Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Zəlzələ həyəcanı: Bizi nə gözləyir? - Qurban Yetirmişli açıqladı



Zəlzələnin baş verməsini öncədən proqnozlaşdırmaq mümkün deyil. Amma dünya seysmoloqları bu proqnozu əvvəlcədən bilməyin mümkün olduğunu iddia edirlər. Bu günlərdə Qazaxıstanın Milli Kosmik Agentliyi (Kazkosmos) Britaniyanın “SSTL” şirkəti ilə birgə zəlzələni öncədən proqnozlaşdırmağa imkan verəcək kosmik sistem yaradacaqlarını bəyan etdilər. Elmi aparat zəlzələlərin proqnozu üçün tətbiq ediləcək. Ümumiyyətlə isə bu məsələ hər zaman mübahisə yaradıb. Azərbaycan seysmoloqları zəlzələnin öncədən proqnozlaşdırmasının mümkünsüzlüyünü iddia edirlər.

Bu və digər məsələlərlə bağlı “Cümhuriyət” qəzeti Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə söhbətləşib. 

- Qurban müəllim, zəlzələnin baş verməsini öncədən proqnozlaşdırmaq mümkündürmü?
- Əslində zəlzələnin baş verməsinin proqnozunu əvvəlcədən vermək mümkün deyil. Zəlzələ proqnozu 3 mərhələyə bölünür. Qısamüddətli, ortamüddətli və uzunmüddətli...Ortamüddətli və uzunmüddətli zəlzələ proqnozunu vermək mümkündür. Qısamüddətli zəlzələ proqnozunu ümumiyyətlə, vermək mümkün deyil, eləcə də vaxtını, yerini proqnozlaşdırmaq olmur. Bir neçə gündən bir neçə saata qədər yerli vaxtı və gücü qısamüddətli zəlzələ nəzərdə tutulandır. 2-5 il arası müddət orta müddətli, 10 və 50, hətta 500 il isə uzunmüddətli zəlzələ proqnozu hesab olunur. 1 ildən sonrakı proznozlar ehtimal olunanlardı. Onun isə böyük bir əhəmiyyəti yoxdur. Yəni sən ehtimal olunan zəlzələyə qarşı infrastruktur, tikililər, obyeklərin tikintisini elə aparmalısan ki, o cür zəlzələlər baş verəndə həmin tikililər buna davamlı olsun. Burada seysmik risk qiymətləndirilir. Aşağısı minimal itkilər, dağıntılar olsun. Söhbət bundan gedir. 

- Zəlzələni əvvəlcədən proqnozlaşdırmaq və bu haqda insanları xəbərdar etmək mümkün olsa, sizcə insanların təşvişinə son qoyularmı?
- İlk növbədə əhali arasında maarifləndirmə işi aparılmalıdır. Bu ən ciddi məsələlərdən biridir. Onu deyim ki, bizim mərkəz bu sahədə işlər görür. Ötən ilin yay tətili mövsümünə qədər şəhər, rayon məktəblərində zəlzələdən öncə, zəlzələ vaxtı və sonra hansı işlər görülməlidir, hansı hazırlıqlar olmalıdır, insan davranışı necə olmalıdır, eyni zamanda zəlzələ necə əmələ gəlir və bu kimi məsələlər haqda maarifləndirmə işləri aparıldı. Qarşıda isə Prezident Yanında “Bilik Fondu”nun xətti ilə sosial obyektlərdə, zavodlarda, təhsil müəssisələrində, ahıllar evində və digər obyektlərdə işçilər üçün təbiət kataklizmləri haqda mövzular seçib mühazirə oxumaqla bağlı layihə həyata keçirəcəyik. Yaponiya zəlzələlər ölkəsidir.

Zəlzələ baş verir, çox soyuqanlılıqla onlar onu qarşılayır. Küçədə, vağzalda, metroda, ofisdə, istənilən məkanda olmalarına baxmayaraq, yerlərindən çəkilmirlər. Heç bir panikaya düşmürlər. Evdəkilər belə hay-küy qoparmadan bir küncə çəkilib gözləyirlər. Yəni zəlzələdən qorunmanın da təlimləri var. Maarifləndirmə layihəmiz məhz bu haqda olacaq. Tutaq ki, 2 ildən sonra zəlzələ olacağını biləcəmsə, nə edəcəm? Uzağı küçəyə qaçacağam, ya da evin elə bir yerində dayanacağam ki, evdəki əşyalardan başıma düşəni olmasın. Yaxud küçədəyəmsə, ofisdəyəmsə, bütün bunlar izah olunur. Məsələ burasındadır ki, baş verəcək zəlzələnin qarşısını ala bilməzsən və deyə bilməzsən ki, “hara gəlirsən?”. Layihə ilə bağlı işlər gedir. Dərs mövsümü başlayan kimi biz də buna start verəcəyik. 

- Bəs dünyada elə bir texnologiya varmı ki, baş verəcək zəlzələ öncədən proqnozlaşdırılsın?
-  Xeyr. O zaman Meksikadakı zəlzələni öncədən proqnozlaşdırar və əhaliyə xəbərdarlıq edərdilər ki, olduğunuz yerdə qalın və s. Bu qeyri-mümkündür. Bu nəinki bizim, həm də dünyanın problemidir. Əgər dünyada belə bir texnologiya varsa, açıqlasınlar. 

- Heyvanların zəlzələni əvvəlcədən hissetmə qabiliyyəti var. Bəzi mütəxəssislər isə hesab edir ki, bu elmi cəhətdən sübuta yetirilməyib. Siz necə düşünürsüz? 
- Həqiqətən də heyvanların zəlzələni hissetmə qabiliyyəti var. Hətta çinlilər tərəfindən sürünən heyvanlar, elmin bütün sahələri, fizika, seysmologiya, fəza cisimləri, planetlərin paradı, günəşin aktivləşməsi kimi məsələlərin hamısı izlənilir. Məsələn, zəlzələdən öncə ilanlar müxtəlif istiqamətə sürünür, itlər durduğu yerdə qaçır, ulaşır. Belə amillər var. Amma bu bir xarakterli məsələ deyil. Onda hər kəs heyvan saxlayıb, onun hərəkətlərinə baxar. Primitiv metodlar bəlkə bundan 50 il əvvəl mövcud idisə, indi onun arxasınca gedən yoxdur. 

- Hazırda Azərbaycanın seysmik ərazilərində seysmiklik hansı səviyyədədir?
- Seysmogen bölgələrdə, zəlzələ ocaqlarında hazırda güclü zəlzələ ehtimalı yoxdur. Xırda, orta-güclü təkanlar həmişə ehtimal olunur və zəif təkanlar da hər gün baş verir. Bunların da heç bir problemi yoxdur. Gürcüstanda baş verən zəlzələ bizim şimal-qərb zonamızda hiss olunmuşdu. Ondan bir gün öncə Qəbələdə baş verən zəlzələ müəyyən qədər hiss olunmuşdu. Bunlar qorxulu şeylər deyil, təbii məsələlərdir ki, baş verməsi labüddür. 

- Yaxın 10 il ərzində Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?
- İndi durub bir kəlmə söz deyəcəm, bütün dünya başa düşməyəcək və deyəcəklər ki, zəlzələ gözlənilir. Zəlzələ həmişə gözlənilir. Hələ dağıdıcı zəlzələ ehtimalı yoxdur. 

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений