Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zorlama cinayətlərinə sərt cəza tələbi



Son vaxtlar seksual zorakılıq hadisələri ilə bağlı xəbərlər gündəmi silkələyir. Demək olar ki, hər gün mətbuatın xəbər lentində zorlanma hadisələri ilə bağlı məlumatlara rast gəlirik. Say çoxluğu ilə seçilən azyaşlı uşaqların zorlanması ilə bağlı faktlar artıq ictimaiyyətin qorxulu röyasına çevrilib. Cəmiyyət bu iyrənc olaya qarşı aqressiyasını, əsəbini sanki sosial şəbəkələrə tökür. Zorlayan şəxslər tənqid olunur, aşağılanır və onlara qarşı sərt cəza tədbirlərinin görülməsi tələb olunur. 

Hətta Azərbaycanda bu cür əməlləri törədən seksual manyaklara qarşı edam hökmünün də tətbiq edilməsi dəstəklənir. Doğrudur, edam hökmünün tətbiqi Azərbaycanda mümkün deyil. Bu cəza növü qanunla qadağan edilib. Amma ictimaiyyət uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin çox yüngül cəza ilə məsuliyyətə cəlb olunmalarını da həzm etmir. Ekspertlərin fikrincə, aidiyyati qurumlar sözügedən məsələ ilə bağlı həyəcan təbili çalmalıdırlar. Yaşından asılı olmayaraq bir qadının zorlanması qəbul olunan deyil. Xüsusən də söhbət azyaşlılardan, uşaq və yeniyetmələrdən gedirsə, bu artıq dəhşət saçan mənzərədir. Təklif olunur ki, bu cür şəxslərin daha sərt məsuliyyətə cəlb olunmaları məsələsinə yenidən baxılsın. Əks təqdirdə, bu çirkaba bulaşmış cəmiyyət yerində sayacaq. 

Məlumat üçün qeyd edək ki, ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa və İsrail kimi ölkələrin qanunvericiliyində bu əsas və yaxud əlavə cəza tədbiri kimi müəyyən edilib. Bəzi ölkələrdə şəxs özü azadlıqdan məhrumetmə müddətinin azaldılması üçün könüllü şəkildə onun üzərində kimyəvi axtalanma prosedurlarının aparılmasına razılıq verir. Yəni, həmin ölkələrin qanunvericiliyi buna imkan verir. Bəzi ölkələrdə isə cəza daha sərt olur və bu proseduru əsas cəza tədbiri kimi tətbiq edirlər. Əsasən, bu prosedurdan cinsi zorakılıqla bağlı cinayətlərin residivinin, yəni təkrarlanmasının qarşısının alınması məqsədilə istifadə edilir.

Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, qeyd olunan məsələ çox ciddi problemdir: “Azyaşlıların təcavüzə və zorakılığa məruz qalmaları, onların əməyindən istifadə, fahişəliyə cəlb olunmaları aktualdır. Bunu edən şəxslərə qarşı isə daha sərt, ciddi tədbirlər görülməlidir. Bu cür tədbirlərlə yanaşı həmin şəxslərin psixotrik müayinəsi də vacib məsələlərdəndir. Çünki onlar cəzalansalar da, azadlıqdan məhrum edilsələr də, təkrar azadlığa qayıdandan sonra bu cür hallara yol verə bilərlər. İlk növbədə həmin şəxslər Daxili İşlər Nazirliyində olan bazada qeydiyyatda olmalıdırlar.

Narahatedici məsələ ondan ibarətdir ki, uşaqlara qarşı edilən bu iyrənc əməllərdən sonra onlar ömürlərinin sonuna qədər psixoloji travmaya məruz qalırlar və bu uşaqların həyatında dərin iz qoyur. Hətta bu, həmin uşaqlar arasında müəyyən fəsadlara, intihara cəhdlərə və digər problemlərə yol aça bilər. Belə uşaqlar üçün reablitasiya mərkəzlərinin sayı artırılmalıdır. Burada uşaqlar, onların valideynləri də zərərçəkmiş qismindədir. Ona görə də ailələrə dəstək olmaq lazımdır. Həmin mərkəzlər uşaqların müayinəsinə, müalicəsinə, psixoloji, tibbi yardımın bərpasına çalışmalıdırlar”.

QHT sədri əlavə edib ki, xarici təcrübədə sözügedən zərəzçəkmişlər üçün Kompensasiya Fondu fəaliyyət göstərir: “Həmin fond insan alverinin qurbanı olmuş, zorlanmış insanlara dəstək verir. Ümumiyyətlə, ilk addımlardan biri də həm bağçalarda, həm məktəblərdə, həm ailə quran şəxslər arasında, bir sözlə, cəmiyyətdə maarifləndirmə işləri gücləndirilməli və hüquq-mühafizə orqanları bu istiqamətdə öz nəzarətlərini sərtləşdirməlidir”.

Məlumdur ki, bir çox ölkələrdə azyaşlılara qarşı zorakılıq, təcavüz, seksual hərəkətlər edən şəxslər edam cəzasına məhkum edilir. Azərbaycan qanunvericiliyi buna icazə vermir. Maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri bu arqumenti əsas tutaraq həmin şəxslərin cəza növü kimi edam olunmasını tələb edirlər. Nabil Seyidov bu məsələyə də toxunub. Onun sözlərinə görə edam hökmü Azərbaycan Konstitusiyasına tam zidddir: “Ən azı Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə ziddir. Bu qeyri-humanist bir addım olar. Demokratik, insan hüquqlarına hörmət edilən bir cəmiyyətdə bu addım doğru deyil. Düzdür, edam hökmü Səudiyyə Ərəbistanında, İranda, Amerikanın bir ştatında var. Bunlar da tədricən həmin hökmü aradan qaldıracaq. XVIII əsrlərə qayıtmaq düz deyil. Azərbaycan kimi sivil ölkələr bundan çoxdan imtina edib. Əsas odur ki, həmin şəxslərin müayinəsi, müalicəsi həyata keçirilsin. O zaman təhlükəli tendensiya da bir qədər azalmış olar”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений