hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

10 il sonra nələrin baş verəcəyini düşünmək belə istəmirəm...

10 il sonra nələrin baş verəcəyini düşünmək belə istəmirəm...

Hər dəfə küçədə, metroda, avtobusda və digər ictimai yerlərdə "bu millətin...", "elə bizim millət həmişə...", "bu millətə nə olur, haqq olur" və s. kəlamları eşidəndə özümdən çıxıram. Bəlkə də həmin ifadə müəlliflərini bir yerə toplasaq, neçə milyon adam olar. Hamı irad bildirir, hamı söyür, hamı lənətləyir. Həmin adamlar özləri guya sadaladıqlarından kənarda qalırlar və “aydan arı, sudan duru”durlar. Amma belələri ümumxalq mənafeyini qorumaq adı gələndə, xilasımız üçün cihad elan olunanda bəlkə də gözdəniraq künclərə çəkilib hamıdan tez gizlənərlər. 

Onlar anlamır ki, Yer kürəsinin xüsusi məkanlarından olan Azərbaycanımız zaman-zaman öz ruhi ərənləri, müqəddəs insanları və dünya səviyyəsində tanınmış dahiləri ilə öyünüb. Təsəvvür edin ki, başqa ölkələrdə bizdəki qədər poetik duyğulu, yazıb-yaradan (ən çox da poeziya və musiqi sahəsində) çalışanlar yoxdur. Subtropik iqliminə, füsunkar təbiətinə, dəniz və neftinə, qonaqpərvər adamlarına, müdrik şəxslərinə və digər əzəmətli amillərinə görə, vətənimizin dəyəri xüsusi yer tutur. Amma nədənsə bu qədər mənəvi və ruhi dəyərlərə malik olan ölkəmizin dəyərini, qiymətini verə bilmirik.

Reallıqdırmı, yaxud bilə-bilə edilir - anlamaq çətindir. Bircə şey bəllidir ki, son vaxtlar az qala hər kəs yalnız özü haqqında düşünür. Və belə hallar, bu kimi düşüncə tərzi heç bir ölkəni, heç bir xalqı nicat yoluna yönəltmir... İndi ümumbəşəri ideyalar istiqamətində, kainat və kütlə haqqında düşünənlər barmaqla sayılacaq qədərdir. Belə fikir sahiblərinin az olması isə hamımızı ilahi duyğulardan, fəlsəfi düşüncələrdən, Tanrını və özümüzü dərk etməkdən məhrum edir. 

"İnsanlara nə qədər az şey gərək olarsa, Allaha bir o qədər yaxınlaşarlar". Sokrat deyib bu sözləri və əgər dahi filosofun fikirlərində həqiqət varsa (əlbəttə var), deməli, indiki halda ürəyində ilahi eşq gəzdirənlər zərrə say təşkil edir. Belə də olmalıdır. Çünki Tanrı qadağalarına göz yumub şöhrətə, var-dövlətə və digər mənsəblərə üz tutanlar unudurlar ki, mütləq yarıyolda qalacaqlar.

Əsrlərdir ki, dünya gücləri bu coğrafiya uğrunda cəngə girib. Üç min ilə yaxındır ki, bu mübarək əraziləri mənimsəmək istiqamətində açıq-gizli savaşlar gedir. Buna baxmayaraq, bu relyefin aborigen xalqları qanları bahasına bu coğrafi məkanı qoruyublar, milli kimliklərini məşəqqətlərdən keçirərək yaşadıblar. Lakin dünya ilə qarşı-qarşıya durmaq əzmi o qədər də asan deyil. İşğallar, yürüşlər, yağmalamalar bu qədim ərazidə çoxsaylı yabançı dövlətlərin yaranmasına səbəb olub. Dünya xəritəsi tamamlanandan sonra isə “arzuolunmaz” dövlətlərin mənəvi isitsmarı baş qaldırıb. Gücsüzləşdirən, ümidsizləşdirən təbliğat, milli kimliyi küncə sıxan “maarifçilik”, psixoloji, psixotrop silahlar dayanmadan işləyib. Bu gün də vəziyyət davam edir və hədəf mərkəzi sinir sistemi, aorta damarı, düşünən beyin rolunu oynayan gənclərə qarşıdır. Deyəsən, bunu da müvəffəqiyyət zirvəsinə çatdırıblar.

Bu gün başımız işə-gücə, sosial qayğılara, məişət problemlərinə, bir az da yaradıcılığa o qədər qarışıb ki, ətrafımızda necə aqressiv bir gəncliyin yetişməsindən sanki xəbərimiz olmayıb. Tənqidə dözümsüzlük, məntiqdən uzaq inadkarlıq, ağılsız risklər gənclərimizi bizdən sürətlə uzaqlaşdırır. Bunu sosial şəbəkələrdə, ictimai müzakirələrdə açıq-aydın görmək olur. Kiminsə yanlış düşüncəsini əsaslandırılmış şəkildə izah etməyə başlayan kimi dərhal təhqir və kobudluq görürsən. Hətta 15-20 yaş fərqliliyə baxmayaraq, arasında söyüş söyənlər də olur. Ailə ənənələri artıq işləmir, müəllim və valideyn danlağı əks-effekt verir, müqayisəli təhlillər dondurulub. Efir və cəmiyyət tribunaları isə məhz bizə zərərli olanların təbliği ilə məşğuldur.

Tariximizi bilməyən, ənənələrimizi zorən unudan bir gənclik yetişir və çox təhlükəli bir tendensiyaya – özünübəyənməmə tendensiyasına giriş etməkdədirlər. Ölkəni sevmirlər, bir balaca ayağa duran kimi hansısa xarici ölkəyə getməyi özlərinə hədəf seçirlər. Hamısı olmasa da ciddi kəsim belədir. Bəs bunun sonu nə olacaq? Bu neqativliyi aradan qaldırmaq mexanizmi varmı? Varsa da onu necə işlətməli, tətbiq etməliyik? Vaxtında bunun qarşısı alınmasa, 10 il sonra nələrin baş verəcəyini düşünmək belə istəmirəm...

Səbuhi Rəhimli

Cebhe.info


Oxunma sayı: 6991