hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

“Suriya bataqlığı”: Kimləri udacaq?

“Suriya bataqlığı”: Kimləri udacaq?

ABŞ Prezidenti Donald Tramp bütün hərbçilərin Suriyadan çıxarılmasında tərəddüd edir. 

Bu barədə "The New York Times" yazıb. Qəzetin yazdığına görə, ABŞ ordusunun 200-dək həbçisini Suriyada saxlamaq qərara alınıb. Onların arasında təkcə əsgərlər yox, həm də İŞİD terror təşkilatı ilə mübarizədə peşəkarlaşan hərbi kadrlar da var. Xüsusi təyinatlılardan ibarət ABŞ hərbçilərinin bu dəfə İraqla sərhəddə yerləşdiriləcəyi güman olunur. Nəşr bildirir ki, ABŞ ordusu kürdlərə bu ərazilərə nəzarəti davam etdirməyə kömək edəcək.

Qeyd edilir ki, Tramp hərbçilərin tamamilə çıxarılması barədə fikrinə düzəliş edib və buna səbəb çoxsaylı tənqidlər olub.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə hərbi əməliyyatların başlayacağını istisna etməyib. “İkinci gün axşam saatlarına kimi kürd döyüşçülər Suriyanın şimal hissəsini tərk etməsə, Türkiyə onların başlarını əzəcək!”

Bu sözləri Türkiyənin Kayseri əyalətindəki çıxışı zamanı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan dilə gətirib. Xatırladaq ki, oktyabrın 17-si Türkiyə və ABŞ arasında “Suriyada aparılan “Sülh Çeşməsi” antiterror əməliyyatının dayandırması və kürdlərin Suriyanı tərk etməsi üçün 5 gün müddətində atəşkəs elan olunması” barədə razılaşma imzalanıb. Lakin, oktyabrın 19-da hər iki tərəf biri-birini razılaşmada qeyd olunanlara əməl etməməkdə təqsirləndirib. Qeyd edək ki, gələn həftə Türkiyə Prezidenti Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. “Bu görüş məsələnin həllinə gətirib çıxarmasa, Türkiyə “Sülh Çeşməsi” antiterror əməliyyatına qaldığı yerdən davam edəcək”. -deyə, Ərdoğan bildirib. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Tramp administrasiyasının ABŞ hərbi kontingentini tamamilə Suriyadan çıxardacağı gözlənilən deyildi. Əks halda bu, ABŞ regiondakı strateji maraqlarını Rusiyaya və İrana güzəştə getməsi olardı:

“ABŞ Suriyadan çıxmaq niyyətində deyil. Suriya kifayət qədər ciddi, strateji əhəməyyətə malik bir ölkədir. Bu böhranın altı ildir kəsişməsinin əsas səbəbi də Suriyanın geosiyai maraqların kəsişdiyi əsas nöqtə olmasıdır. Ona görə də ABŞ-ın qoşunlarını Suriyadan tamamilə çıxaracağına mən əvvəldən də güman etmirdim. Hazırda Suriyadan gələn son xəbərlər də bir daha bunu təsdiq edir. ABŞ 200 nəfər xüsusi təyinatlı kontingenti Suriyanın şimalında saxlamaqla yanaşı, aviazərbələr endirmək hüququnu özündə saxladığını bəyan edib. Üstəlik, Suriyadan çıxarılan ABŞ hərbçiləri İraqın şimalına yerləşdirilir. Bu isə ABŞ-ın bölgədə yeni siyasi oyun qurduğunu göstərir. Həmin strategiyanın məqsədi ilk növbədə, maraqlarını Türkiyə ilə uzlaşdırmaq və ya uzlaşdırma görüntüsü yaratmaqdır. Yəni ABŞ bir NATO ölkəsi olaraq, Türkiyəni narazı salmaq və itirmək istəmir. İkincisi, Türkiyənin hərbi əməliyyatlar keçirdiyi bir vaxtda ABŞ kürd terrorçularına nə açıq dəstək verə, nə də nə də onlardan onlardan imtina edə bilir. ABŞ-ın bölgədəki geosiyasi hədəflərinə çatmaq üçün PYD/YPG kimi bölücü qruplardan istifadə edib. Onlar da müttəfiq kimi özlərini təsdiq ediblər. Belə olan halda PYD/YPG kimi terror təşkilatlarından imtina etmək ABŞ-ın maraqlarına ziddir. Həmin qüvvələrin Bəşər Əsədə yaxınlaşmasına və Rusiyanın himayəsi altına keçməsinə də ABŞ göz yuma bilmir. Bu səbəbdən də Vaşinqton yeni strategiya ortaya qoyur. Üstəlik, bölgədə İran və Rusiya amili var. ABŞ bu amilə qarşı yeni bir alternativ yaratmağa çalışır. Əslində, ABŞ öz qoşunlarını geri çəkməklə çox maraqlı gediş etdi. 120 saat az vaxt olsa da kürd yaraqlılarına yenidən toparlanmaq üçün imkan yaradıldı. Hətta PKK terror dəstələrinin rəhbərləri silahlılara mövqeləri tərk etməmək və Türkiyəyə qarşı döyüşü davam etdirmək üçün müraciət edib. Amma yaralıları döyüş bölgəsindən çıxararaq arxaya göndəriblər. ABŞ-ın strategiyası həm də Türkiyənin Suriya və İranla üz-üzə gəlməsinə hesablanıb. Çünki Türkiyənin irəliləməsinə həm Suriya hakimiyyəti, həm də İran sərt reaksiya verdi. Suriya ordusunun qəfildən Menbiç və Kobani istiqamətində sürətlə irəliləməsi və həmin əraziləri nəzarət altına alması Türkiyə ilə Dəməşqi qarşı-qarşıya gətirir. Bu da Menbiçin və Kobaninin Türkiyə silahlı qüvvələrinin hədəfində olması ilə bağlıdır. Türkiyənin-Suriya ilə qarşıdurması İranla toqquşması deməkdir. ABŞ-ın və Qərbin də məqsədi Ankara-Moskva-Tehran üçlüyünün dağıdılmasıdır. Lakin ABŞ-ın qeyd edilən gedişinin müsbət nəticələr verəcəyi də inandırıcı görünmür. Ona görə ki, hazırda aparılan Türkiyə Rusiya ilə danışıqlar aparır. Hətta rəsmi Ankaranın Tehranla da danışıqlar apardığına dair çəlumatlar var. Türkiyə haqq davası apardığını əsaslı şəkildə nümayiş etdirir. Əgər 120 saat başa çatana qədər hadisələr Türkiyəyə vəd edilən şəkildə davam etməsə, o halda “Sülh çeşməsi” əməliyyatı davam etdiriləcək və Ankara bu prosesi dayandırmayacaq. Artıq xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə dövlətinin mövqeyini ortaya qoyub. O, bildirib ki, müttəfiq tərəfin terrorçulara dəstək verməsinə baxmayaraq, Türkiyə yenə anlaşmaya gedib. Hesab edirəm ki, 120 saat başa çatdıqdan sonra Türkiyə qarşıya qoyulan məqsədə çatmaq üçün daha güclü hərbi əməliyyatlara start verəcək”. 

Qeyd edək ki, ABŞ hərbi kontingentinin şimal-şərqi Suriyadan çıxması həmin ərazilərin Bəşər Əsəd hakimiyyətinin timsalında İranın nəzarətinə keçməsini təmin edə bilərdi. Bu prosesin qarşısını almaq üçün ABŞ ya Türkiyəyə dəstək verməli, ya da öz hərbçilərini bölgədə saxlamalıdır. Lakin ABŞ hərbçiləri Suriyanı tərk etməzsə, çox güman ki, PYD/YPG-nin ərazidə qalmaqda davam edəcək. Bu da Türkiyə ilə ABŞ arasında imzalanmış beş günlük sazişin avtomatik qüvvədən düşməsi deməkdir.

Vüqar Zifəroğlunun sözlərinə görə, ABŞ İran təhlükəsinə alternativ kimi Türkiyəni görür. Yəni həm Suriyada və İraqda İran amili ilə bağlı gedən proseslərə əsas alternativ məhz Türkiyədir. Ancaq ABŞ-ın bu mövqeyində siyasi paradoks müşahidə olunur. Bir tərəfdən İranın bölgədə təsirinin artmasının qarşısını almaq üçün Türkiyə ilə yaxınlaşan ABŞ eyni zamanda, sazişin şərtlərini yerinə yetirmir. Vüqar Zifəroğlunun fikrincə, ABŞ məsuliyyəti üzərindən ata bilər: 

“ABŞ “günah keçisi” kimi məsuliyyəti mövqelərini tərk etməkdən boyun qaçıran terrorçuların üzərinə ata bilər. Amma həm ABŞ, həm də Türkiyə terrorçuların həmin məntəqələrdən çıxmayacağını yaxşı bilirdi. Sadəcə, bu 120 saatlıq möhlət hər iki tərəfə lazım idi. Türkiyə bununla haqlı olduğunu və müttəfiqləri ilə anlaşmağa, hətta atəşkəsə getməyə hazır olduğunu göstərdi. ABŞ isə həm İŞİD, həm də digər məsələlərə aydınlıq gətirilməsi üçün vaxt qazanmaq istəyirdi. Çünki bölgədəki həbsxanalarda kifayət qədər İŞİD terrorçusu saxlanılır. Eyni zamanda, ABŞ mənzərini öryənməyə çalışır. Çünki hazırda Suriyada siyasi vəziyyət həqiqətən qarşılıqdır”.

Ekspert onu da bildirdi ki, ABŞ hərbi kontingentinin Suriyada saxlanılmasında Konqresin prezident Trampa təzyiqləri mühüm rol oynayıb: 

“2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi daxili ictimai rəy Tramp üçün çox önəmlidir. Konqres də daxili auditoriyanın maraqlarını təmsil edən strukturdur. Bu mənada Konqresin təsirini istisna etmək olmaz”. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1706