hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

18 yaşlı qızın ölümündə müəmma: ““Donuz qripi”ndən ölənlərin tibbi ekspertizası göstərdi ki...” 

18 yaşlı qızın ölümündə müəmma: ““Donuz qripi”ndən ölənlərin tibbi ekspertizası göstərdi ki...” 

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi yanvarın 29-da dünyasını dəyişən 18 yaşlı Nərdanə Tağızadənin ölümü ilə bağlı məlumat yayıb.

Belə ki, gənc qızın leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində təsdiqini tapmayıb. Ölümün əsas səbəbinin ağciyər və ürək çatışmazlığı olduğu rəsmən bildirilib.

Maraqlıdır, sağlam, ölümünə qədər səhhətindən ciddi şikayəti olmayan gəncin ağciyər və ürək çatışmazlığından bir neçə günün içərisində vəfat etməsi mümkündürmüə

Bu barədə Cebhe.info-nun suallarını cavablayan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, bütün təsadüfü ölümlər mütləq araşdırılmalıdır:

“Bu cür ölümlərə səbəb ola biləcək xəstəliklər çoxluq təşkil edir. İnsanlar əksər vaxtlarda soyuqdəyməyə fikir vermirlər. Nəzərə alsaq ki, mövsümü qrip Gürcüstanda var, onun Azərbaycanda da olması realdır. Bu virus bədənə daxil olduqdan sonra toxumaları zədələyir. Bakteriyalar, başqa mikroblar toxumalara keçdikdən sonra isə iltihabi proses törədir. Məsələn, 2009-cu ildə “donuz qripi”ndən ölənlərin tibbi ekspertizası göstərdi ki, bunların hamısı pnevmoniyadan (ağciyər iltihabı), yəni paralel olaraq virusun üst toxumaları dağıtması və infeksiya yaratmasından ölub”.

Professor qeyd edib ki, bu cür vəziyyətlərə kəskin virus infeksiyaları, qrip, ürəyin müxtəlif xəstəlikləri, həmçinin leptospiroz səbəb ola bilər:

“Ancaq bu cür vəziyyətdə son söz məhkəmə-tibbi ekspertizasının olmalıdır. Məhkəmə-tibbi ekspertiza zamanı meyitin analizləri sübut etməlidir ki, ölümə səbəb əslində nə olub. Təcrübə göstərir ki, terminal ölümün səbəbi də araşdırılmalıdır, çünki ola bilər ki, həyatına 1-2 gün qalmış həmin şəxslərə qəsd edilsin. Ona görə də bu cür situasiyalarda məhkəmə-tibbi ekspertiza son dərəcə vacibdir. Bu olunmayıbsa, bütün danışılanlar fərziyyələrdən başqa bir şey deyil”.

Adil Qeybulla əlavə edib ki, müəyyən prosesləri dünya təcrübəsində olduğu kimi tətbiq etmək lazımdır:

“Bu cür vəziyyətlərdə ölüm faktının dəqiqləşdirilməsi üçün meyit yarılmalıdır. Əgər buna ailə icazə verirsə, proses gedir və tam olaraq təsdiqlənir. Buna icazə verilmirsə, ailə öz şansını itirir və çıxış yolu ancaq eksqumasiya (meyitin qəbirdən çıxarılması) olur. Bunlar olmasa, tam dəqiq diaqnoz qoyula bilməz”.

Xatırladaq ki, vəfat edən gənc qızın anası İlhamə İgidovanın yerli mediaya açıqlamasına görə, qızının vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına yerləşdiriblər. Onun vəziyyəti daha da pisləşdiyi üçün sonradan Babək prospektində yerləşən “Bakı Medical Plaza”ya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb. Həkimlər isə qızın valideynlərinə Nərdanə Tağızadənin leptospiros virusuna tutulduğunu bildiriblər:

“Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır”.

İlhamə İgidova deyib ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və Nərdanə Tağızadədən başqa bu virusdan daha 5 nəfərin vəfat etdiyini deyiblər:

“Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.

Məlumat üçün bildirək ki, 18 yaşlı qız Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olub.

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 238830

Bizim Telegram səhifəmizi izləyin