hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Amerika «cazibə»si Belarusu da qoparır?

Amerika «cazibə»si Belarusu da qoparır?

Belarus son zamanlar Qərbə meyilli siyasət aparır. 

Bir müddət öncə rəsmi Minsk Amerika Birləşmiş Ştatlarından (ABŞ) neft alacağını bəyan etdi. Bu günlərdə isə Birləşmiş Ştatlar və Belarus 11 illik fasilədən sonra səfirlər səviyyəsində diplomatik nümayəndəliklərini bərpa etmək planlarını açıqlayıb. Bu barədə ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Minskə səfəri zamanı bildirib. Devid Heyl Prezident Aleksandr Lukaşenko ilə görüş zamanı Vaşinqtonun “Belarusun suverenliyi və müstəqilliyini qətiyyətlə dəstəklədiyini” vurğulayıb. 

Belarus Prezidenti görüşdə ABŞ-ın Ukraynada münaqişənin nizamlanmasına kömək edə biləcəyini bildirib. Qərb ölkələri və Minsk arasında Belarusda insan hüquqlarının durumu və siyasi represiyalarla bağlı uzun illərdir fikir ayrılıqları mövcuddur. 

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı 2006-cı il prezident seçkilərinin ardınca təqiblərdən sonra Belarusa qarşı sanksiyalar tətbiq edib. Belarus sanksiyalara cavab olaraq 2008-ci ildə səfirini ABŞ-dan geri çağırıb, ABŞ səfiri isə bunun ardınca Minski tərk edib.

Maraqlıdır, son proseslər ABŞ-Belarus münasibətinə necə təsir edəcək? Nəzərə alsaq ki, Belarus Rusiya ilə strateji müttəfiqdir, burada rəsmi Moskva amili də önəmli rol oynayır. ABŞ Belarusu Rusiyadan uzaqlaşdıra biləcəkmi?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Lukaşenko çox hiyləgər siyasətçidir. O, müəyyən manevrlərlə zaman-zaman həm Rusiya, həm də Qərb ölkələrindən öz maraqlarını təmin edə bilir:

“Bir tərəfdən Qərb dünyası, xüsusilə də ABŞ və Avropa Birliyi ilə danışıqlar aparılır, ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun Belarusa səfərini diqqətdə saxlayır. Çox maraqlıdır ki, Boltonla Lukaşenkonun görüşündən bir həftə keçməmiş Belarus Rusiya ilə İttifaq dövlətinin yaradılması ilə bağlı müraciət yayımladı. Hətta belə bir fikir yarandı ki, gələcək perspektivdə SSRİ-nin bərpası gündəmə gələcək. Ancaq reallıqda Belarus və Rusiyanın birgə ittfaq dövlət yaratmaq prosesi hiss olunmur. Bu, çox ağrılı prosesdir. Həm iqtisadi, həm sosial, həm siyasi, həm də hərbi baxımdan maraqların uyğunlaşdırmağın özü çox ağır prosesdir. Doğrudur, bu günə qədər dəfələrlə bu yöndə cəhdlər olub. Amma bütün cəhdlər Lukaşenkonun Belarusa güzəştlər almaq istədiyi zaman baş verib. Hər dəfə ittifaq məsələsi gündəmə gəlir və Rusiyaya müəyyən vədlər verilir. Ancaq nəticədə heç bir ciddi siyasi nəticə ortada olmur”.

Politoloq hesab edir ki, ABŞ və Avropa Birliyi ilə görüşlərdən sonra yenə Belarus tərəfi yenə siyasi manevr edərək ittifaq dövlətinin yaradılması haqqında fikir ortaya atdı: 

“Düşünürəm ki, bu dəfə də ittifaq məsələsi Rusiyanın “köpünü” almağa hesablanıb. Çünki Rusiya öz qardaş ölkəsi və sərhəddində yerləşən slavyan dövlətin ABŞ-la bu səviyyədə yaxınlaşmasından narahatdır”.

N.Miri hesab edir ki, nümayəndəliyin yaradılması ABŞ-Belarus münasibətlərinin yaxınlaşmasına səbəb olacaq: 

“Təbii ki, Belarus dövlət maraqları çərçivəsində yenə də bu xarici siyasəti davam etdirəcək. Paralel olaraq Rusiya ilə münasibətləri də gərginləşdirməyə çalışmayacaq. Çünki hər zaman Rusiya ilə yaxın münasibət saxlamaqla Belarus çox ucuz qiymətə enerji daşıyıcıları alır. Bu baxımdan Lukaşenko həm Rusiya, həm də Qərb dünyası ilə müəyyən məsafə saxlamaqla və münasibətlər sistemi qurmaqla öz daxili və geosiyasi maraqlarını qorumaqla məşğuldur. Nümayəndəliyin açılması da Belarus dövlətinin maraqlarına xidmət edir. Belarus dövləti bu prosesdən də qazanclı olaraq çıxacaq”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 12090