hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Hansı yaşda sürücülük hüququ məhdudlaşdırılır?

Hansı yaşda sürücülük hüququ məhdudlaşdırılır?

Sürücünün cinsi və yaşı olmaz. Yetər ki, onun sağlamlığı yerində olsun. Böyük Britaniya kraliçası II Elizabetin həyat yoldaşı Edinburq Şahzadəsi Filip sürücülük vəsiqəsindən imtina edib. 97 yaşlı şahzadənin bu addımı səbəb olduğu avtomobil qəzası olub.

Azərbaycanda sürücülük hüququ ilə bağlı maksimum yaş həddi qanunda müəyyən edilməyib. Yəni yaşlı sürücülərlə bağlı yaş maksimumu müəyyən edilməyib. Amma zaman-zaman yaşlı sürücülərin avtoqəzalar törətməsi və ya sükan arxasında qəfil ürək dayanması hallarını eşitmişik.

Maraqlıdır, həm şəxsi, həm də ictimai nəqliyyatda Azərbaycanda hansı yaşdan sonra sürücülük etmək olmazə

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda sürücülüklə bağlı heç bir yaşda məhdudiyyət yoxdur:

“18 yaşdan yuxarı hər bir şəxs imtahan verib sürücülük vəsiqəsi ala bilər. Bu proses 60 yaşa qədər davam etdirilir. Sürücülük vəsiqəsi 10 ildən bir tibbi müayinədən keçmədən dəyişdirilir. 60 yaşda isə tibbi müayinədən keçməklə 2 ildən bir sürücülük vəsiqəsi dəyişdirilir. Şəxsin sağlamlığı imkan verirsə, 100 yaşına qədər avtomobil idarə edə bilər. İctimai nəqliyyatı idarə etməyə isə 60 yaşdan yuxarı icazə verilmir. Yəni sürücülük vəsiqəsində yalnız minik avtomobili üçün lazım olan kateqoriya saxlanılır, digərləri isə silinir.

Təəssüflər ki, bölgələrdə hələ də yaşlı sürücülərimiz var. Son illər belə insanların iştirakı ilə kifayət qədər yol-nəqliyyat hadisələri baş verir. Sükan arxasında infarkt keçirir və qəza törədir. Ölkə başçısının sərəncamı ilə ötən il “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olundu. Bu proqramda sürücülük vəsiqəsi və tibbi arayışla bağlı müəyyən müddəalar yer alıb. Yaşlı insanların qəza törətməsi məsələsində yol polisini qınamaq düzgün deyil. Çünki yol polisi tibbi arayışa əsaslanır. Arayışı isə Səhiyyə Nazirliyinin hansısa tibb məntəqəsi verir. Bu məsələ çox önəmlidir”.

Qeyd edək ki, 65 yaşı tamam olan şəxs marşrutlar üzrə sərnişin avtobusunda sürücü işləyə bilməz. Həmin şəxslərin şəxsi avtobus idarə etmələrinə qadağa qoyulmayıb. Bu yalnız şəhərdaxili və şəhərətrafı marşrut xətlərindəki avtobuslara aiddir. Məsələn, kiminsə "D" kateqoriyasına düşən nəqliyyat vasitəsi varsa, onu idarə etmək üçün yaşı 65-dən çox olan sürücü tapırsa, buna qadağa qoyulmur. 65 yaşı tamam olan şəxsin sürücülük hüququ əlindən alınmır. Sadəcə olaraq, "Avtomobil nəqliyyatı haqqında" qanunda göstərilib ki, kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarda istifadə olunan avtobuslarda 65 yaşdan yuxarı sürücü fəaliyyət göstərə bilməz.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 7567

Bizim Telegram səhifəmizi izləyin