hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Çevik idarəetməyə keçidin Azərbaycan modeli

Çevik idarəetməyə keçidin Azərbaycan modeli

Ölkədə aparılacaq islahatların anonsu hələ 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən verilmişdi. 

Mərhələli şəkildə aparılan islahatların əsas qayəsində idarəetmənin optimallaşdırılması, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsi, bürokratik əngəllərin ləğvi dayanırdı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) yaradılması da bunun bariz nümunəsidir. 2012-ci ildə yaradılan bu xidmət qısa zamanda dünya ölkələri üçün bir nümunəyə çevrildi və Azərbaycan təcrübəsini qabaqcıl Avropa ölkələri öyrənməyə başladı.

2013-cü il prezident seçkilərinə qədər olan 5 illik dövrdə struktur islahatları davam etdirildi və hazırkı optimal dövlət idarəçiliyi sisteminin əsası qoyulmuş oldu. Təsadüfi deyil ki, ölkə başçısının 2018-ci il prezident seçkilərinə məhz islahatları ehtiva edən seçki platforması ilə getdi. Cənab İlham Əliyev 2018-ci il aprel ayında keçirilən seçkilərdə platforma şəklində önə çəkdiyi məsələləri seçki prosesindən dərhal sonra önə çəkməyə başladı. Bu proses bütün sahələrdə islahatların daha da dərinləşməsi anlamına gəlirdi. 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlində sözün əsl mənasından ölkə başçısı inqilabı islahatlar paketini təqdim etdi və bu istər daxildə, istərsə də beynəlxalq səviyyədə çox yüksək dəyərləndirildi. Prosesin gedişatı onu göstərir ki, ölkə başçısı inqilabi xarakter daşıyan islahatları sona qədər həyata keçirməkdə israrlıdır və bunu son günlər Cənab Prezidentin verdiyi sərəncamlarla açıq şəkildə görmək mümkündür. Bu, islahatlar üçün göstərilən siyasi iradənin məntiqi nəticəsidir. Ölkədə fəaliyyət göstərən müxalif birləşmələr islahatların aparılmadığı dövrlərdə bundan öz maraqları üçün istifadə etməyə çalışır, cəmiyyətə başqa istiqamətdə kökləməyə cəhd edirdilər. 

Beləliklə də, bu cür hallar baş verən zaman qarşı tərəf-müxalifət yaranmış olan situasiyadan istifadə edib, cəmiyyəti önə çıxara biləcək konsepsiya ilə çıxış edirdi ki, bu da nəticə olaraq iqtidara qarşı mübarizədə ciddi imkanlar qazandırırdı. Ölkə başçısının bu cür anti-milli qüvvələrə real islahatlarla verdiyi yekun cavab müxalifətin arqument və bəhanələrini tamamilə sıradan çıxardı.
Prezident İlham Əliyevin özünün də dediyi kimi, islahatların əsas istiqaməti vətəndaşların sosia-rifahının artırılmasına hesablanıb. Bunu iqtisadi və sosial sahədə aparılan islahatların nəticəsində də açıq şəkildə görmək mümkündür. 

Prezident İlham Əliyev 2016-cı il dekabrın 6-da “¬Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzaladı. Sənəddə qeyd edilirdi ki, qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artıb və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.

Azərbaycan iqtisadi inkişafını nəzərdə tutan “Strateji Yol Xəritəsi” konsepsiyasında 2025-ci ilə qədər görülməli işlər nəzərdə tutulurdu. Amma aparılan uğurlu iqtisadi siyasət nəticəsində “Yol Xəritəsi”ndə nəzərdə tutulan bəzi hədəflərə 2019-cu ilin sonlarına yaxın artıq nail olunub. Məsələn, “Yol Xəritəsi”ndə qeyd olunurdu ki, qeyri-neft əmtəə və xidmət ixracından bir nəfərə düşən 170 dolların 2025-ci ilə qədər 450 dollara çatırılmalıdır. Amma artıq bu rəqəm 632 dollara çatdırılıb.

Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Qeyd olunduğu kimi, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahənin inkişafında mühim rol oynayıb. Qeyd edək ki, sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilə dayandırılıb.

Məlumdur ki, 2015-ci ildə dünya bazarında neft qiymətlərində kəskin ucuzlaşma baş verdi. Bunun nəticəsində dünya ölkələrində böhran yaşandı və bu böhran daha çox bank-maliyyə sektoruna zərbə vurdu. Nəticədə vətəndaşların banklara olan borc yükü yarandı və bu yük getdikcə daha da böyüyür, ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsirini göstərirdi. Problemin qabarıq şəkildə ön plana çıxması vətəndaş-bank münasibətlərinin kəskinləşməsi ilə müşahidə olunurdu. Belə bir məqamda Prezident İlham Əliyev əhalinin böyük bir kəsimini əhatə edən fövqəladə sərəncam verdi. 

Prezident İlham Əliyev 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənildi. Bu fərmanın icrası üçün dövlət büdcəsindən banklara 682 milyon manat vəsait ayrıldı. 

Bütün bunlarla yanaşı, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə minimum əmək haqqı və pensiyaların artırılmasına da göstəriş verdi. Belə ki, 2019-cu ilin sentyabr ayından minimum əmək haqqı 180 manatdan 250 manata, pensiyalar isə 1 oktaybr tarixindən 160 manatdan 200 manata çatdırıldı. 

Azərbaycanda I qrup əlilliyə görə sosial müavinətlər də artırılaraq aprelin 1-dən ümumilikdə 300 manata çatdırıldı. 

Bu əvvəlki məbləğlə müqayisədə 145 manat və ya 93,5 faiz artım deməkdir. Sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı ilə 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan yaratdı. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.

Bütün bunlarla yanaşı, ölkə başçısının sərəncamı ilə sağlamlıq imkanları məhdud olanlara baxan şəxslərə də aylıq 50 manat müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Qeyd edək ki, bundan əvvəl bu məbləğ 11 manat idi.

İslahatlardan danışarkən 2020-ci il 1 yanvar tarixindən tətbiqinə başlanılacaq icbari tibbi sığortanı vurğulamaq da vacibdir. Ölkə əhalisini bütövlükdə əhatə edəcək icbari tibbi sığorta paketi səhiyyənin inkişafında inqilabı addım kimi qiymətləndirilir.

Sosial və iqtisadi sahələrlə yanaşı, ölkədə kadr islahatları da geniş şəkildə aparılır. Kadr islahatları həm də yeni iqtisadi modelə keçidin, o cümlədən idarəetmənin optimallaşdırılması, çevik idarəçilik üsuluna keçidin tərkib hissəsidir. Prezident İlham Əliyevin apardığı yeni kadr islahatları Azərbaycanın postneft dövründə daha dərin və sistemli xarakter alan ümumi islahatların davamı və tərkib hissəsidir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının özü səmərəli idarəçiliyin və kadrların düşünülmüş şəkildə dəyişdirilməsinin nəticəsi olmaqla bərabər, həm də kadr islahatlarının aparılmasını bir tələb kimi qarşıya qoyur. 

Kadr islahatlarında sonra baş verən müsbət dəyişikliklər, aparılan uğurlu siyasətin bariz təzahürüdür. Kadr islahatları son günlər daha qabarıq şəkildə gündəmə gəlməsinə baxmayaraq, bu proses 2018-ci il prezident seçkilərindən dərhal sonra başladı. Ölkə başçısı Nazirlər Kabinetinin yeni tərkibini formalaşdıranda yeni, gənc kadrlara daha çox üstünlük verdi. Nazirlər Kabinetinin yeni tərkibində uzun zamanda hökumət üzvü olan bir sıra nazir, komitə və xidmət rəhbərləri yeni kabinetdən kənarda qaldı. Prezident yeni kabinetdə daha çox gənclərə etimad göstərdi. Kadr islahatlarının əsası da məhz bununla qoyuldu və hazırda da davam etdirilir. 
Son kadr islahatları isə cəmiyyətdə daha fəal və həssas rezonans doğurmaqla ölkənin inkişafında yeni mərhələnin başlandığı anonsunu vermiş oldu. Məsələyə daha dərindən yanaşsaq, son islahatlar dalğası əhatə dairəsi və keyfiyyətinə görə yeniliklərə, inkişaflara doğru atılan müstəsna addım oldu. İslahatla beynəlxalq səviyyədə gələn müsbət reaksiyalar da Azərbaycanın nüfuzunu dünya miqyasında daha da artırdı.

Kadr islahatlarının davamlı olması, yəni bu gün də dəyişikliklərin baş verməsi bunun hazırlanmış uğurlu islhat konsepsiyasının tərkib hissəsi olduğunu göstərir. Yerli icra hakimiyyətlərini də əhatə edən kadr islahatları artıq uğurlu siyasətdə ilk işartılarını verməyə başlayıb. Yeni təyinat alan icra başçıları adət etdiyimiz məmur stereotiplərini dağıtdı və sadə, vətəndaşla birlikdə çalışan məmur görüntüsü ön plana çıxdı. Prezident İlham Əliyevin təyin etdiyi icra başçılarını qəbul etdiyi zaman çıxışını, əsasən, bu istiqamətdə qurdu və onlara vəzifələrinin birbaşa vətəndaşa xidmət olduğunu bir daha vurğuladı.

Siyasətdə belə bir nəzəriyyə mövcuddur: Kadr və struktur islahatları paralel şəkildə aparılmalıdır. Bu gün Azərbaycanda reallaşdırılan konseptual islahat proqramı da məhz bunu ehtiva edir. Ortaya qoyulan ciddi siyasi iradə ölkənin gələcək həyatı üçün müsbət nəticələr verəcək ki, bunu da hər bir vətəndaş öz həyatında hiss edəcək.

Vilayət Muxtar
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinə təqdim edilir.

Cebhe.info


Oxunma sayı: 2597