hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

İranda ayaqlanma: Ölkə nəyə hazırlaşır? - AÇIQLAMA

İranda ayaqlanma: Ölkə nəyə hazırlaşır? - AÇIQLAMA

Noyabrın 10-u İran parlamenti benzinin qiymətinin 3 dəfə qaldırılması haqqında qərar qəbul etdi. 

Qafqaz Strateji Araşdırmalar və Beynəlxalq Münasibətlər Mərkəzinin (QAFSAM) eksperti Kamran Sultanlı Cebhe.info-ya İranda baş verən vəziyyəti və gözləntiləri şərh edib.

Politoloq qeyd edib ki, cənub qonşumuzda baş verəcək istənilən proses Azərbaycana təsirsiz ötüşməyəcək: 

“Hazırkı durumda İranda baş verəcək proseslərin və artacaq gərginliyin Azərbaycan üçün də müəyyən təsirləri olacaq. Təbii ki, İranda gərginliyin artması Azərbaycan üçün də ürəkaçan deyil. Bir neçə ay əvvəl ABŞ Prezidenti Donald Trampın Azərbaycana ayırdığı yardımın məhz İranla sərhədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün edildiyi aydın idi. İranda hadisələrin gərginləşməsi İran ilə Azərbaycan arasında bir sıra layihələrin gecikməsinə, habelə ticarət dövriyyəsinin, Azərbaycanla İran arasında ticarət əlaqələrinin zəifləməsinə səbəb ola bilər. İranda gərginliyin artması bu baxımdan Bakı üçün narahatedici durumdur. Həmçinin soydaşlarımızın vəziyyəti, cənub sərhədlərimizin təhlükəsizliyi Bakının diqqət mərkəzindədir. Baş verəcək hər hansı prosesə hazır və diqqətli olmalıyıq. İranda avtomobil parkı geniş olan və insanların çoxunun avtomobil istifadəçisi olduğunu nəzərə alsaq, ölkədəki proses vətəndaşların durumuna ciddi təsir edən amil oldu. Belə ki, benzinin qiyməti 1000 tuməndən, 3000 tümənə qədər artırıldı. Təxminən benzinin dəyəri 200% artdı, güzəştli qiymətə satılan benzinin dəyəri isə 60 litrədək aşağı salındı. Benzinin qiyməti təxminən 42 qəpiyə çatdırıldı. Bu isə əhalinin səbr kasasını daşırdı və rejim növbəti dəfə xalqla üz-üzə qaldı. Qeyd edim ki, Tramp hakimiyyətə gəldikdən sonra 2015-ci ildə İranla imzalanan nüvə müqaviləsindən birtərəfli şəkildə çıxdı. Obama ilə Netanyahu arasında münasibətlər gərgin idi və Obama administrasiyası dövründə İranla anlaşma İsraili və ABŞ-da təmsil olunan mühafizəkar yəhudiləri bərk narahat edirdi. 2016-cı ildə ABŞ-da  seçkilərə bütün resurslarını xərcləyən yəhudi lobbisi Trampın prezident seçilməsinə nail oldu. Tramp hakimiyyətə gəldikdən sonra mayın 8-i İranla nüvə müqaviləsini tərk etdi, daha sonra 2018-ci ilin iyun, avqust və noyabr aylarında mərhələli şəkildə İrana qarşı sanksiyaları bərpa etdi. Vaşinqtonun əsas məqsədi İranın neft ixracını sıfıra endirmək və İranla əməkdaşlıq edən dövlətləri cənub qonşumuzdan ayırmaq idi. Tramp hakimiyyətə gəldiyi ərəfədə İrana qarşı hərbi müdaxilə gündəmdə olsa da, bu müdaxiləyə getmədi. Reallıqda Trampın əlini-qolunu bağlayan, Amerikanın liberal dairələri, demokratlar və ən əsas İrana dərin simpatiya bəsləyən solçu yəhudilər idi. Tramp onların müqavimətini qıra bilmirdi. Tramp administrasiyasının İran siyasəti, İrani iqtisadi və siyasi təcridə məruz qoymaqla, daxildən laxlatmağa yönəlmişdi. Vaşinqtonun anti-İran siyasəti uzun vadəli bir proses kimi hesablanmışdı. İranın aşağı təbəqələri sanksiyaların təsirini məhz indi hiss edir. Sanksiya siyasətinin arxasında Trampın kürəkəni Ağ Evdə yəhudi lobbisinin əsas kuratoru olan, mühafizəkar yəhudilərin təmsilçisi Jared Kushner dayanır”. 

Politoloq xatırladıb ki, indi Amerikada seçki ərəfəsidir, yəni bütün institutların başı daxilə qarışdığı üçün digər məsələlər arxa planda qalıb: 

“ABŞ-ın sanksiyalarından sonra İran neftinin hasilatı kəskin azalıb. Əgər əvvəl İran 3,3 mln barel neft hasil edirdisə, 2018-ci ilin noyabrında bu rəqəm 2,9 mln, 2018-ci ilin dekabrında 2,7 mln barelə enmişdi. 2019-da isə İran neft hasilatı 1,5 mln barel qədər geriləmişdi. İlin sonlarınadək bu rəqəm 700-800 min barelə qədər enib. Dünyanınn supergücünü qarşısına almaq istəməyən şirkətlər bir-bir İran bazarını tərk etməyə başladılar. İranın neft sektoru, İran büdcəsinin 80%-nə yaxınını formalaşdırır. İranda emal sənayesi zəif inkişaf edib, misal üçün, İran neft ixrac edən ölkə olsa da, benzini və bir çox neft məhsullarını idxal edir. İranın pul vahidi olan rial dollar qarşısında 50%-dən çox dəyər itirib. Buna görə də İran iki dəfə defolta getməyə məcbur qalıb. İranda inflyasiya 40%-i keçməklə, ikirəqəmli olub, işsizlik 14%-i keçib. Milli istehsal ciddi şəkildə azalıb. Ölkəyə daxil olan kapital kəskin şəkildə enib. İranın xalçaçılıq, əczaçılıq, avtomobil sektorları ciddi böhran yaşayıb. Xalçaçılıq sahəsində İranın gəliri 400 mln dollardan 220 mln dollaradək azalıb. İranın əczaçılıq sənayesində ciddi dərman qıtlığı yaranıb, rialın kəskin dəyər itirməsi, İranda ərzaqların qiymətinin kəskin qalxmasına səbəb olub. İranın avtomobil sənayesində istehsalı 97% civarında azalıb. Obama dövründə İrana qaytarılan pulların xarici siyasət avanturalarina xərclənməsi, prezident Ruhaninin verdiyi vədləri yerinə yetirməməsi, əhalinin etirazına səbəb olan amillərdir. Baxmayaraq ki, rejim bütün məsuliyyəti məhz islahatçı qanad sayılan Ruhani hakimiyyətinin üzərinə atır, lakin xalq yetkindir, əslində bütün bunların birbaşa İran dini sistemindən qaynaqlandığını gözəl anlayır”. Kamran Sultanlı qeyd edib ki, 2018-ci ildə baş verən üsyanlarda bütün bölgələr iştirak etmədi, lakin bu dəfə bütün bölgələr etiraz aksiyalarına qatıldı: “2018-ci il üsyanları inqilabi prosesə keçmədi, İranda daxili elitanın parçalanmaması, etirazların kortəbii və lidersiz olması, heç bir vizyona və alternativ ideyaya malik olmama bu üsyanların inqilabi prosesə keçməsini əngəlləyir. 2020-də Trampın hələ prezident seçilmək imkanı qalır, sanksiyalarda İran iqtisadiyyatını daha da kiçildir, bu ilin proqnozuna əsasən, İran ÜDM-ü 3%-dək kiçiləcək. Əgər Tramp hakimiyyətdə qalsa, bu zaman İran üçün daha çətin olacaq. Tehran arzu edir ki, 2020-də demokratlar seçilsin və İran yenidən ABŞ-la masaya qayıda bilsim. Lakin bu baş verməyə də bilər və ya yeni Demokratik liderin Obama siyasətini davam edib etməyəcəyi hələ bəlli deyil. Ruhaninin iqtisadi vəziyyəti etiraf etməsi, məhz Amerika ilə dialoqa cəhd etməsinin və bunu dolayı yolla xalqın diqqətinə çatdırmaq məqsədidir. Lakin mühafizəkar xəttin təsiri artır. Əgər növbəti seçkilərdə hər hansısa mühafizəkar şəxs prezident olsa, bu İranda vəziyyəti daha da gərginləşdirə bilər”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 2652