hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

ABŞ necə bir İran istəyir? - Ağ Evin Tehrandan istədikləri

ABŞ necə bir İran istəyir? - Ağ Evin Tehrandan istədikləri

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə mətbuat nümayəndələrinin xarici siyasətlə bağlı suallarını cavablandırıb.

İranda rejim dəyişikliyi tələbində olmadıqlarını bildirən Tramp İranın 2,5 il əvvəlki ölkə olmadığını və ABŞ ilə müqavilə bağlamağı çox istədiyini iddia edib.

Maraqlıdır, bu halda ABŞ İranı necə görmək istəyirə

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan ilk əvvəl ABŞ-ın İranda rejim dəyişikliyi istəməməsi məsələsinə toxunaraq bildirib ki, Ağ Ev tərəfindən uzun illər əvvəl də rejim dəyişikliyinə maraqlı olmadıqları qeyd edilib:

“Yaxın Şərq planına görə, ABŞ bütövlükdə Yaxın və Orta Şərqdə demokratik cəmiyyətlər görmək istəyir. Hadisələrin inkişafı isə onu göstərir ki, Böyük Yaxın Şərq planı təkcə bölgə ölkələrinin demokratikləşməsi, yaxud demokratik rejimin həmin ölkələrdə bərqərar olması ilə nəticələnmir. Həm də yeni dövlətlərin yaranması məsələsi ortalığa çıxır. Məsələn, Suriya və İraq ərazisində buna cəhdlər olunub. ABŞ rəsmiləri İranda rejimin dəyişməsi məsələsinə əvvəlcə də toxunub.Məsələn, 2006-cı ildə ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays İranın həmin vaxt xarici işlər naziri olan Mənuçehr Müttəki ilə Qahirədə görüşdə bu məsələyə toxunmuşdu. Amerika rəsmiləri İrana bildirmişdilər ki, rejim dəyişikliyi istəmirlər, hakimiyyətin devrilməsində maraqlı deyillər”.

Sədrəddin Soltan ABŞ-ın İrana sanksiya tətbiq etmə səbəbinin başında bu ölkədə insan haqlarının qorunmamasının durduğunu vurğulayıb. Bildirib ki, ABŞ-ın görmək istədiyi İran terrorçuluğu dəstəkləməməklə bərabər, atom-nüvə proqramında da şəffaf siyasət yürütməlidir:

“Onlar üçün insan hüquqlarının qorunması mühim məsələdir. İrana qarşı ilk dəfə insan hüquqlarının pozulması ilə bağlı sanksiya tətbiq edillib. Həmin vaxt İranın bəzi rəsmiləri ABŞ-ın sanksiya siyahısına daxil oldu. ABŞ üçün İranın dəyişməsi vacibdir, İrandakı rejimin insan haqlarına hörmət etməsi, insan haqlarını qoruması önəmlidir. Daha sonra xarici ölkələrdə terrorçuluğu dəstəkləməyi dayandırması, atom-nüvə proqramı məsələsində şəffaflığı təmin etməsi vacibdir. Eləcə də Suriyadakı rejimi müdafiə etməkdən çəkinməsi də buraya aiddir. ABŞ İrandan bunları istəyir.Görmək istədiyi İran bu şərtlərə əməl etməlidir”.

Ekspert İranın bu tələblərə münasibətinə gəldikdə isə vəziyyətin hazırda olduqca gərgin olduğunu diqqətə çatdırıb. O hesab edir ki, İran şərtlərə əməl edəcəyi təqdirdə ABŞ-la müttəfiq ola biləcək:

“İran isə buna qarşılıq olaraq BMT-nin İran üzrə məruzəçisini ölkəyə buraxmır, Avropa İttifaqının insan haqları üzrə nümayəndəsinin İrana daxil olmasında problemlər yaranır, atom-nüvə proqramı ilə bağlı məsələdə ABŞ-ın irəli sürdüyü şərtləri qəbul eləmir, Suriyadakı Bəşər Əsəd hakimiyyətinə dəstəyini davam etdirir. ABŞ-ın tələbləri qarşılığında İran heç bir şərtə əməl etmir. Bu şəraitdə də ABŞ İrana qarşı sanksiyaları sərtləşdirməklə İranın şərtlərə əməl edəcəyini və islah olunacağını düşünür. Hələlik vəziyyət gərgindir. Bir tərəf sanksiyaları tətbiq edir, digər tərəf sanksiyalardan xilas olmaq üçün müqavimət göstərir. ABŞ-ın İranın quruluşunda dəyişiklik etməsi məsələsinə gəldikdə, bu haqda ABŞ rəsmiləri heç bir açıqlama verməyib. İranı federal quruluşa keçirmək istədiklərini göstərən heç bir addım yoxdur. Sadəcə olaraq tələb rejimin islahıdır. İranın İnqilab Keşikçiləri Qvardiyası xarici ölkə ərazilərində silahlı əməliyyatlarda iştirak edir. Bunlara görə sanksiya tətbiq olunur. İran şərtlərə əməl etsə, sanksiya da tətbiq olunmaz. Hətta İran ABŞ-ın müttəfiqi də ola bilər. Neçə il əvvəl amerikalı mütəxəssislər hesab edirdilər ki, 2050-ci ildə İran Orta Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi ola bilər. İranı şərtləri yerinə yetirərsə, yeniləri də təbii ki, ortaya çıxar. Bu, bölgədəki siyasi şərtlər daxilində baş verə bilər. Hələlik görmək istədikləri İrandan sadaladıqlarımı tələb edirlər”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 3048