hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

“Şuşa Texniki Universiteti beynəlxalq tədbirlərə gedəndə nazirlik niyə susurdu?” - Təhsil eksperti

“Şuşa Texniki Universiteti beynəlxalq tədbirlərə gedəndə nazirlik niyə susurdu?” - Təhsil eksperti

27 sentyabrda erməni ordusunun Azərbaycanın cəbhə boyu ərazilərində törətdiyi təxribatın qarşısının alınması üçün başlayan və 44 gün davam edən Vətən müharibəsində 30 ildir işğal altında olan torpaqlarımız azad edilib.

İşğaldan azad edilən rayonlarımızda yenidənqurma, bərpa işləri aparılacaq. Ermənilər 30 ilə yaxındır ki, bu ərazilərdə olan bütün infrastrukturu, tarixi-dini abidələri, təhsil müəssisələrini dağıdıb, talan edib.

İşğaldan azad edilən torpaqlarımızda təhsilin prosesinin bərpası və ali təhsil müəssisələrinin yaradılması müzakirə mövzusudur.

Belə ki, Xankəndi Pedaqoji İnsititutu işğal nəticəsində Ağcabədiyə köçürülmüşdü. Bu ali məktəbin bazasında Şuşa Dövlət Univeristetinin açılması da təkliflərdən biridir.

Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, Xankəndidəki Pedaqoji İnstitutu yarananda həmin ərazilərdə müəllim kadrlarına olan ehtiyacın ödənilməsi nəzərə alınıb:

“Ümumiyyətlə, hər bir ali təhsil müəssisəsi yarananda ölkə ərazisində ixtisaslar üzrə kadrlara olan ehtiyacı tənzimləmək nəzərdə tutulur. Düzdür, Azərbaycanda ali təhsil müəssisələri heç də əmək bazarında ixtisaslı kadrlara yaranan ehtiyac ucbatından yaranmır. Kimlərsə, biznesmenlər gedib bina tikdirir, içərisinə 2 parta qoyur və məktəb açırlar. Məktəb və universitetlər plan və proqnozlara əsaəsn açılmalıdır. Qeyd edim ki, Azərbaycanın işğaldan azad edilmiş tarixi torpaqlarında ali təhsil müəssisələrinin olması zəruridir. Birinci ona görə ki, ali təhsil müəssisələri həmin ərazilərdə insanların köç edib yaşamasına, intensiv hərəkətinə, eyni zamanda iş yerlərinin açılmasına imkan yaradacaq. Dağlıq Qarabağ ərazisində xüsusi ixtisasalara ehtiyac var. Tariximizə nəzər salsaq, Azərbaycanın ilk ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi. Bundan sonra ən çox universitet 21-ci əsrdə Bakı, Sumqayıt, Lənkəran, Gəncə kimi ərazilərimizdə açılıb. Naxçıvanda da olub, amma təəssüf ki, Dağlıq Qarabağ bölgəsində universitet yoxdur. Yalnız 1969-cu ilə Pedaqoji Universitet açılıb, sonra bağlanıb və Ağcabədiyə köçürülüb”.

Ekspert qeyd edib ki, sözügedən ərazilərdə açılacaq universitet həmin bölgənin təhlükəsizliyini də təmin etməlidir:

“Yenə də tarixə nəzər salaq. Qarabağ münaqişəsi başlayanda gördük ki, Dağlıq Qarabağın inzibati ərazi bölgəsinə daxil olan ərazilərdəki rayonlarımızda rəhbər şəxslərin böyük əksəriyyəti ermənilərdir. Ona görə ki, bizdə sovet dövründə ixtisaslı kadrlar az idi. Həmin ərazidəki insanlar da kənd təsərrüfatı, maldarlıqla məşğul olduqlarına görə uzaq yerlərə təhsil almağa getməkdə maraqlı olmurdular. Növbəti 1992-1993-cü il hadisələrinin yaşanmasını istəmiriksə, həmin ərazilərdə ali təhsil müəssisələri açmalıyıq. Lakin o universitetlər elə olmalıdır ki, kadrlarına əmək bazarında ehtiyac olsun. Ehtiyac olmayan ixtisaslar üzrə universitet açmağa dəyməz. Mən də Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti layihəsini hazırlamışam və sosial şəbəkədə də paylaşmışam. Hansısa universitetin bazasında yox, konkret sıfırdan universitet açmalıyıq”.

Ekspert bildirib ki, bu gün Azərbaycanda 54 ali təhsil müəssiəsi, 60-a yaxın orta ixtisas təhsili müəssisəsi, 100-dən çox peşə təhsili müəssisəsi var. Amma əmək bazarında ixtisaslı kadr çatışmazlığı da müşahidə olunur:

“Biz əvvəlcə həmin ərazilərin kadra olan ehtiyacını bilməliyik. Burada 3 qurum işləməlidir. Mənim təklifim budur ki, Qarabağda hərbi təhsil müəssisələri açılsın. Biz oranın hüquqi baxımdan təhlükəsizliyini təmin etməliyik. Daha sonra orada Polis Akademiyası, həmçinin o ərazilər kənd təsərrüfatı ərazisi olduğu üçün kənd təsərrüfatı profilli universitetlər açılmalıdır. Bu universitetlərin adını Şuşa Dövlət Universiteti də qoya bilərik. Lakin mütləq şəkildə Şuşa Dövlət Universitetinə əsasən Qarabağ Dövlət Universiteti açılmalıdır”.

Təshil eksperti bildirib ki, ermənilər Şuşada iki universitet açıb:

“Biri hazırda fəaliyyət göstərən Şuşa Texniki Universitet idi. Dəhşətlisi odur ki, Şuşa Texniki Universiteti bir sıra beynəlxalq tədbirlərdə iştirak edib. Lakin Azərbaycan Təhsil Nazirliyi o universitetlə bağlı bəyanat yaymayıb. Elə tədbirlər olub ki, Azərbaycan universitetləri də, Şuşa Texniki Universiteti də iştirak edib. Maraqlıdır, Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin üzvləri şəkil çəkdirməklə məşğul idi ki, bu universitet beynəlxalq tədbirlərdə iştirak edəndə münasibət bildirməyiblər? Yerəvan Kənd Təsərrüfatı Akademiyasının Şuşada filialını açmışdılar. Burada da kifayət qədər tələbə qeydiyyatı aparılırdı. Bizdə isə Şuşa Humanitar Kolleci və Şuşa Musiqi Kolleci var idi. Cəmi iki kollec. Mən Şuşa Dövlət Universiteti və Qarabağ Dövlət Universitetinin planını, eskizini hazırlamışam. Yəni hansısa universitetin bazasında yox, ayrıca həmin ərazidə kadra olan ehtiyacları ödəmək üçün bir yox, bir neçə fərqli profillərdə olan universitetlərə ehtiyac var”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 3389

Bizim Telegram səhifəmizi izləyin