hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

İran cəbhəsində “ÜÇLÜ SAVAŞ”: Kim qalib gələcək?

İran cəbhəsində “ÜÇLÜ SAVAŞ”: Kim qalib gələcək?

Sentyabrın 6-dan başlayaraq, İran nüvə sazişində üzərinə götürdüyü öhdəlikləri azaltmaq üçün 3-cü addım atmağa başlayıb.

Prezident Həsən Ruhani nüvə proqramının inkişafı və araşdırılması istiqamətində qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün İranın Atom Enerjisi Təşkilatına göstəriş verdiyini bəyan edib. “Biz müxtəlif növ sentrifuqaların, eləcə də yeni sentrifuqaların öyrənilib genişləndirilməsi ilə bağlı aparılan araşdırma və inkişafın, o cümlədən də uranın zənginləşdirilməsi ilə əlaqədar lazım olan bütün fəaliyyətlərin bərpasının şahidi olacağıq.

Güman etmirəm ki, biz bu gün və ya sabah Avropa ölkələri ilə hansısa son bir razılığa gələ biləcəyik. Məhz buna görə də artıq öhdəliklərimizi azaltmaq üçün üçüncü addımı atmaq qərarına gəlmişik və hesab edirəm ki, bu addımın detalları bir-iki günə elan ediləcək. Biz elan ediləcək yeni qərara, əsasən, əməl edəcəyik” - deyə, İran prezidenti vurğulayıb.

Qeyd edək ki, rəsmi Tehran bundan əvvəl dəfələrlə nüvə sazişini imzalamış Avropa ölkələrini İrana verdikləri iqtisadi vədləri yerinə yetirməməkdə günahlandırıb. O, Avropa ölkələrini təhdid edərək bildirib ki, əgər verilən iqtisadi vədlər yerinə yetirilməsə, İran nüvə fəaliyyətini yenidən bərpa edəcək. Ona görə də İran may ayında 2015-ci ildə “Altılıq” ölkələri ilə nüvə proqramına dair razılaşdırılmış öhədilkləri azaltmaq üçün ikinci addımı atıb.

Qeyd edək ki, həmin sazişə görə, İran uranı 3,67 faizdən artıq zənginləşdirə bilməz. Ekspertlər isə hesab edir ki, İrana nüvə silahı əldə etmək üçün uranı 20 faiz həcmində zənginləşdirmək kifayət edir. Artıq rəsmi Tehran qoyulan məhdudiyyətlərdən iki dəfə imtina edib. Bu isə nüvə proqramının bərpasına gətirib çıxara bilər. Ona görə də İranın öhdəliklərin imtinası istiqamətində 3-cü addımı atması qısa zamanda ABŞ-la münasibətlərin daha çox gərginləşməsinə səbəb ola bilər.

Prosesin bu cür inkişafı isə İranda geoiqtisadi və geosiyasi maraqları olan Fransa, Almaniya, Rusiya, Çin kimi ölkələri qane etmir. ABŞ-ın sanksiyaları səbəbindən rəsmi Tehranla ticarət və investisiya əlaqələrini məhdudlaşdırmağa məcbur olan bu ölkələr İran bazarını itirməmək üçün alternativ variantlar təklif etməyə başlayıb. Fransanın İrana 15 milyard dollar kredit verməyə hazır olduğunu bildirməsi də bu məqsədə xidmət edir. Bu vəsait İran iqtisadiyyatını böhrandan çıxarmağa kifayət edəcək qədər böyükdür. Lakin rəsmi Paris ABŞ-ın sanksiyaları qarşısında İrandan neft idxalı müqabilində 15 milyard dollar kredit ayırmağın demək olar ki, mümkünsüz olduğunu anlayır. Yəni İrana kredit ayıracaq Fransa bankları və ya neft almaq istəyən şirkətlər Vaşinqtonun sanksiyalarına məruz qala bilər. Avropanın aparıcı dövlətləri ABŞ-ın sanksiyalarından yayınmaq üçün ötən il İNSTEX pulköçürmə sistemini yaratsa da faktiki olaraq bu alternativ vasitə işləyə bilmədi. Sentyabrın 5-də ABŞ-ın Maliyyə Nazirliyinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” briqadasının rəhbərliyi atında fəaliyyət göstərən 16 şirkətə, 10 fiziki şəxsə və 11 neft gəmisinə sanksiya etməsi yəqin ki, rəsmi Parisi ehtiyatlı addım atmağa vadar edəcək. Çünki həmin sanksiyalara məruz qalanlar arasında Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Livan, Suriyaya məxsus nəqliyyat və gəmiçilik şirkətləri var.

Ona görə də Fransa rəhbərliyi İrana kredit təklif etməklə müstəqil siyasət yürütdüyünü nümayiş etdirsə də ABŞ amilini nəzərə almaq məcburiyyətində qalıb. Fransanın xarici işlər naziri Jan İv Le Drian Fransanın həmin krediti müəyyən şərtlər daxilində verməyə hazır olduğunu deməklə AŞ-ın maraqlarına qarşı çıxmadığını göstərib. Onun sözlərinə görə, kreditlər İranın nüvə sazişinə qayıtması, Fars körfəzində təhlükəsizliyi təmin etməsi və 2025-ci ildə Hərtərəfli Fəaliyyət Proqramının başa çatmasından sonra rəsmi Tehranın nə edəcəyinə aydınlıq gətirməsi nəticəsində ödənilə bilər.

İranın nüvə sazişinə dair öhdəliklərin növbəti mərhələsindən imtina etməsi öz növbəsində, Avropa ölkələrinə xəbərdarlıq məqsədi daşıyır. Çox güman ki, Tehran rejimi bu addımı atmaqla ABŞ-ın maraqlarını nəzərə almalı olan Fransaya və Avropa Birliyinə təzyiq edir.

Ekspertlərin fikrincə, Fransa Prezidenti yalnız Donald Trampın İrana qarşı sanksiyaların bir hissəsini ləğv edəcəyi halda, İrana maliyyə ayıra bilər. Emmanuel Makronun son vaxtlar ABŞ-la İran arasında dialoqa nail olmaq cəhdləri də bu məqsədə xidmət edir. Hələlik sözügedən təşəbbüsü nəticə verməyən Makron BMT Baş Asambleyasının sesiyası çərçivəsində Donald Trampla Həsən Ruhanini görüşdürə biləcəyinə ümid edir. Yəni Prezident Makron tərəflər arasındakı qarşıdurmanı dialoq müstəvisinə keçirməklə müəyyən yumşalmaya nail olmağa və İranla iqtisadi əlaqələrin bərpası üçün baza yaratmağa çalışır. Ancaq İran rəhbərliyi Trampla görüşün yalnız sanksiyalar ləğv ediləcəyi təqdirdə mümkün olduğunu bildirib. Həsən Ruhani İranın ABŞ-la birbaşa danışıqlar aparmayacağını bəyan edib. Ağ Evdə jurnalistlərlə görüşən Tramp isə sanksiyalardan sonra İranda yaşanan ağır iqtisadi böhran və yüksək inflyasiya həddinə də toxunub və razılaşma əldə edilərsə, ölkəsinin bu problemləri 24 saat ərzində həll etmək iqtidarında olduğunu deyib.

Tramp Makronun bütün səylərini yüksək dəyərləndirdiyini, lakin ABŞ-ın bu istiqamətdə digər ölkələrə ehtiyacı olmadığını deyib. “Bizim bu məsələdə öz siyasətimiz var. Hansısa ölkənin köməyinə ehtiyac duymuruq. Əgər belə olsaydı, onda İranın ən böyük neft müştərilərindən biri olan və bu ölkəylə yaxşı münasibətlərə sahib Yaponiyadan bunu istəyərdik. Biz bütün prosesləri özümüz izləyirik. Lazım gələrsə, özümüz müzakirəyə başlayarıq”- deyə ABŞ prezidenti əlavə edib.

Bəzi məlumatlara görə, İran danışıqlar zamanı Fransadan xahiş edib ki, günlük 700 min barel neft satışına imkan verilməsi üçün ABŞ-a müraciət etsin. Lakin ABŞ İranın neft sanksiyalarını qaldırmayacağını və istisna ölkələrə verilmiş möhlət hüququnu uzatmayacağını bəyan edir.

Həm İranın ilkin şərt irəli sürməsi, həm də ABŞ Prezidentinin sanksiyaların ləğv edilməyəcəyinə dair açıqlaması Həsən Ruhani ilə görüşün baş tutması ehtimalını sıfıra endirir.

Fransanın təşəbbüslərinin nəticə vermədiyini görən Rusiya İran bazarında yaranmış boşluğu doldurmağa çalışır. İranın enerji naziri Rza Ərdəkaniyan sentyabrın 2-də Moskvaya səfərinin nəticələrini şərh edərkən Rusiyanın neft-qaz sənayesinə 10 milyard dollar sərmayə qoymağa hazır olduğunu qeyd edib. Altı ildir sanksiyalardan əziyyət çəkən Rusiyanın bu imkanlarının nə qədər real olduğunu söyləmək çətindir. Eyni zamanda, İranın neft-qaz sektoruna sərmayə qoyan Rusiya şirkətlərinin ABŞ-ın qadağalarına məruz qalması riski var. Buna baxmayaraq, İran iqtisadiyyatının hazırda xarici investisiyalara ciddi ehtiyacının yarandığını görən Rusiya bu amildən yalnız iqtisadi deyil, siyasi maraqları naminə də istifadə etməyə çalışa bilər.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2366