hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Borçalı gərginliyində “ERMƏNİ İZİ”

Borçalı gərginliyində “ERMƏNİ İZİ”

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunda şovinist çağırışlar milli qarşıdurma təhlükəsi yaradıb. Ekspertlərin fikrincə, Azərbaycan rəsmi səviyyədə son günlər baş verən hadisələri Gürcüstan hökuməti ilə müzakirə etməlidir. Qeyd edək ki, Marneuli və Hucab Yeparxiyasının yepiskopu Georgi Çamdeliani Azərbaycanın ictimai-siyasi xadimi Nəriman Nərimanovun abidəsini sökməyə çağırıb.

Marneulidəki heykəlinin dövlət hesabına təmir olunmasına etirazını bildirən yepiskop Georgi öz fikrini N.Nərimanovun bolşevik olması ilə izah edib. Lakin onun bu açıqlaması Gürcüstanda yaşayan azərbaycanlılar arasında ciddi narazılıq yaradıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti yaranmış vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup var. Həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər. Sənəddə qeyd olunur ki, həmin insanlar milli zəmində münaqişə yaratmaq məqsədilə sözügedən bölgələrdə dövlət və hökumətin səlahiyyətlərinə aid olan məsələlərlə məşğul olurlar. Belə ki, həmin şəxslər yalan və aqressiv çağırışlar yaymaqla gürcü və azərbaycanlı vətəndaşlar arasında gərginlik yaratmağa çalışır, milli şərəf və ləyaqətə xələl gətirən hərəkətlərə yol verirlər. Bununla da insan hüquqlarının kobud şəkildə pozulması baş verir.

Bir qrup insan vəziyyəti açıq şəkildə elə təqdim etməyə çalışır ki, guya etnik gürcü əhali Gürcüstandakı digər etnik azlıqlardan üstündür. Bu da milli qarşıdurma riskini daha da artırır. DTX-nin Dövlət Təhlükəsizliyi Departamenti irqi ayrı-seçkilik, insan haqlarının birbaşa və ya dolayı şəkildə məhdudlaşdırılması, milli zəmində düşmənçilik və diskriminasiya, milli şərəf və ləyaqətin alçaldılması maddələri üzrə istintaqa başlayıb.

Problemi ictimai səviyyədə həll etmək üçün Gürcüstan Müsəlmanları İdarəsinin sədri ilə Marneuli və Hucab Yeparxiyası ilə danışıqlar aparıb. Adıçəkilən yeparxiyanın Yepiskopal iqamətgahında keçirilən görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hafiz Poluxov iştirak edib. O, Nərimanovun abidəsinin sökülməsi barədə yepiskop Georginin təklifini dəstəkləyib. Bu hadisə Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Ramin İgidovun etirazına səbəb olub. Ramin İgidov Hafiz Poluxovun dini idarə ilə razlılaşmadan danışqlara qatıldığını buna görə dini şuranın ona töhmət verdiyini bildirib.

Yaranmış vəziyyəti şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, Marneulidə baş verənlər daha çox təxribat məqsədi daşıyır: “İlk növbədə, Gürcüstanla Azərbaycanın münasibətlərini korlamaq istəyən qüvvələr yada düşür. Bunların da başında Ermənistan və Rusiya dayanır. Çünki bu problem Azərbaycanın enerji daşıyıcılarının Qərbə daşınmasında maneə ola bilər ki, bu da Rusiyanın maraqlarına cavab verir. Bunları nəzərdən qaçırmaq olmaz. Ermənistan isə bağlı sərhədlərinin, dəmir yollarının açıqlaması məsələsini həll etmək istəyir. Bununla da Ermənistan Avrasiya məkanından ticarət və hərbi yüklərin Gürcüstan üzərindən Ermənistana daşınmasına nail olmağa çalışırlar. Azərbaycanlıların yaşadığı bölgələrdə hər hansı təxribatçı qüvvələr ola bilər. Çünki həmin regionda Rusiyanın çox ciddi casus şəbəkəsi var. Gürcüstan azərbaycanlılar yaşayan bölgəsində Rusiyada işləyib biznes quran, eləcə də Rusiyanın hakimiyyət dairələrinə yaxın insanlar var. Bu baxımdan, belə bir məsələ mövcud ola bilər. Lakin rəsmi Bakı bəyanat verrək bunun Azərbaycanla bağlı olmadığını bildirməlidir. Azərbaycanın Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə konkret addımlar atmalıdır. Gürcüstanın isə xüsusi xidmət orqanları vəziyyəti yerində araşdıraraq hakimiyyətə məruzə etməlidir”.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 14004