hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Ağ Evin İrana qarşı “3 həmlə” PLANI

Ağ Evin İrana qarşı “3 həmlə” PLANI

ABŞ hökumətindəki bəzi mənbələr Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı hücumların birbaşa İran tərəfindən həyata keçirildiyi barədə məlumat yayıb. 

Adlarının çəkilməsini istəməyən Amerika rəsmiləri CBS telekanalına açıqlamalarında Səudiyyə Ərəbistanının iki mühüm neft təsisatına qarşı dron hücumlarının birbaşa İran ərazisindən, yəni İran sərhədlərinin daxilindən həyata keçirildiyini deyib. 

“Hücumlarda 20-dən çox pilotsuz uçan aparatdan və raketdən istifadə edilib. Raketlərdən biri də Küveyt səmasından keçib. Tramp adminstrasiyası hazırda İranın bu addımına cavab vermək üçün müxtəlif seçim və variantları araşdırır. Həmin seçimlər arasında İranın neft təsisatına qarşı kiber hücumları və ya hava zərbələri endirilməsi, eləcə də SEPAH-a və onun mövqelərinə zərbələr endirmək daxildir”, -deyə ABŞ rəsmiləri bildirib.

Həmçinin, Amerika Milli Radiosu Pentaqonun iki rəsmisinə istinadən yaydığı xəbərdə bildirib ki, Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumdan əvvəl Birləşmiş Ştarların kəşfiyyat peykləri İranın daxilində bəzi raketlərlə pilotsuz uçan aparatların yerbəyer edilməsini qeydə alıb. ABŞ-ın kəşfiyyat qurumları isə hesab edir ki, peyk vasitəsilə səmadan çəkilmiş şəkillər İranın Səudiyyə Ərəbistanına qarşı hücum üçün hazırlıq işləri apardığını göstərir. 

ABŞ-ın vitse-prezidenti Mayk Pens isə dövlət katibi Mayk Pompeonun Səudiyyə Krallığının neft təsisatlarına edilən hücumlara necə reaksiya verilməsi barədə danışıqlar aparmaq üçün Ər-Riyada səfər etdiyini deyib: 

“Amerika Birləşmiş Ştatları İranın bu hücumlarda rolu barədə mövcud dəlil-sübutları araşdırmaqdadır. Amerika Orta Şərqdə özünün və müttəfiqlərinin maraqlarını müdafiə etməyə hazırdır. ABŞ Prezidenti həmin hücumlarla bağlı sənədləri nəzərdən keçirdikdən sonra qarşıdan gələn günlərdə bu məsələyə necə reaksiya verilməsi barədə ən düzgün qərarı verəcək”, -deyə Mayk Pens əlavə edib. 

ABŞ-ın müdafiə naziri Mark Esper isə Pentaqonun yüksək rütbəli rəsmiləri və hərbi ekspertləri ilə keçirdiyi birgə iclasda bu hücumlarla bağlı məsələni müzakirə etdiyini bildirib. O, İran bu hücumlarla beynəlxalq qanunlara zərbə vurduğunu bildirib. 

Londona səfər edən ABŞ Ordusunun Baş Qərargahlar rəisi general Cozef Danford jurnalistlərə açıqlamasında “Aramco” şirkətinə qarşı həyata keçirilən hücumlarda İranın və ya onun dəstəklədiyi təmsilçi qrupların rolu olduğunu söyləyib: “Hazırda Amerika Birləşmiş Ştatlarının hərbi ekspertlərindən bir heyət hücumlarla bağlı mövcud dəlil-sübutları araşdırmaq üçün Səudiyyə Ərəbistanına yola düşüb. Bizim və müttəfiqlərimizin bu hücumlara necə reaksiya verməyimiz məsələsinə gəlincə, hesab edirəm ki, Səudiyyə Ərəbistanına edilən hücumlara cavab variantlarından yalnız biri hərbi seçimdir. Digər seçimlər isə, məsələyə iqtisadi, siyasi və diplomatik baxımdan reaksiya verməkdir.

Təəssüflər olsun ki, Orta Şərq regionunda bu hücumun haradan gerçəkləşdirildiyinə baxmayaraq, ən böyük təhdid İran və ya onun dəstəklədiyi təmsilçi qruplaşmalar tərəfindən gəlir. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır” - deyə general Danford vurğulayıb.

Xatırladaq ki, sentyabrın 14-dəa Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft müəssisəsinə qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssəsi olan “Abqaiq” və “Xuraisdə” zavodlarında güclü yanğın baş verib. 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi yaraqlılarının sözçüsü Yəhya Sareya “Əl-Misarah” telekanalına açıqlamasında hücumun həmin qruplaşma tərəfindən həyata keçirildiyini bildirib. O bildirib ki, husilər Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həmin hücumda 10 drondan istifadə edib.

ABŞ Prezidenti Donald Tramp Amerika ordusu tərəfindən hərbi əməliyyatların Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinə məxsus obyektlərə olunan hücuma proporsional cavab olacağını deyib. Bu açıqlamadan sonra siyasi müşahidəçilər ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar keçirəcəyinə dair ehtimalları təhlil edir. Lakin Vaşinqton qeyd edilən addımı atmaq üçün ilk növbədə, Səudiyyə Ərəbistanını hücumun İran tərəfindən təşkil edildiyinə inandırmağa çalışır. Bütün ehtimallara rəğmən, ABŞ-ın İrana qarşı açıq hərbi əməliyyatlara başlayacağı real görünmür. 

Pentaqon İranın Yəməndəki “Ənsərullah” silahlı qruplaşmasına və SEPAH-ın Fars körfəzi bölgəsindəki hərbi bazalarına aviazərbələr endirə bilər. Eyni zamanda, ABŞ-ın Yəmənə hərbi müdaxilə edəcəyi də mümkün variantlar sırasında yer alır. İsrailin bu plana dəstək verəcəyi qaçılmazdır. Rəsmi Vaşinqton Britaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərini də bu hərbi əməliyyatların vacibliyinə inandırmaq istəyir.  Digər ehtimallar isə ABŞ-ın İrana qarşı daha ağır iqtisadi və diplomatik sanksiyalar tətbiq etməsi ilə bağlı ola bilər. 

Politoloq Nəzakət Məmmədova hesab edir ki, ABŞ İrana qarşı əsasən iki cür direktivlərdən istifadə edə bilər:

“Bu tədbirlər açıq və məxfi şəkildə həyata keçirilir. Məxfi formada dedikdə, ABŞ Prezidenti Mərkəzi Kəşfiyyat İdarəsinə “MOSSAD”la birlikdə İrana qarşı üçüncü ölkələrin ərazisində əməliyyatlar hazırlasın. Açıq şəkildə isə həyata keçiriləcək əməliyyatlar isə qanuni və qeyri-qanuni ola bilər. Yəni İrana qarşı ya gizli əməliyyatlar həyata keçiriləcək, ya da beynəlxalq sanksiyalar sərtləşdiriləcək”. 

Ekspert bildirdi ki, ABŞ İrana birgə hərbi müdaxilə etməyəcək. Ancaq İranı Yaxın Şərqdən sıxışdırmaqla Tehran rejiminin başını daxili problemlərlə məşğul etməyə çalışacaq. 

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 3257