hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Bakı polisi xanım deputata cavab verdi: “Heç yerdə bu təcrübə yoxdur”

Bakı polisi xanım deputata cavab verdi: “Heç yerdə bu təcrübə yoxdur”

Deputat Aytən Mustafazadə dünən parlamentdəki çıxışında Binəqədi rayonundakı “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınan cinayəti pisləyib. 

Deputat metroda yoxlamaların ciddi aparılmadığından da şikayətlənib:

“Necə olur ki, metroya bıçaqla daxil olmaq mümkün olur? Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”. 

Bakı Şəhər Baş Polis İdarəsi deputatın iddialarına cavab verib.  İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Cebhe.info-ya açıqlamasında deyib ki, metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçməklə platformaya daxil olur:

“Elektron mühafizə şəbəkəsi vasitəsilə, eskalatorlarda, platformalarda, metro vaqonlarında belə sərnişinlərin təhlükəsizliyinə fasiləsiz nəzarət var”. 

E.Hacıyev qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı metroda tətbiq edilən qabaqcıl metod, üsul və vasitələrin verdiyi imkanlar şübhəli şəxslərin aşkarlanması, habelə şübhə doğuran hərəkətlər dərhal qeydə alınmaqla müvafiq tədbirlərin görülməsini təmin edir. Xidmət rəisi “Metroda yoxlamalar ciddi aparılmır. Məgər metroda polislər yoxdur?” iddiasına cavab olaraq bildirib ki, günün pik saatlarında metroya çoxsaylı sərnişinin daxil olduğunu nəzərə alsaq, hər bir şəxsin üzərinə, çantasına xüsusi avadanlıq vasitəsilə baxış keçirilsə, orada yaranacaq sıxlığı təsəvvür etmək çətin deyil:

“Dünyanın heç bir ölkəsində bu təcrübə yoxdur. Yalnız şübhə doğuran, yoxlanılması zəruri hesab edilən sərnişinlərin üzərinə baxış keçirilir”.

Xatırladaq ki, Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L.Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib. Hadisəni törədən N.Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1332