Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Yol terroru”: Radarlar da dayandırmır



Azərbaycanda “yol terroru” davam edir. Ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzaları çoxalır. Baş verən yol qəzalarında ölənlərin sayında da artım müşahidə olunur. Ekspertlər hesab edir ki, buna səbəb intizamsız və məsuliyyətsiz sürücülərin sayının çox olmasıdır. Ən çox yol qəzaları baş verməsi sürücülərin sürət həddini aşması nəticəsindədir. Aprelin 9-dan 15-nə olan məlumata görə Azərbaycanın daxili işlər orqanları tərəfindən 659 cinayət faktı qeydə alınıb, onların da 95-i “isti izlər”lə açılıb. Həftə ərzində ölkənin avtomobil yollarında 24 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 12 nəfər dünyasını dəyişib. Bu qəzalarda 38 nəfər xəsarət alıb. 

Təkcə ötən gün 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb. Ölümlə nəticələn yol-nəqliyyat hadisələri hər gün baş verir və bu qəzaların çoxu sürət həddinin aşması səbəbindəndi. Ekspertlər qəzaların əsas səbəbini təkcə sürücülərdə görmür. Onun fikrincə, yol nişanlarının azlığı, lazımi yerdə qoyulmaması, yolların standarta cavab verməməsi, yollarda aparılan təmir-tikinti işlərinin xaotik aparılması, bu işlər görülərkən təhlükəsizlik qaydalarının pozulması da qəzaların sayını artırır. Paytaxtda sürücülərin özbaşınalığı, hərəkət zamanı aşırı sürət həddini keçmələri, təhlükəli idarə etmələri barədə dəfələrlə yazılıb deyilsə də, günbəgün problem daha da dərinləşir. Hətta belə demək mümkündürsə, dünyanın ən təhlükəli sürücüləri Azərbaycanda artmaqda davam edir. Məlumdur ki, yol hərəkətində heç bir qayda və tələbdən kənara çıxmaq olmaz. Çünki ən elementar qaydanı pozan, xırda texniki məsələyə laqeyd yanaşan sürücü öz həyatı ilə birgə, başqalarının da həyatını təhlükə altına atmış olur. Xüsusən, sərnişindaşıma ilə məşğul olan sürücülərin məsuliyyəti daha artıq olmalıdır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi də son vaxtlar baş verən yol qəzaları ilə bağlı sürücülərə müraciət edib. Bildirilir ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb havaların qeyri-sabit keçməsi və sürücülərin istirahət etmədən avtomobil idarə etməsidir: “Son vaxtların təhlili göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir. Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülər 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli istirahət etməlidirlər”.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, mövsüm dəyişikliyi baş verəndə yol qəzalarının sayı da artır: “Qışdan yaya, yaxud yaydan qışa keçəndə sürücülər təbiətə hazırlıqsız yaxalanırlar. Bu da ağır yol qəzalarına səbəb olur. Bununla bağlı Dövlət Yol Polisi də sürücülərə xəbərdarlıq etdi. Onların təhlilinə görə sükan arxasında sürücülərin çoxu yuxulu və durğun olduğu üçün qəzalar baş verir. Əslində buna çox səbəblər var. Sürücülər bəzən özünə arxayınlıq nəticəsində özləri də bilmədən ağır faciənin qurbanı olurlar. Avtomobilin texniki sazlığına əhəmiyyət verən çox az sürücü var.

Fikirləşirlər ki, bu qəzaya səbəb ola bilməz. Amma fakt onu göstərir ki, olur. Bəzən yuxulu və yorğun halda sürücülər çox uzun məsafələrə gedirlər. Bakıdan Zaqatalaya, yaxud Gəncəyə bu halda getmək ölümlə üz-üzə gəlmək kimi bir şeydir. Normalda bir insanın maksimum sükan arxasında otura biləcəyi vaxt 4 saat götürülür. Bu qanunvericlikdə də bu şəkildə tövsiyyə olunur və dünya mütəxəsisləri də bu qənaətdədir. Amma bəzi taksi sürücüləri var ki, Gəncədən Bakıya müştəri gətirir, 1 saat dincəlib yenidən müştəri götürüb Gəncəyə qayıdır. Buna orqanizm, beyin dözməz. O sürücülər əməlli-başlı yol “terrorçu”larıdır.

Sürücülər yollarda bütün radarların yerlərini əzbərləyiblər. Radar görəndə maşının sürətini azaldırlar. Mən yol-hərəkəti qaydalarının pozulmasını Naxçıvanda da gördüm. Sürücülər polis görən kimi kəməri taxırlar, qayda ilə sürürlər. Azərbaycanlı təfəkkürünün sürücülük şuüru bir bəladır, yapışıb yaxamızdan buraxmır. Necə olur ki, Türkiyədə, Gürcüstanda, Rusiyada sürücülərimiz normal avtomobil idarə edirlər. Azərbaycanda isə əksinə...Axı niyə? Öz cəmiyyətinə və vətəndaşlarına niyə hörmətsizlik edirsən? Müşahidə edirəm, bahalı maşınlar yollarda nə oyunlardan çıxır ”.

Ekspertin fikrincə, insanlara mənəvi-psixoloji təsir göstərmək lazımdır: “Sözügedən məsələ ilə bağlı biz bir neçə dəfə təkliflərlə çıxış etmişik. Təəssüflər olsun ki, buna əhəmiyyət vermirlər. Rusiyada, Türkiyədə yollara maket yol polisi maşını qoyurlar. Yaxud mövcud radarların yerini tez-tez dəyişirlər ki, sürücülər artıq adət eləməsinlər. Yeri gəlsə gizli radarlardan da istifadə olunmalıdır. Bizə aşkar heç nə yaramır. Yol Polisinin gizli xidməti sürücülərin şikayəti əsasında ləğv olundu. Çünki sürücülər istədiklərini etmək, yolda sərbəst olmaq istəyirlər. Polis maşını, radar görəndə sürücülər özlərini yığışdırırlar. Ona görə də yollarda polis maşınlarının, radarların və kameraların da sayı çoxalmalıdır. 

Bizim cəmiyyət üçün bundan o tərəfi alınmır. Rusiyada qəzaya uğramış maşınları yolun yaxşı görünən bir hissəsində, yüksək yerdə qoyurlar. İnsanlara göstərmək istəyirlər ki, sən də bu aqibəti yaşaya bilərsən. Onu Azərbaycan variantında daha da təsirli etmək olar. Azərbaycanda köhnə yol polisi avtobilləri var. Onları haradasa rəngləyib evakuator vasitəsilə yerini tez-tez dəyişməklə yolların görünən hissələrində qoymaq lazımdır. Bunu artıq Avropa ölkələrinin əksəriyyəti edir”.

Ekspert deyib ki, insanlar öz təhlükəsizlik qaydalarına əməl etmirlər. Adi manevr qaydalarını pozurlar: “Yolda 110 sürət nişanı qoyulubsa sürücü bu nişanı əsas tutmamalıdır. Bunun qanunda da izahı var. İlk növbədə srücülər hava və yol şəraitini əsas tutmalıdır. Hansı sürətdə sürə bilirsə, ona çalışmalıdır. Axı 3 metr qarşını görmək mümkün deyil. Bu məsələdə vaxtaşırı təbliğat işi aparılmalıdır və mövcud qanunvericilikdə dəyişikliklər edilməlidir. Qorxu olmasa, “yol qırğınları” davam edəcək”. 

A. Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений