hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Get və yalan söylə…

Get və yalan söylə…

Dünyanın idarə olunması az qala tam mənasıyla yalan üzərində bərqərar olub.

Əvvəllər yalnız “güclü olan qalibdir” devizi işlək idisə, indi artıq yalan da onun tərkibinə qatılıb: güclü və yalançı, güclü yalan, yalanın gücü, gücün yalanı və s. İllər öncə insanlar arasında “qəzet yalan yazmaz”, “televiziyada deyilənə inanım, yoxsa kütlənin sözünə?” kimi güvənli bir etibar vardı mediaya. Bu günsə gözünün gördüyünü, qulağının eşitdiyini bəzən media yüz faizlik yalan kimi sırıyır sənə. Özü də bu yalanı o qədər peşəkarcasına edirlər ki, özün də inanmağa başlayırsan. Yalanın çeşidləri elə inkişaf etdirilib ki, insanlar tərəddüd və qeyri-müəyyənlik içində mənən şikəst olmaqdadır. Evlərin, ailələrin  içərilərinə nüfuz edib bu yalanlar. 

1991-ci ildə SSRİ dağılanda hamı sevindi ki, sosializm sistemi qürub etdi və sovet yalanları daha insanların beynini dəlməyəcək. Yalanların yalanlanması üçün Amerika, Avropa dəyərlərinə, yüksək şüurlu Qərb cəmiyyətindəki həqiqətlərə üz tutduq. Hətta belə həqiqətlərin anonsunu da müşahidə etdik. Rahatlanmış kimi daha dərinliklərə varmağa çalışdıq. Ölkəmizdə demokratik təsisatları inkişaf etdirdik, demokratik institutlar qurduq, qeyri-hökumət təşkilatlarını ərsəyə gətirdik, tərəfsiz qəzetlər çıxardıq. Amma zaman-zaman nəyinsə yolunda getmədiyini gördük. Həqiqətin başqa üzünü də arabir görə bildik. Hətta elə oldu ki, gizli üzünü daha çox gördük. Dünya siyasi sisteminin həqiqət altında gizlətdiyi yalanları gördükcə qorxduq, inamsızlaşdıq, cəsarətsizləşdik, dünyaya, cəmiyyətə, ailəmizə və ən nəhayət özümüzə inamımız sarsıldı. Sarsılmış inamla da hansısa bir işin qulpundan yapışmaq mümkünsüzdür. Gülməlisi odur ki, mən Qarabağ döyüşlərində öz gözümlə gördüklərimi qələmə alırdım, amma üstündən 15-20 il keçəndən sonra gördüm ki, sən demə yazdıqlarımın hamısı “yalan” imiş. Bax, yalanın gücü bundadır.

Yuxarıda dediyim kimi, əgər əvvəllər hakimiyyətləri, siyasi məqsədləri qorumaq üçün daha çox güc istifadə olunurdusa, son illər daha “rahat” yoldan – yalandan yararlanırlar. İnsanları yalanla yatızdırıb, yalanla qaldırırlar. Sanki zombiləşmiş bir duruma gətiriblər insanları. Təsəvvür edin ki, çox yüksək rütbəli məmur efirdə deyir:

“Siz nə danışırsınız, yol polisi ömür boyu rüşvət almayıb. Bunlar hamısı cəfəngiyyatdır. Olsa-olsa respublika üzrə iki və ya üç belə polis olar ki, onları da dərhal işdən azad edirik”... 

Son 20 ildə Qarabağın azad olunacağı vədlərinə nə qədər inandırıblar bizi. Qərb neçə dəfə deyib ki, müxalifət bir olsa, dəstək verəcək? 2005-ci ildə də, 2013-cü ildə də narazı elektorat birləşdi, bəs nə oldu? Vədlər niyə doğru olmadı? Bir vaxtlar Ermənistanda da “arxanızda durmuşuq, yalnız irəli gedin!” deyib müxalifəti birləşdirdilər. Onlar da saxtakarlığa qarşı əzm göstərəndə baxdılar ki, arxalarında bir kimsə yoxdur. Hətta 10-dan çox etirazçı güllələnsə də, vəd verənlərdən səs çıxmadı. İslam Kərimov Özbəkistanın Ərzincanında 3 minə yaxın etirazçını qanına qəltan etdirdi, amma ona “qaşın üstdə gözün var” deyən olmadı. 

Türkiyədə, İraqda, İranda kürd milliyyətçilərini yalanlarla qızışdırıb “sizə dövlət qururuq” deyib neçə min insanın ölümünə də yalanlarla bais oldular. Qarabağda bizi aldatdılar, BMT 4 qətnamə çıxardı və beləcə camaata reanimasiyalıq ümid verdilər. 

Ukrayna xalqını da yalanlarla meydana atıb Rusiyanın cənginə saldılar. Qərbə güvənən bu xalq sonucda torpağının əhəmiyyətli bir hissəsini itirdi, daha bir ərazisini də təhlükəli altına saldı və hətta silahlı münaqişənin başlanma ehtimalı da gündəmə gəlib. Bu məqamda Rusiya rəsmilərinin dünyaya ən demokratik bir ölkə kimi təqdim olunması bəlli yalanların bəlkə də ən pik nöqtəsidir. Sergey Lavrovun açıqlamalarına baxanda adama elə gəlir ki, dünyamıza sülhü məhz o gətirəcək.

*

Qədim Çin pritçalarından birində yazılıb ki, bir müdrik Həqiqət axtarışı ilə yola çıxır. Bütün ömrünü buna həsr edir. Artıq yaşlaşanda öyrənir ki, axtardığı Həqiqət uca bir dağın dərin bir mağarasındadır. Gəlib mağaranı tapır və içəri girir. Görür ki, Həqiqət nimdaş bir geyimdədir, bədənini yara basıb, əlində qurd düşmüş çörək yeyir. Müdrik ona yaxınlaşıb “Sən Həqiqətsənmi?” soruşur. “Bəli” cavabını eşidir. Təəccüblü gözləri ilə ona baxan müdrik deyir: “Bəs mən insanlara Həqiqətin belə olduğunu necə deyim?”. Həqiqət cavab verir: “Get yalan söylə!”

Səbuhi Rəhimli
Cebhe.info


Oxunma sayı: 629