəd də kökündən yanlışdır. Avropa bu ideyaları o zaman həyata keçirə bilib ki, işğalçı öz cəzasını alsın. Almaniya işğalçı dövlət olaraq cəzalandırılıb və bir daha təcavüz etməyəcəyi barədə öhdəlik götürdükdən sonra digər Avropa ölkələri iqtisadi əlaqələr qurmağa razılaşıb. Təcavüzkar bir dövlət digər ölkənin ərazisini işğal altında saxladığı vaxt sülhdən söhbət gedə bilməz. Yəni, Azərbaycanla Ermənistanı sülhə hazırlamaq məsələsi mümkün deyil. Çünki Azərbaycan xalqı görür ki, onun ərazisinin beşdə bir hissəsi işğal altındadır. Hər gün atəşkəs pozulur, şəhidlər gəlir, minlərlə insanımız öz vətənlərində məcburi köçkün, qaçqın həyatı sürür. Belə bir məqamamı hansı sülhə hazırlamaqdan söhbət gedə bilərə Bu, sülh olmaz, təslimçi bir akt olar. Belə çıxır ki, Azərbaycan xalqı ermənilərlə dostluğu qəbul edir və onlar da bizim torpaqlarımızı işğal altında saxlamasına razıdırlar. Sülhdən o vaxt söhbət gedə bilər ki, Ermənistan öz işğalçı qoşunlarını Azərbaycan ərazisindən geri çəksin, Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşı olduqlarını qəbul etsinlər və ölkəmizin qanunlarına tabe olmağa söz versinlər. Bundan sonra danışıqlar masasına əyləşib əhalini sülhə hazırlamaq da olar, sülh bağlamaq da olar. Amma onda da erməniləri bağışlamaq olmayacaq. Çünki ərazisində şəhidlər vermiş, soyqırımlar törədilmiş, əsir və girov götürülmüş insanları olan bir ölkə işğalçını, cinayətkarı necə bağışlaya bilərə Azərbaycan xalqı zatən 1905-ci ildə, 1918-ci ildəki hadisələri bağışladı. Əgər bu gün də bağışlasaq, illər sonra onlar yenə də ərazi iddiasında olacaqlar. Zəngəzuru, İrəvanı bağışladıq, amma onlar öz ərazi iddialarından əl çəkmədilər. Ermənilər indi də Naxçıvana ərazi iddiası səsləndirməyə başlayıblar”.

“Xalqların sülhə hazırlanması məsələsi cəfəng ideyadır”

Nəzakət Məmmədova onu da qeyd edib ki, Ermənistanın məqsədi Azərbaycan torpaqları üzərində “Böyük Ermənistan” dövləti yaratmaqdır:

“İndiki şəraitdə ermənilərlə sülhə getmək olmaz. Hesab edirəm ki, Amerikanın planına qarşı Avropa İttifaqı, Rusiya birləşib birlik yaradıblar. Çünki Amerika Paşinyana təzyiq göstərir ki, Qarabağ münaqişəsinin həllində güzəştə getsin. Paşinyan da bilir ki, Amerikanın planı əsasında güzəştə getsə, xalq onu hakimiyyətdən atacaq. Əvvəllər ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidentinə də, Ermənistanın Baş nazirinə də məktublarda yazırdı ki, bu il münaqişənin həlli üçün ümidvericidir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Ermənistana səfəri zamanı seçkidən sonra Paşinyandan məsuliyyətli addımlar gözlədiyini dedi. Bütün bunlar onu göstərir ki, Amerika regionda öz planı üzrə Qarabağ məsələsini həll etmək istəyir. Amma Avropa İttifaqı, Rusiya, İran buna qarşı çıxır. Ona görə də onlar xalqın sülhə hazırlanması kimi bir plan irəli sürdülər. Bu, vaxtın uzadılmasından başqa bir şey deyil. Hamı bilir ki, Azərbaycan xalqı torpağı işğal altında ola-ola sülhü qəbul etməyəcək. İşğalçı tərəfə Azərbaycana etdiyi təcavüzə görə milyardlarla dollar ziyan vurub. Ermənistan bütün bunlara görə, zərər dəymiş azərbaycanlı ailələrə mənəvi və maddi təzminat ödəməlidir, Xocalı hadisəsinə görə üzr istəməlidir. Xocalı faciəsində əli olan cinayətkarları könüllü surətdə tribunala verməlidir. Bir daha təcavüz etməyəcəyi barədə öhdəlik götürməlidir. Bütün bunlardan sonra bəlkə onların sülh təşəbbüsünə razılaşmaq olar. İnanmıram Ermənistan sülhə hazır ola. Sülhə hazır olan bir tərəf var, o da erməni xalqıdır. Buna görə də xalqların sülhə hazırlanması məsələsi cəfəng ideyadır. Azərbaycan xalqını sülhə necə hazırlamaq olarə İnsanlar gördüyünə inanır. Əgər onlar təcavüzkarın cəzasını aldığını görməsə, heç vaxt sülhə inanmaz”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 6457