hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Əməliyyatda son nöqtə: Türkiyə nə qazandı?

Əməliyyatda son nöqtə: Türkiyə nə qazandı?

ABŞ Prezidenti Donald Tramp Suriya ilə bağlı əldə olunmuş rıazılaşmaya görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. 

“Təşəkkürlər, Ərdoğan. Milyonlarla həyat xilas oldu” - deyən Prezident Tramp Texas ştatına səfəri zamanı bildirib ki, Türkiyəyə sanksiyaların tətbiqinə ehtiyac olmayacaq. “Türkiyə edəcəyini etdi. Konqresin sanksiyalarına ehtiyac görmədim. Çünki ehtiyac yaranarsa, Konqresdən daha ağır sanksiyalar tətbiq etmək hüququm var. Buna hazır idim. Sadəcə olaraq, dostum Ərdoğana təşəkkür etmək istəyirəm. Aramızda bir problemin olmamasından məmnunam. Çünki o, böyük bir liderdir” - ABŞ Prezidenti belə söyləyib. 

Donald Tramp qeyd edib ki, kürd yaraqlıları Türkiyənin istəyinə uyğun olaraq sazişdə göstərildiyi kimi beş gün ərzində təhlükəsizlik zonasından kənara çıxa bilər. Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Mayk Penslə Prezident Ərdoğan arasında keçirilən görüşdə “Sülh çeşməsi ” əməliyyatının dayandırılması ilə bağlı razılaşma əldə olunub. Sazişə əsasən, ABŞ və YPG/PYD terrorçuları beş gün və ya 120 saat ərzində Suriyanın şimal-şərqində hərbi əməliyyatların keçirildiyi 32 kilometr enində təhlükəsizlik zonasını tərk edəcək. Bunun müqabilində, ABŞ Prezidenti Türkiyəyə qarşı sanksiyaların tətbiqini dayandıracaq. 13 maddəlik müqavilədə Türkiyə Kobaniyə hər hansı müdaxilə etməyəcəyi haqda ABŞ-ın təklifini qəbul edib.

Mayk Pens bəyan edib ki, ABŞ “Sülh çeşməsi ” əməliyyat zonasından YPG silahlılarının çıxarılmasına kömək edəcək: “Hər şey qaydasında olduğundan, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi də gündəmdə olmayacaq”.

Terror təhlükəsi aradan qalxdımı? 

Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Mayk Pens Türkiyə ilə atəşkəs sazişinin imzalandığını deyib. Lakin rəsmi Ankara bu fikirlə razılaşmır. Belə ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu atəşkəsin deyil, əməliyyatların müvəqqəti dayandırılmasına dair razılaşmanın əldə olunduğunu bildirib. Mövlud Çavuşoğlu vurğulayıb ki, söhbət atəşkəsdən getmir. Onun sözlərinə görə, YPG-nin “təhlükəsizlik zonasını” tərk etməsi üçün Ankara sadəcə, əməliyyatı dayandırıb. Yalnız bundan sonra hücum tam dayandırılacaq. Çünki rəsmi Vaşinqtonun əvvəlcə kürd terrorçuları ilə Türkiyə arasında atəşkəsin imzalanması üçün vasitəçilik etmək təklifini irəli sürmüşdü. Bu isə Türkiyənin PYD/YPG terrorçularını bəbarərhüquqlu tərəf kimi tanıması demək idi. Ona görə də Ərdoğan iqtidarı ilk gündən bu təklifi rədd etdi. Yəqin, buna görə Ankarada aparılan danışıqların nəticəsində əldə edilmiş və Ağ Evin “atəşkəs” adlandırdığı saziş ABŞ-la Türkiyə arasında imzalanmalı oldu. Görünür, ABŞ-ın bu məsələdə Türkiyənin həssaslığını qəbul etməsi PYD/YPG-nin “oyundan kənar vəziyyət”də qalmasına səbəb olub. Bu isə Türkiyənin maraqlarına cavab verdiyindən pezident Ərdoğanın sazişi imzalamasında mühüm rol oynayıb. Ancaq həm Ankaradan, həm də Vaşinqtondan gələn son açıqlamalar tərəflər arasında etimadsızlıq mühitinin hələ aradan qalxmadığını göstərir. Türkiyənin xarici işlər nazirinin sözləri YPG terrorçuları ilə bağlı təhlükənin hələ qaldığını deməyə əsas verir. Doğrudur, “Sülh çeşməsi” əməliyyatı zamanı Türkiyə PKK-nın Suriya qanadına sarsıdıcı zərbələr endirə bilib. 700 nəfərə yaxın terrorçu məhv edilib, 40 nəfəri ələ keçirilib. PYD/YPG-nin Suriyanın şimal-şərq ərazilərindəki bütün hərbi ehtiyatları və infrastrukturu məhv edilib. Türkiyə 2016-cı ildən başlayaraq 911 kilometrlik Suriya ilə sərhədi boyunca təhlükəsizlik zolağı yaratmaq planını həyata keçirə bilib. Lakin sözügedən saziş kürd terroru probleminin tam həlli anlamına gəlmir. Sadəcə olaraq, yaraqlıların böyük əksəriyyəti Suriya ordusunun və YPG-nin nəzarətində olan cənub-şərq bölgələrinə çəkiləcək. Bir qisminin isə şimali İraqa, digər ərəb ölkələrinə və Avropa dövlətlərinə yayılacağı gözlənilir. 

Problemin tam həlli isə bölgədə marağı olan geosiyasi güclərin münasibətindən çox asılıdır. Ərdoğan hakimiyyəti Tramp administrasiyası ilə saziş imzalamasına baxmayaraq, razılaşmanın reallaşması imkanları hələ möhkəm deyil. Belə ki, vitse-prezident Pens Ankarada əldə etdiyi razılaşma ABŞ Senatında ciddi müqavimətlə qarşılaşıb. Amerikalı senatorlar Türkiyəyə qarşı sanksiyalarda israrlıdır. Onlar Türkiyə lideri Rəcəb Tayyip Ərdoğana etimad etmədiklərini bildirir. ABŞ Senatının bəzi üzvləri Türkiyə əleyhinə sanksiya layihəsi ilə bağlı imzaların toplanmasını davam etdirmək qərarına gəlib. Bu barədə “Bloomberg” agentliyinə respublikaçı senator Lindsi Qraham və Merilenddən demokrat Kris Van Hollen məlumat verib. “Türkiyə Suriyanı tərk etməsə, ona güclü zərbə endirməyə hazırıq”, - deyə Qraham bildirib. Senatorlar atəşkəs sazişini dəstəklədiklərini, ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana inanmadıqlarını deyiblər. Respublikaçı senator Marko Rubionun sözlərinə görə, ABŞ ilə Türkiyə arasında əldə olunmuş razılığın kürdlərə heç bir xeyri yoxdur. Senator qeyd edib ki, vitse-prezident Pens və Ərdoğanın əldə etdiyi razılıq əslində, kürdlər üçün belə bir anlam daşıyır: “Buradan çıxmaq üçün yüz X saatınız var, əks təqdirdə, sizi öldürəcəyik”. Başa düşdüyüm qədərilə, bu, atəşkəs sazişi deyil”, - deyə o əlavə edib.

Senatorların açıqlaması yaxın günlərdə Prezident Trampa qarşı qanunverici orqanın təzyiqlərinin güclənəcəyini söləmək üçün əsas yaradır. Bu isə qoşunları Suriyadan çıxartmasına baxmayaraq, özünü siyasi cəhətdən sığortalamaq üçün Türkiyəyə sanksiya tətbiq etmək qərarına gəlmiş Ağ Evin rəhbərini Türkiyə ilə sazişə yenidən baxmağa vadar edə bilər. Yəni Ankarada imzalanmış razılaşmanın həyata keçməsi Donald Trampın Konqreslə münasibətlərindən asılıdır. Əgər Prezident öz mövqeyində israr nümayiş etdirərsə, rəsmi Ankara Suriyanın şimal-şərq hissəsində dinc yolla təhlükəsizlik zolağı yaratmaq imkanı əldə edəcək. Konqresin təzyiqləri qarşısında Tramp geri çəkilməli olsa və Türkiyəyə qarşı sanksiyalar qanunverici orqan tərəfindən yenidən gündəmə gətirilərsə, o halda, hərbi əməliyyatlar yenidən başlaya bilər. Bu baxımdan, Ərdoğan iqtidarı Penslə əldə olunmuş sazişə antiterror əməliyyatlarının müvəqqəti dayandırılması kimi yanaşır. Yəni “Sülh çeşməsi”nin davam edib-etməməsi Ağ Evin gələcək addımlarından asılı olacaq. 

Üstəlik, ABŞ-Türkiyə razılaşması görünür, Rusiyanı da qane etmir. Daha doğrusu, Kreml sazişin detallarının Rusiyanın bölgədəki maraqlarına cavab verməməsindən narahatdır. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov "Türkiyədən məlumat almağı gözləyirik"-deyə məsələyə münasibət bildirib. 

Ona görə də prosesin Türkiyənin maraqlarına uyğun yoluna qoyulması üçün Prezident Ərdoğan çoxtərəfli və balanslaşdırılmış anlaşmaya nail olmalıdır. Bu baxımdan, R.T.Ərdoğanın oktyabrın 22-də Moskvaya səfəri zamanı kürd yaraqlılarına qarşı ABŞ-Türkiyə əməkdaşlığının Rusiyanın maraqlarına zidd olmadığına Prezident Vladimir Putini inandırmağa çalışacaq. 

ABŞ qoşunlarının bölgəni tərk etməsi ABŞ-ı nə qədər məmnun etsə də, Türkiyənin Suriyada təsir dairəsinin genişlənməsi Tehran rejimini qane etmir. Bu, Türkiyəni regional gücə çevirməklə yanaşı, Bəşər Əsəd hakimiyyətinə də təzyiq imkanlarını artıracaq. Prezident Ərdoğan YPG terrorçularının bölgədən çıxardılmasında Əsəd ordusunun yardımına etiraz etmədiyini bildirir. Lakin PYD/YPG ilə əməkdaşlıq sazişi imzalayan Bəşər Əsəd hakimiyyətinin terrorçuları yenidən bölgəyə qaytarmayacağına təminat yoxdur. Ona görə də böyük ehtimalla, Türkiyə Prezidenti Moskvada Əsəd ordusunun Fərat çayının qərbindəki ərazilərdən çıxarılmasına V.Putini razı salmağa çalışacaq. Türkiyə isə həmin bölgədə təhlükəsizlik zonası yaratmaqla sülhməramlı qüvvələr yerləşdirməklə mövqelərini qoruyub saxlamağa çalışa bilər.

Türkiyə niyə çəkildi? 

ABŞ-la razılaşma Türkiyəyə nə qədər siyasi dividend gətirdi? İndi analitiklər daha çox bu suala cavab axtarır. İlkin müşahidələr Türkiyənin bu razılaşmadan mənfəətlə çıxdığını göstərir. 

İlk növbədə, Ərdoğan iqtidarı Cerablusdan İraqı Suriya ilə sərhədindəki Süleymaniyyə şəhərinə qədər olan 450 km uzununda və 32 km enində əraziyə nəzarəti ələ ala bildi. Türkiyə silahlı qüvvələri Kobaniyə daxil olmasa da həmin bölgədən ABŞ-ın vasitəsilə PKK terrorçularının çıxarılmasını təmin edə bildi. Bununla da Türkiyə Hatay vilayətinin sərhədindən İraqa qədər 911 kilometrlik sərhəddi boyu bufer zona yaratmağa nail oldu. Bu zona Türkiyənin Suriya ilə sərhəddinin terrorçulardan təhlükəsizliyini tam təmin edəcək. Nəticədə, Türkiyə PKK terror təhlükəsi aradan qalxmaq səviyyəsinə yaxınlaşacaq. 

İkincisi, Türkiyəyə bufer zonanın yaradılmasına nail olmaqla yanaşı, həm də ABŞ-n sanksiyalarını aradan qaldırmış olacaq. Bu isə Türkiyə iqisadiyyatını bir sıra təhlükələrdən xilas edəcək. 

Üçüncüsü, Türkiyə ölkə iqtisadiyyatın son yeddi ildə ağır zərbə vurmuş qaçqın probleminin həllində ciddi addım ata biləcək. Təhlükəsizlik zonalarının yaradılması 3 milyon 650 min nəfər qaçqını geri qaytarmağa şərait yaradacaq. Bu isə Türkiyənin dövlət büdcəsindən qaçqınlara ayrılan bir neçə milyard dollar vəsaitin sosial-iqtisadi sahələrə yönəldirməsinə imkan verəcək. 

Dördüncüsü,”Sülh çeşməsi” əməliyyatı və əldə edilən hərbi-siyasi uğurlar Prezident Ərdoğana ictimai rəyi son dövrlər hakim Ədalət və İnkişaf Partiyası daxilində cərəyan edən bölünmə prosesindən yayındırmağa kömək etdi. Bu, eyni zamanda Əli Babacan, Əhməd Davudoğlu kimi nüfuzlu siyasətçilərin istefası və müxalif Cümhuriyyət Xalq Partiyasının reytinqinin artması fonunda zəifləmiş AKP iqtidarına siyasi dayaqlarını möhkəmlətmək şansı yarada bilər. Beşincisi, terrorizmə qarşı mübarizəyə dair Ərdoğan-Pens razılaşması bölgədə Türkiyə ilə ABŞ arasında uzun müddətdir davam edən gərginliyin aradan qalxmasında “açar rolunu” oynaya bilər. 

Altıncısı, Suriyadakı geosiyasi mövqelərinin güclənməsi Türkiyəni Yaxın Şərqin ən aparıcı dövlətlərindən birinə çevirə bilər. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2102