hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Gələn ilin büdcəsi: Hansı sahələrə diqqət ayrılacaq?

Gələn ilin büdcəsi: Hansı sahələrə diqqət ayrılacaq?

Azərbaycan Respublikası 2020-ci il üzrə dövlət büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə müzakirə olunacağı tarixlər müəyyənləşib. 

Dövlət büdcəsi zərfinə daxil olan sənədlər Milli Məclisin noyabrın 12-si, 13-ü və 14-də keçirilməsi nəzərdə tutulan plenar iclaslarında müzakirə olunacaq. Dövlət büdcəsi zərfinə daxil olan sənədlər yaxın günlərdə Milli Məclisə daxil olacaq.

Qeyd edək ki, bir qədər əvvəl Maliyyə Nazirliyi tərəfindən 2020-ci il ilin dövlət və icmal göstəriciləri açıqlanıb. Azərbaycan Respublikasının büdcə sistemi haqqında qanunvericiliyinə əsasən, icmal və dövlət büdcəsinin layihələri Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti öz növbəsində həmin layihələrə baxaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir. Növbəti mərhələdə icmal və dövlət büdcəsinin layihələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilir. Qeyd olunan mərhələlərdə icmal və dövlət büdcəsi layihələrinə dəyişikliklərin edilməsi mümkündür. 

Gələn il üçün büdcə zərfində nələr nəzərdə tutulub? Dövlət büdcəsinin gəlir və xərcləri nə qədər proqnozlaşdırılıb, büdcədə neftin qiyməti neçə dollardan götürülüb, manatın məzənnəsi ilə bağlı proqnozlar necədir? Sosial sahələrə hansı vəsaitlərin ayrılması nəzərdə tutulur? 

Büdcə 57 faiz neft, 43 faiz qeyri-neft gəlirlərindən təşkil oluncaq 

Öncə qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri (10536,5 mln. manat) 43 faiz, neft gəlirləri (13947,5mln. manat, o cümlədən Dövlət Neft Fondundan transfert 11767,5 mln. manat) isə 57 faiz təşkil edəcək. Qeyd edək ki, 2020-ci il üzrə dövlət büdcəsinin tərkibində gözlənilən qeyri-neft gəlirləri cari ilə nisbətən 1068,8 mln. manat və ya 11,3 faiz çoxdur. 

Sosial yönümlü xərclər 40,7 faiz təşkil edəcək

2020-ci ildə dövlət büdcəsinin xərcləri 25617,7 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 mln. manat çoxdur. İlkin parametrlərə görə, ənənəvi olaraq, büdcənin sosial yönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Büdcə xərclərinin tərkibində sosial yönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2664,2 mln. manat çoxdur. 2020-ci ildə əməyin ödənişi üzrə xərclər - 6723,4 mln. manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər - 3213,4 mln. manat (o cümlədən, Dövlət Sosial Müdafiə Fonduna transfert 1426,9 mln. manat), icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər - 902.9 mln. manat, ərzaq məhsullarının alınması və təminatı xərci - 414,0 mln. manat və digər sosialyönlü xərclər 81,2 mln. manat təşkil edəcək. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və orta müddətli dövrdə də davam etdiriləcək. İnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi, məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət sifarişi əsasında tələbə qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaqdır. Xərc siyasətinin digər mühüm istiqaməti ərzaq təhlükəsizliyinin təmin edilməsi olacaq. Bununla əlaqədar, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün müvafiq təşviq mexanizmləri formalaşdırılacaq, maliyyə dəstəyi və subsidiyalar ayrılacaq.

Səhiyyəyə əhəmiyyətli maliyyə vəsaitinin ayrılması, məcburi köçkünlər üçün evlərin tikintisi nəzərdə tutulur

2020-ci ilin xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsində islahatların dəstəklənməsi olacaqdır. Belə ki, gələn ildən başlayaraq ilk dəfə olaraq bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi planlaşdırılır ki, bu məqsədlə dövlət büdcəsində əhəmiyyətli maliyyə vəsaiti nəzərdə tutulub. Dövlət büdcəsinin vəsaiti hesabına həmçinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) o cümlədən, nəqliyyat, kommunal infrastruktur, melioriasiya, sənaye və energetika, kənd təsərrüfatı sahələrində infrastruktur layihələri, təhsil, səhiyyə, idman, mədəniyyət obyektlərinin, əlil və şəhid ailələri üçün evlərin tikintisi və digər sosial yönümlü layihələr, habelə, xüsusi müdafiə və hərbi təyinatlı layihələr və tədbirlərin maliyyələşdirilməsi təmin ediləcək. Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisi proqramı davam etdiriləcək. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1133,7 mln. manat olması planlaşdırılır ki,bu da cari ilin göstəricisindən 888,3 mln. manat və ya 43,9 faiz azdır. Ənənəvi olaraq, kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, özəlləşdirmədən daxil olmalar və vahid xəzinə hesabının qalığı hesabına aparılacaq. 2020 - ci ildə ölkədə ÜDM - in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 mlrd. manat, o cümlədən qeyri - neft ÜDM-in artımı 3,3 faiz olmaqla 54,2 mlrd. manat təşkil edəcək. 

2,5-dən 4,6 faizə yüksələn inflyasiya 

Qeyd olunur ki, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmaqda davam edəcək. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 65,8 faizə, neft sektorunun payının isə 34,2 faizə bərabər olacağı proqnozlaşdırılır. Qeyd edək ki, icmal və dövlət büdcəsinin ilkin göstəricilərində maraq doğuran proqnozlardan biri də inflyasiya səviyyəsi ilə bağlıdır. Belə ki, cari ilin sonuna inflyasiya səviyyəsinin 3,7 faizə bərabər olacağı proqnozlaşdırılır. 2020 - ci ildə inflyasiya səviyyəsinin 4,6 faizə qədər artması gözlənilir. Daha sonrakı illərdə də inflyasiyanın səviyyəsinə dair rəqəmlər öz əksini tapıb. 2021-ci il üçün 4,5 faiz, 2022-ci ildə 4,1, 2023-cü ildə isə 3,9 faiz inflyasiya proqnozlaşdırılır. Xatırladaq ki, Cari  ilin  ilk  yarısında istehlak  qiymətlərinin  indeksi  (inflyasiya)  2,5  faiz  təşkil edib. 

55 dollardan neft, 1,7 dollarlıq manat proqnozlaşdırılır

Azərbayan iqtisadiyyatı neftdən asılı olduğuna görə,  büdcədə neftin hansı qiymətdən götürülməsi də maraq doğuran məsələlərdən biridir. Qeyd edək ki, 2020 - ci  il  üçün  ixraca  yönələn  1  barrel  xam  neftin  qiyməti  55  ABŞ  dolları  səviyyəsində proqnozlaşdırılır. Manat/ABŞ  dollarının məzənnəsinin isə 1.7 səviyyəsində olması proqnozlaşdırılır.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1420