hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

“Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub” – RƏY

“Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub” – RƏY

Azərbaycan Dünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib. Hazırda ölkəmiz 62,7 bal ilə reytinqdə 58-ci yerdədir.

Cebhe.info-nun xəbərinə görə, "Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, bununla yanaşı, İnnovasiya ekosistemi kateqoriyasında biznesin dinamikliyi göstəricisinə görə, ölkəmiz dünyada 23-cü, İnfrastrukturun inkişafı göstəricisinə görə 38-ci, İnsan kapitalı göstəricisinə görə isə 41-ci yerə çıxıb:

“Bundan əvvəl “Doing Business" hesabatında da Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. 2018-ci ilin hesabatında isə Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib. Uğurlar təsadüfi deyil. Bu müsbət göstəricilər son illərdə ölkədə aparılan iqtisadi islahatların, vergi qanunvericiliyinin təkmilləşdirilməsinin, biznesə başlama üçün prosedurların asanlaşdırılmasının və İnfrastrukturun modernləşdirilməsinin nəticəsidir”.

İqtisadçı qeyd edir ki, sonuncu dünya iqtisadi böhranından sonra Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib:

“Sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib. Xüsusilə bu ilin başlanğıcından etibarən Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər və tətbiq olunan yeni vergi sistemi sahibkarlığın inkişafını təmin etmək üçün ən təqdirəlayiq addımlardandır. Belə ki, sadələşdirilmiş vergi üzrə Bakı zonasında vergi öhdəliyinin 4 faizdən 2 faziə endirilməsi, gəlir vergisi üzrə 75 faiz güzəştin tətbiqi və digər çoxsaylı müsbət dəyişikliklər kiçik və orta sahibkarlığın inkişafına dövlətin göstərdiyi ən böyük dəstəkdir.

Elektron hökumətə keçid, xidmət və müraciətlərin elektronlaşdırılması və asanlaşdırılması da prosesə böyük təkan verib. Həm vaxt itkisinin qarşısı alınıb, həm xərclər azalıb, həm də bürokratik maneələr aradan qalxıb. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin və aparılan islahatların nəticəsidir. Bu da beynəlxalq təşkilatların hesabatında öz əksini tapır”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1607