hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

İsa Qəmbər Əli Kərimlinin dağıdıcı planını önlədi - “Yurd” neytrallaşdırıldı

İsa Qəmbər Əli Kərimlinin dağıdıcı planını önlədi - “Yurd” neytrallaşdırıldı

Müsavat Partiyası oktyabrın 12-də keçiriləcək növbəti qurultayına hazırlaşır.  

Partiyaya rəhbərlik etmək uğrunda hələlik 3 namizəd - sabiq başqan müavini Yadigar Sadıqlı, keçmiş məhbus, Qarabağ qazisi Tofiq Yaqublu və Müsavat Partiyasının indiki başqanı Arif Hacılı mübarizə aparır. Qurultay ərəfəsində Müsavat Partiyasının başqanlığa namizədləri haqqında müxtəlif iddialar səslənir. Bəziləri partiyanın gələcəyi ilə bağlı narahatlığını dilə gətirir. Müsavatçıların narahatlığına səbəb olan əsas məsələ “Yurd”un, konkret olaraq Əli Kərimlinin qurultayda başqan seçkilərinə müdaxilə edəcəyi ilə bağlıdır. 

İddia olunur ki, Müsavat Partiyasında başqanlığa namizəd olan Tofiq Yaqublu prosesə, yəni başqanlıq yarışına “Yurd” sədri Əli Kərimlinin xeyir-duası və dəstəyi ilə qoşulub. Hətta Milli Şura adlanan qurumun rəhbərliyində təmsil olunan şəxslərdən də  Tofiq Yaqubluya açıq dəstək gəlir. Tofiq Yaqublunun özünün də dediyi kimi, ona birbaşa dəstək verən ABŞ-da yaşayan siyasi fəal, hüquq-müdafiəçisi Ramiz Yunusdur. Ramiz Yunus məsələ ilə bağlı sosial şəbəbkədəbelə yazıb: “Əli Kərimlinin dəstəyilə Tofiq Yaqublu qalib gələcək”.

Bunun ardınca isə Milli Şuranın Koordinasiya Şurasının üzvü, sabiq deputat Gültəkin Hacıbəyli də Tofiq Yaqubluya dəstək məqsədli status paylaşıb:

"Müsavat Partiyası qurultayına hazırlaşır, başqanlığa üç namizəd var, hamısına uğurlar arzulayıram. Tofiq Yaqubluya Milli Şuranın rəhbərlərindən biri, əqidəli, cəsur mübarizə adamı, əziz dostumuz kimi xüsusi münasibətimin olması kimsədən gizlin deyil, ancaq istənilən halda bu müsavatçıların müstəsna seçimidir və bu seçimə hörmətlə yanaşıram”.

Bütün bunlar, o cümlədən Tofiq Yaqublunun hələ də Milli Şuranın rəhbərliyində təmsil olunması faktı onun Əli Kərimli tərəfindən dəstəkləndiyinə inamı artırır.

Qeyd edək ki, Müsavat Partiyası rəsmi olaraq Milli Şuranın üzvü deyil və partiya olaraq 2014-cu ilin 8 yanvarında bu qurumla əlaqələrini kəsib. Amma Tofiq Yaqublu Müsavat Partiyasının Divan üzvü olsa da,  Milli Şuranın rəhbərliyində təmsil olunur.

Son hadisələr Əli Kərimlinin Müsavat Partiyasına məhz Tofiq Yaqublu üzərindən “qarmaq atmaq” istəyi heç kimdə şübhə doğurmur. Məsələnin ciddiliyi stajlı partiya üzvlərini də narahat etməmiş deyil. 

Belə bir zamanda Müsavat Partiyasının mənəvi lideri, sabiq başqanı İsa Qəmbər də qurultayla bağlı fikirlərini bildirməsi marğı daha da artırıb. O, özünün Facebook səhifəsində hazırkı başqan Arif Hacılıya birbaşa dəstəyini ifadə edib.

Hesab olunur ki, İsa Qəmbərin bu gedişi məhz Əli Kərimlinin planına qarşı atılmış addımdır. İsa Qəmbər bu məsələyə birbaşa toxunmasa da, dolayısı yolla bu dəstəyi məhz Müsavatı gözlənilən təhlükələrdən qorunmaq üçün verdiyini bildirib.

“2014-cü ilin sentyabrında - Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi vardı. Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam, dəstəklədiyim aday asanlıqla qalib gələ bilər.  Nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim. İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər. İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər”,-deyə İsa Qəmbər deyib. İsa Qəmbər Arif Hacılıya dəstəyini bu cür ifadə edib: “Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”.

Görünən odur ki, Müsavat Partiyasını gözləyən “Yurd” təhlükəsi artıqca, sabiq başqan İsa Qəmbər məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. Əslində gözlənilən fərqli idi. İsa Qəmbərin yenidən qurultayda namizəd olacağı və Müsavat Partiyasının başqanlığına geri dönəcəyi iddia edilirdi. Bu iddianı əksər müsavatçılar da dəstəkləyirdilər. Hesab edilirdi ki, yalnız İsa Qəmbər Müsavatı parçalanmadan, xarici müdaxilədən qoruya bilər. Amma İsa Qəmbər bu iddialara münasibət bildirərək, başqan olmayacağını açıqlayıb. Bununla da iddia gündəmdən düşüb. İndi isə qurultaya bir neçə gün qalmış İsa Qəmbərin dəstəkləyəcəyi namizədin adını açıqlaması “Yurd”un başqan seçkilərinə müdaxiləsini neytrallaşdırmaq məqsədi güdür. 

Gözlənilən odur ki, İsa Qəmbərin bu açıqlamasından sonra müsavatçıların da seçimi məhz Arif Hacılı olacaq. Digər namizədlərin qalib gəlmə şansı da beləliklə azalmış olur. Amma təbii ki, siyasət həm də sürprizlər deməkdir. İstisna deyil ki, Müsavat Partiyasının növbəti, 9-cu qurultayında digər iki namizəddən biri ya Tofiq Yaqublu və ya Yadigar Sadıqlı qalib gəlsin. Belə bir nəticə Müsavat Partiyasının sözünün həqiqi mənasında “əl dəyişməsi” anlamına gələcək və parçalanma qaçılmaz olacaq. Siyasi ekspertlər Yadigar Sadıqlının şansının o qədər də yüksək olmadığını bildirirlər. Hər iki namizəd son dövrlər məhbus həyatı yaşayıb.

Ancaq Tofiq Yaqublunun Milli Şura və “Yurd” tərəfindən dəstəklənməsi ciddi faktor və prosesin gedişinə birbaşa təsir göstərə bilər. Tofiq Yaqublu Müsavatda populyarlaşsa da, hələ ötən əsrin 90-cı illərindən “yurd”çularla sıx əlaqələrə malikdir. Tofiq Yaqubluya "yurdçu"lar özlərinin, müsavatçılar da "Yurd"un partiyadakı "desantı" kimi baxıblar. 

Həbsdən çıxandan sonra Tofiq Yaqublunun partiyanı dəyişəcəyi, “loyal” Müsavatdan “radikal” “Yurd”a keçəcəyi söylənilirdi. Görünür, onu bu fikirdən Əli Kərimli daşındırıb. Müxalifət daxilində intriqa, parçalanma yaratmağı, partiyalarda qrup yaradıb üz-üzə qoymağı peşəyə çevirmiş “Yurd” sədri “sən bizə orada lazımsan” məntiqi ilə T.Yaqublunu Müsavatda saxladı. “Yurd” sədri Müsavatdan 2000-ci ilin qisasını almaq üçün “Tofiq Yaqublu layihəsi” üzərində işləyib. “Yurd” bütün gücünü qoyaraq sabiq məhbusu başqan postuna gətirmək istəyir. Yox, əgər buna nail ola bilməsə, bir qrup müsavatçının Tofiq Yaqublu ilə birlikdə partiyadan getməsinə nail olmağı düşünür.  Hərçənd ki, bu, Əli Kərimliyə şəxsən heç nə qazandırmayacaq, amma son zamanlar  “Yurd”da itirdiyi qüvvənin yerinin doldurulmasına dəstək ola bilər. “Yurd”un bu planı nə dərəcədə işə yarayacaq, hələ bilinmir. Zəngin siyasi təcrübəsi olan İsa Qəmbərin arxayın davranışı Arif Hacılının rəqiblərini üstələyəcəyini deməyə əsas verir. 

Lakin ehtimal böyükdür ki, Arif Hacılının növbəti dəfə başqan seçilməsi müsavatçılar arasında birmənalı qarşılanmayacaq, ona da etiraz edib partiyadan gedənlər olacaq. Amma bu dəfə gedənlərin sayı o qədər çox olmayacaq. Əli Kərimlinin həm də bu variant üzrində düşündüyünü söyləmək olar, hər halda “az olması heç olmamasından yaxşıdır” prinsipi siyasətdə də keçərlidir. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2223