hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

ABŞ-da seçki: “Oval kabinet”ə kim sahib olacaq?

ABŞ-da seçki: “Oval kabinet”ə kim sahib olacaq?

ABŞ-ın səkkiz ştatında və Kolumbiya dairəsində Demokratlar və Respubikaçılar partiyalarının praymerizləri keçirilib.

Səsvermə zamanı noyabrın 3-də Senata və Nümayəndələr Palatasına keçiriləcək ümummilli seçkilərdə iştirak edəcək namizədlər müəyyənləşəcək. Səsvermə prosesi ümumi seçkilərin pandemiyada şəraitində keçirilməsində hansı çətinliklərlə üzləşdiyini göstərəcək. İlkin seçkilər həm də ABŞ-ın poçt vasitəsilə bülleten axınının öhdəsindən gəlmək və koronavirus pandemiyası fonunda seçicilərin təhlükəsizliyini təmin etməyə hazırlıq səviyyəsini göstərən sınaq hesab olunur. Yəni pandemiya noyabrın 3-nə qədər davam edərsə, ölkənin hansı çətinliklərlə üzləşəcəyi aydın olacaq.

Bəzi federal bölgələrdə afro-amerikalı Corc Floydun ölümü ilə əlaqədar baş verən kütləvi etirazlar nəticəsində səsvermə prosesi çətinləşib. Filadelfiyanın meri bildirib ki, komendant saatı səsvermə məntəqələrinin bağlanmasından yarım saat sonra qüvvəyə minəcək. Vaşinqtonda isə məntəqə işçiləri komendant saatlarından azad olunub. Pensilvaniya, İndiana, Merilend və Rod-Aylond ştatlarında praymerizlər pandemiya ilə əlaqədar əvvəlcədən təyin edilmiş vaxta keçirilib. Bütün ştatlar, o cümlədən Ayova, Montana, Nyu-Meksiko və Cənubi Dakota seçiciləri yoluxma riskini azaltmaq üçün poçtla səs vermək imkanlarından istifadə etməyə çağırıb. Bu, bir çox ştatlarda rekord sayda poçt siyahısı üzrə sorğuların rekord həddə çatmasına, həmçinin bülletenlərin çatdırılması məsələsində yaranan problemlərə dair məlumat axınına səbəb olub. Əksər ştatlar kadr çatışmazlığı səbəbindən seçki məntəqələrinin sayını xeyli azaldıb. Rəsmi qurumlar bildirib ki, poçtla göndərilən çoxsaylı bülletenlərin sayına görə nəticələrin elan edilməsi təxirə salına bilər. Pensilvaniyanın qubernatoru Tonm Vulf Filadelfiya da daxil olmaqla altı dairə üzrə poçt bülletenlərinin qəbulunu iyunun 2-dən 9-a qədər uzadıb.

Səsvermənin poçtla keçirilməsi partiyalararası mübahisəyə səbəb olub. Demokratlar onu səsvermənin etibarlı yolu kimi hesab edir. Prezident Donald Tramp isə belə bir səsvermənin saxtakarlığa yol açacağında israr edir. Ayova ştatındakı səsverməyə daha çox diqqət yetirilir. İrqi məsələlərlə bağlı dəfələrlə mübahisəli açıqlamalar verən Nümayəndələr Palatasının üzvü Stiv Kinq yenidən seçilməyə çalışsa da Respublikaçılar Partiyasının dəstəyini əhəmiyyətli dərəcədə itirib. Demokratlar Partiyasından prezidentlik uğrunda namizədlik demək olar ki, keçmiş vitse-prezident Co Baydenə keçəcək. Yalnız yeddi ştatda eyni zamanda, Konqresdəki postlara və ştatlar səviyyəsində müxtəlif vəzifələrə seçkilər keçiriləcək.

Bu arada respublikaçılar və demokratlar arasında qarşılıqlı ittihamların artması və ölkədə siyasi vəziyyətin gərginləşməsi praymerizlərin gərgin keçməsinə səbəb olub. Demokratlar iğtişaşları federal qoşunların köməyi ilə dayandırmağa çalışan prezidentin hərəkətlərini qınamağı ABŞ Senatına təklif edib. Lakin Senatdakı Respublikaçı çoxluq Demokratlar tərəfindən prezident Donald Trampın Ağ Evdəki silahsız etirazçılara qarşı qaz və rezin güllələrdən istifadə etdiyinə görə qınayan qətnaməni blok edib. "Konqres ABŞ prezidentini federal agentlərə dinc etiraz edən amerikalılara qarşı qaz və rezin güllələrdən istifadə etmək barədə əmr verdiyinə görə qınayır"-demokratların təqdim etdiyi qətnamədə belə deyilir. Demokratlar qətnamə qəbul etmək üçün sürətləndirilmiş səsvermə prosedurundan istifadə etməyə çalışıb. Lakin onların istəyini reallaşdırmağa Senatdakı Respublikaçı əksəriyyətin lideri Mitç Makkonel mane olub.

ABŞ prezidenti Donald Tramp keçmiş prezidentliyə namizəd Co Baydeni ölkədəki iğtişaşlarda zəiflik göstərməkdə ittiham edib. “Bayden 40 ildən çoxdur siyasətdədir, ancaq heç nə etməyib”-deyə Tramp özünün “Twitter” hesabında qeyd edib. Ağ Ev rəhbəri vurğulayıb ki, zəiflik anarxistləri, talançıları və quldurları məğlub etməyə kömək etməyəcək. Prezident bildirib ki, Co Bayden sualları cavablandırdığını iddia edir, amma məsələləri bilmir. “Co ömrü boyu siyasi cəhətdən zəif olub”-Tramp belə yazıb.

Co Bayden isə son günlər zorakılığın və iğtişaşların yüksək həddə çatdığı Filadelfiya ştatında bəyanatla çıxış edib. O, prezident seçiləcəyi təqdirdə, nifrət oyatmayacağını və amerikalıları uzun müddət incitmiş yaraları sağaltmaq üçün səy göstərəcəyini bildirib. Bayden prezident Trampın nümayişlərə reaksiyasını, xüsusən də hüquq-mühafizə orqanlarının orada toplaşan etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməsindən sonra Ağ Evin yaxınlığındakı tarixi kilsədə fotosessiya etmək qərarını tənqid edib. “Dinc etirazçılar, prezidentin sərəncamları ilə xalqın evinin, Ağ Evin astanasında gözyaşardıcı qaz və səs qumbaraları istifadə etməklə dağıdıldıqda nəcib bir kilsədə fotosessiya təşkil edən prezidentin prinsiplərindən daha çox hakimiyyətlə maraqlandığına görə bağışlanmaq olarmı?”-Co Bayden belə deyib.

Qeyd edək ki, Co Bayden qaradərili Corc Floydun öldürülməsini həyəcan təbili adlandırıb. Göründüyü kimi, praymerizlər qarşılıqlı ittihamlar şəraitində keçirilir. İctimai etirazların seçkilər ərəfəsində baş verməsi ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib. Demokratlar Respublikaçılar Partiyasına və prezident Trapma qarşı siyasi hücum təşkil etmək üçün kifayət qədər əlverişli imkan qazanıb. Prezident isə gücdən istifadə etməklə seçkilərdə demokratların artmaqda olan narazı elektoratını zəiflətməyə çalışır. Lakin bu əks effekt verə bilər. Çünki ABŞ-da hakimiyyətə qarşı etirazların pik həddə çatdığı dövrdə respublikaçıların praymerizlərdə qalib gəlməsi üçün ciddi çətinliklər yaranıb.

Koronavirus pandemiyasının yaratdığı iqtisadi resessiya nəticəsində ABŞ-da işsizlərin sayının 35 milyon nəfəri ötməsi Tramp administrasiyasından narazılığın artmasına səbəb olmuşdu. Belə vəziyyətdə aksiyaların zorakılıq yolu ilə dağıdılması, nümayişçilərin qarşısına hətta ordunun çıxarılması, kütləvi həbslər cəmiyyətlə Ağ Ev arasındakı qarşıdurmanı daha da dərinləşdirdi. Toqquşmalar respublikaçıların siyasi mövqelərinin güclü olduğu Kaliforniya, Vaşinqton, Cənubi Dakota, Şimai Dakota, İndiana kimi ştatlarda demokratların tərəfdarlarını artıra bilər. Son hadisələr ABŞ-ın afroamerikalıların daha çox yaşadığı mərkəzi-qərb ştatlarında respublikaçıların ciddi səs itirməsinə səbəb olacaq. Vermond ştatında isə Trampın əleyhdarlarının fəallaşması Co Baydenə özünün demokrat rəqibi, sosialist Berni Sandersin tərəfdarlarının dəstəyini qazanmaq imkanı yarada bilər. Ona görə də yaranmış vəziyyət noyabrın 3-də həm Konqresə, həm də prezident postuna keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasının, o cümlədən Donald Trampın qələbə şansını xeyli azaldacaq.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 10440