hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hegemonların savaşı: Dövlətləri kimlər döyüşdürür?

Hegemonların savaşı: Dövlətləri kimlər döyüşdürür?

Son bir neçə gündə Hindistanla Çin arasında qarşıdurmalar yenidən şiddətlənib.

Hindistan rəsmilərinin 17 iyunda verdiyi açıqlamada 20 hindli əsgərin öldürüldüyü bildirilib. Çin rəsmiləri isə hələlik heç bir məlumat verməyib. Bəzi mənbələr isə 43-dən çox çinli əsgərin öldüyünü bildirir. Lakin hər iki tərəf bu məsələdə bir-birini günahlandırır.

Çin və Hindistan arasındakı 3500 kilometrlik sərhəd xəttinin böyük hissəsi iki ölkə arasında hegemonluq mübahisələrinə səbəb olur. Pekin rəhbərliyi "Cənubi Tibet" adlandırdığı Hindistanın Arunaçal Pradeş əyalətindəki 90 min kvadrat kilometrlik ərazi iddiası edərkən, Yeni Delhi rəhbərliyi isə Aqsay Çin yaylalarını əhatə edən 38 min kvadrat kilometr ərazinin Çin tərəfindən işğal edildiyini iddia edir. Çinlə Hindistan arasında baş verən hazırkı proseslər son 45 ilin ən şiddətli qarşıdurması hesab olunur.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bu məsələnin ABŞ və Rusiyanın siyasəti olduğunu deyib:

“Belə proseslərə pandemiyanın da heç bir təsiri yoxdur. Ərazi bütövlüyünə təhlükə yarananda münaqişələr heç bir problemə baxmayaraq başlayır və qan tökülür. Hindistan-Çin münaqişəsi çoxillik tarixə malikdir. Hələ sovet dövründən başlanan bu münaqişə indiyədək davam edir. Bununla əlaqədar BMT-nin bir neçə qətnaməsi var. Amma bildiyimiz kimi, aparıcı dövlətlər bu qətnamələrin arxasında durmadıqca, həmin sənədlərin heç bir gücü olmayacaq. Aparıcı dövlətlər isə biganəlik nümayiş etdirir. Qərb dövlətləri istədiyi vaxt onların siyasətinə uyğun olan dövlətin tərəfində dururlar. Hazırda ABŞ Çinə sanksiya tətbiq etdiyi üçün onun arxasında Rusiya dayanır. Hindistan isə daha çox qərbmeylli bir dövlətdir və Qərb müəyyən dərəcədə onu dəstəkləyir. Əslində bu qarşıdurma dolayısı ilə Çinlə Hindistanı dəstəkləyənlərin bölgədə güc nümayişi siyasətidir. Dünyada baş verən bir çox münaqişələr dəstəkləyicilərin istəyi ilə baş verir. Elə ATƏT-in Minsk Qrupunu götürək. O, 90-cı illərdən bizim bölgədə baş verən hadisələri nəzarətə götürərək imkan vermir ki, torpaqlarımızı azad edək. Əlimizi bağlayıb, məsələnin həllini uzadırlar. Onlar guya problemin dinc yolla həllini istəyirlər. Amma özləri də bilirlər ki, bu həll olunmayacaq. Yəni nə bizə imkan verirlər həll edək, nə də özləri bu işdə maraqlıdır. Sadəcə olaraq, münaqişə məsələlərində vasitəçi dövlətlərin müsbət cəhəti odur ki, qan tökülməsinə mane olurlar. Amma bu məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaq və bir müddətdən sonra yenə alovlanacaq. Çünki orada ərazi münaqişəsi və aparıcı dövlətlərin maraqları var. Eyni zamanda, orada ən radikal qüvvələrin də mövqeləri kifayət qədər güclüdür”.

Ekspert deyib ki, dövlətlər arasında münaqişə ocaqlarının yaradılması və istənilən vaxt onun körüklənməsini həyata keçirmək siyasəti zamanında müstəmləkəçi dövlətlərin düşündüyü konsepsiyadır:

“Qonşu ölkələr arasında münaqişə ocaqlarının yaradılması onları dolayısı ilə idarə edən böyük dövlətlərin birmənalı konsepsiyasıdır. Hələ bu dövlətlər yaranandan həmin siyasət düşünülüb ki, onların idarə olunması rahat olsun. Böyük Britaniya ötən əsrin 60-cı illərində Asiya və Afrikadakı müstəmləkələrinə guya müstəqillik hədiyyə edirmiş kimi dövlət yaratmalarına imkan verəndə, qabaqcadan düşünülmüş siyasətini tətbiq edərək əraziləri öz məqsədlərinə uyğun paylayıb və həmin dövlətlər arasında münaqişə ocaqları formalaşdırıb. İsrail- Fələstin münasibətləri də oxşardır. BMT-nin 1948-ci ildə qəbul etdiyi qərarla Fələstin dövləti qurulmalı idi. Amma qurulmadı, imkan vermədilər. Çünki İsrailin arxasında böyük dövlətlər var. İsrail istəyir ki, İordan çayının qərb hissəsini yenidən işğal etsin. Hətta bu işğalı iyul ayında edəcəyini açıq bəyan edib. Ona görə ki, İsrailin arxasında ABŞ dayanıb. ABŞ isə superdövlətdir. Amerika ilə İsrail arasında bütün sahələrdə münasibətləri sıxdır. Göründüyü kimi, münaqişə baş verən bütün dövlətlərin arxasında böyük güclər dayanır və oyunu onlar oynayır”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 34585