hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Fransaya verilən “Qarabağ dərsi”: “Azərbaycan rəhbərliyinin bu mövqeyini tam doğru hesab edirəm” - TURAL ABBASLI

Fransaya verilən “Qarabağ dərsi”:  “Azərbaycan rəhbərliyinin bu mövqeyini tam doğru hesab edirəm” - TURAL ABBASLI

“Bizə humanizmdən dərs verməyə çalışan ölkələrin yaxın keçmişləri insan cinayətləri, utancverici tarixi faktlarla doludur”

Bir sıra xarici dairələr hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə barışmaq istəmir və Azərbaycana qarşı müxtəlif bəyanatlar səsləndirirlər. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığını və münaqişənin öz həllini tapdığını deyən Prezident İlham Əliyev bildirib ki, bu məsələyə qayıtmaq əbəsdir:

“Dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun”.

Baş verən proseslərlə bağlı AĞ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, burada məsələ təkcə ayrı-ayrı mövzulara müxtəlif dövlətlərin yanaşmasına reaksiya deyil:

“Bu, ümumi bir yanaşmadır, hər bir dövlətin daxili məsələləri var. İstər beynəlxalq hüquqda, istər siyasi etiketdə dövlətlər bir-birinin daxili işinə müdaxilə edə bilməz. Qarabağ bizim daxili işimizdir, biz xəyanətin qurbanı olmuşuq və bu problemi öz gücümüzə həll edirik. Həmin problem 30 ilə yaxın bir müddətdə Fransanın, Kanadanın, Amerikanın, Rusiyanın ümidinə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların ümidinə buraxılmışdı ki, bu münaqişəni siz həll edin. Azərbaycan mümkün olandan artıq güzəştlərə hazır idi. Ancaq bu münaqişə ədalətli şəkildə və ümumiyyətlə, həll edilmirdi. O zaman Azərbaycan özü bildiyi, haqqı olan yolla ədaləti bərpa etməyə çalışdı və bərpa etdi. İndi bəzi dövlətlər başlayıblar ki, hansısa məsələ düz deyil. “Hərbi Qənimətlər Parkı vəhşilikdir”, “Qarabağı tanıyın və status verin”, “ATƏT-in Minsk qrupunu “dirildin”” kimi fikirlər səsləndirirlər.

Təbii ki, ölkə başçısı buna reaksiya verməli, konkret fikir bildirməli idi. Gülməli odur ki, bizə humanizmdən, insanlıqdan dərs verməyə çalışan ölkələrin yaxın keçmişləri qan-qada, insan cinayətləri, utancverici tarixi faktlarla doludur. Fransanı götürsək, Əlcəzairdən Afrikanın yarısınadək insanlara qarşı soyqırım törədiblər. İndi bizə gəlib yol göstərməyə çalışırlar. Bu gün Azərbaycan rəhbərliyinin bu mövqeyini tam doğru hesab edirəm. Dünyada tutduğu mövqeyindən, bu günə qədər oynadığı roldan asılı olmayaraq, Qarabağ məsələsi Azərbaycanın qırmızı xəttidir. Bu məsələdə Azərbaycanın qarşısında olan istənilən ölkə reaksiyamızı görməlidir”.

Partiya sədri bildirib ki, nəhayət ki, Azərbaycan özünü dünyanın sahibləri hesab edən bəzi dövlətlərə həqiqəti izah etməlidir:

“Biz kiçik dövlət ola bilərik, büdcəmiz kiçik ola bilər, ancaq öz işimizə kiminsə qarışmasına imkan verə bilmərik. Azərbaycan öz fikrini qısa və konkret bütün dünyaya çatdırmalıdır. Digər ölkələrə gəldikdə isə Fransa, Kanada, yaxud Ermənistanı dəstəkləyən digər Avropa dövlətlərinə səslənmək lazımdır ki, seçimlərini etsinlər. Ya uşaq, körpə qatili, terrorçu, heç bir iqtisadi, siyasi gücə malik olan bir dövləti seçəcəklər, ya da regionda yaxın gələcəkdə real gücə çevriləcək, regionun lider ölkəsi olacaq Azərbaycanın yanında duracaqlar. Təbii sərvətlərlə zəngin, müttəfiqliyə sadiq, dünyanın gələcək yeni düzənində önəmli rola malik olacaq Azərbaycanın yanında olsunlar. Biz bu seçimi onların qarşısına konkret qoymalıyıq. Hərə öz seçimini etsin və o seçimdən irəli gələn məsuliyyəti qəbul etsin”.

Nigar
Cebhe.info


Oxunma sayı: 6139