hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Ağ Evin ziddiyyətli Suriya siyasəti: - Şərh

Ağ Evin ziddiyyətli Suriya siyasəti: - Şərh

Elşad Mirbəşiroğlu: “Elə bir reallıq yaranıb ki, ABŞ PKK-ya qarşı sərt mövqeyini ortaya qoymalı olub” 

ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatlarla bağlı öz mövqeyini təkzib edən açıqlama verib. Ağ Evin rəhbəri PKK-nı İŞİD-dən daha pis təşkilat adlandırıb. Trampın bu sözləri ciddi marağa səbəb olub. Çünki Suriyada apadığı hərbi əməliyyatlara görə Türkiyəyə sanksiyalar tətbiq edən Donald Trampın indi PKK-nı dünyanın bir nömrəli terror təşkilatı sayılan İŞİD-dən də təhlükəli hesab etməsi öz fikrinin ziddinə getmək anlamına gəlir. 

Politoloq Elşad Mirbəşiroğlu hesab edir ki, Donald Trampın bu açıqlaması ilk növbədə, ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə tərəfdarı olduğunu sübut etmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ prezidentinin sözləri onun Suriyada yaranmış yeni geosiyasi reallıqlarla barışdığını göstərir:

“ABŞ-ın beynəlxalq terrorizmlə mübarizədə səmimi olmadıqlarına dair dəfələrlə ittihamlar səslənib. O cümlədən, ABŞ rəsmilərindən bir neçə dəfə PKK-ya qarşı mübarizə aparıb-aparmamaq fikrində olduqları soruşulub. Onlar isə bu suallardan yayınıblar. Hətta Birləşmiş Ştatların sabiq dövlət katibi Kondaliza Rays Türkiyədə səfərdə olarkən ona belə sual vermişdilər ki, Amerika PKK-ya qarşı mübarizə aparacaqmı? O isə cavabında dedi ki, ABŞ PKK-nı terrorçu təşkilat hesab edir. Amma PKK-ya qarşı mübarizə aparmaq ABŞ-ın planlarına daxil deyil. Bu da ABŞ-ın beynəlxalq terrorçuluğa qarşı mübarizədə tam səmimi olmadığına dair rəy formalaşdırır. Belə rəy ABŞ-ın beynəlxalq imicinə təsir edir. Bu baxımdan, hesab edirəm ki, Trampın fikirlərində yenilik yoxdur. Yəni ABŞ rəsmiləri PKK-nı dildə də olsa terrorçu adlandırır. Amma ona qarşı mübarizə aparmayıblar. Çünki PKK-nın Suriya qanadı olan PYD və onun hərbi strukturu olan YPG-ni maliyyələşdirib, silahlandırıb. Trampın qeyd edilən açıqlaması isə hər şeydən əvvəl öz mövqeyini əsaslandırmaq cəhdindən əmələ gəlir. Çünki Tramp Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar aparmasına qarşı çıxmadı. Bu isə həmin məsələ ilə bağlı Türkiyə ilə Tramp administrasiyası arasında müəyyən razılaşma əldə olunduğunu deməyə əsas verir. Türkiyənin 32 kilometr Suriyanın içərilərinə doğru ərazidə təhlükəsizlik zonası yaratması üçün ABŞ qoşunlarını bölgədən çıxarıb. Bu da Ağ Evin Türkiyənin Suriyada hərbi əməliyyatlar aparmasına qarşı çıxmadığını göstərir. Siyasi rəqibləri də bu amildən Trampa qarşı istifadə edir, ona qarşı tənqidi fikirlər səsləndirir. Tramp da öz mövqeyini əsaslandırmaq üçün PKK haqqında sərt ifadələr işlədir. Onu da qeyd edim ki, ABŞ prezidenti tərəfindən Türkiyə rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsi deklorativ xarakter daşıyır. Çünki ABŞ-da qarşıdan prezident seçkiləri gəlir. Donald Tramp bu seçkilərdə qələbə qazanmaq istədiyi üçün rəqiblərinin ona qarşı istifadə edəı biləcəyi elementləri aradan götürməyə çalışır. Lakin yeni siyasi reallıqlar ABŞ-ı PKK ilə bağlı mövqeyini dəyişməyə vadar edir. Hazırda Suriyanın siyasi taleyini Rusiya, Türkiyə və İran müəyyən edir. ABŞ burada həlledici rola malik deyil. Rəsmi Vaşinqton öz simasını qorumaq üçün müəyyən güzəştlərə getmək məcburiyyətindədir. ABŞ hətta raz olmasa belə, Türkiyə Rusiyanın dəstəyi ilə Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaqdı. Belə olan halda Amerika üçün ən əlverişli variant həmin əməliyyatların keçirlməsinə razılıq verməkdən ibarət idi. Yəni elə bir reallıq yaranıb ki, ABŞ PKK-ya qarşı sərt mövqeyini ortaya qoymalı olub. ABŞ-ın kürdlərlə bağlı strategiyası ümumiyyətlə, bölgədə dəstəklənmir. Hətta ABŞ İraq Kürdüstanının müstəqil dövlətə çevrilməsi ideyasının arxasından çəkilməli oldu. Kürd yaraqlılarının Rusiya ilə də əlaqələri var. Ona görə də ABŞ PKK-nı axıra qədər dəstəkləmədi. Vaşinqtonun qarşısında iki yol var idi. Ya PKK ilə bağlı hazırkı mövqeyini sərgiləməli idi, ya da çox ciddi qarşıdurmalara getməli idi. Bu qarşıdurma da da ABŞ-a lazım deyil”. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 1332