hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

“Türkiyənin NATO-da qalıb-qalmayacağı məsələsi gündəmdədir” – EKSPERT

“Türkiyənin NATO-da qalıb-qalmayacağı məsələsi gündəmdədir” – EKSPERT

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) Rusiyadan “S-400” aldığı üçün Türkiyəyə tətbiq ediləcək sanksiya seçimlərinə baxdıqlarını deyib: "Biz nələr edəcəyimizə baxırıq. Ancaq hələ qərar verməmişik”.

Prezident Rəcəb Tayyib Ərdoğan isə ABŞ-ın Suriyadakı terrorçulara 50 min TIR-dan artıq silah-sursat göndərməsi Türkiyəni narahat etdiyini deyib.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Elşən Manafov Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinin səbəbkarı ABŞ olduğunu deyib:

“Zamanında Türkiyə Amerikadan “Patriot” raketdən müdafiə sistemlərini almaq istəyirdi. Təəssüf  ki, ABŞ həmin müdafiə sistemlərinin Türkiyəyə satılması mövqeyində olmadı və ya fərqli mövqe sərgilədi. Sadəcə olaraq Türkiyə “S-400”-lərin alınmasında özünün milli təhlükəsizlik maraqlarını düşünüb. Eyni zamanda bu addım ABŞ-da və NATO-da müəyyən məyusluq və narazılıq doğurdu. Qeyd olundu ki, Türkiyəyə qarşı hərbi sanksiyalar tətbiq ediləcək. Amma Rəcəb Tayyib Ərdoğan da öz mövqelərindən geri çəkilmədi.

Artıq “S-400”-lərlə bağlı razılıq əldə olunub, hətta Türkiyə Rusiyanın “Su-35” təyyarələrinin alınması ilə bağlı danışıqlar aparılıb və müəyyən razılıqlar əldə olunub. 
Bu o deməkdir ki, ABŞ-ın bütün təhdidlərinə baxmayaraq Türkiyə Rusiya ilə hərbi sahədə əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək fikrindədir. Eyni zamanda Rəcəb Tayyib Ərdoğan da bu günlərdə bəyan etdi ki, Türkiyənin NATO-da qalıb-qalmayacağı məsələsi gündəmdədir. Türkiyə bundan sonra da NATO-nun tərkibində qalmaq və onunla hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək fikrindədir. Amma həm Avropa İttifaq, həm də Amerika tərəfindən Türkiyəyə qarşı təzyiqlər güclənəcəksə, Türkiyənin də adekvat addımlar atmaq imkanları mümkündür.

Bu imkanlar ən azı İran, Rusiya və Çin sahəsindədir. Çünki belə bir hərbi-siyasi blok mahiyyət etibarı ilə formalaşmaqdadır. Yəni Türkiyəni sıxarlarsa o da belə bir addım ata bilər. Qeyd edim ki, təxminən 100 il əvvəl Mustafa Kemal Atatürk ANTANTA-ya qarşı mübarizədə o vaxtkı sovet Rusiyası ilə əməkdaşlıq etmişdi. Bu münasibət indi də yaranmaqdadır. Suriya məsələsində də ABŞ Türkiyənin maraqlarını düşünmədiyi halda Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşdə Putin bu məsələdə Türkiyə maraqlarının anlaşılan olduğunu qeyd etdi. Məhz bundan sonra ABŞ İdlibə zərbə endirməklə Rusiya və Türkiyə maraqlarına zərbə endirmiş oldu.

Məhz bütün bu gərginliyin səbəbkarı ABŞ və Avropa İttifaqıdır. Əgər Türkiyəyə münasibətdə bu təcrid və təziqlər artarsa, güman edirəm ki, Rəcəb Tayyib Ərdoğan geri çəkilən deyil. Düşünürəm ki, Donald Tramp Türkiyənin NATO üçün necə bir ciddi əhəmiyyət kəsb etməsinin fərqindədir. ABŞ bundan sonra da PKK terror təşkilatı YPG qanadına dəstək verməkdə davam edəcəksə, artıq bu Türkiyə-NATO, Türkiyə-ABŞ münasibətlərində çatın dərinləşməsinə səbəb olacaq.
Əli Bədir
Cebhe.info


Oxunma sayı: 672