Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

YOL HƏRƏKƏTİ QAYDALARI: Hərəkətin tələblərini ÖYRƏNİN – XIV YAZI



Cebhe.info yol hərəkəti sahəsində olan qanunları nəzərinizə çatdırmaqda davam edir. 

Bu dəfə “Yol hərəkəti” Haqqında Azərbaycan Respublikasının Qanununda 43, 44, 45, 46 və 47, 48, 49-cu maddələri təqdim edirik:

Maddə 43. Avtomagistrallarda hərəkət:

I. Nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər.
II. Avtomagistrallarda:
1) piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkəti;
2) icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakılarda hərəkəti;
3) 5.15 və ya 6.11 nişanları ilə işarə edilmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanmaq və ya durmaq; 
4) geriyə dönmək və ayırıcı zolağın texnoloji kəsiklərinə girmək;
5) geriyə hərəkət etmək;
6) sürmə təlimi keçmək qadağandır.
III. Sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir.
IV. Bu maddənin tələbləri 5.3 nişanı ilə işarə olunmuş yollara da şamil edilir.

Maddə 44. Dəmiryol keçidlərində hərəkət:

I. Nəqliyyat vasitələrinin sürücüləri dəmir yollarını qatara (lokomotivə, drezinaya) yol verməklə, yalnız dəmiryol keçidlərində keçə bilərlər.
II. Sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməlidir.
III. Keçidə girmək:
1) svetoforun siqnalından asılı olmayaraq şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda;
2) svetoforun qadağan siqnalı yandıqda (şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq);
3) keçid növbətçisi qadağan siqnalı verdikdə (növbətçi əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi, yaxud kürəyi sürücüyə tərəf dayandıqda);
4) keçiddən o tayda tıxac yarandıqda və bu, sürücünü keçiddə dayanmağa məcbur etdikdə;
5) keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində);
6) qarşıdan hərəkət zolağına girməklə, keçid qarşısında dayanmış nəqliyyat vasitələrinin yanından keçib getmək qadağandır.
Bundan əlavə:
1) şlaqbaumu özbaşına açmaq;
2) qeyri-nəqliyyat vəziyyətində olan kənd təsərrüfatı, yol, inşaat və s. maşınları və mexanizmləri dəmiryol keçidindən keçirmək;
3) dəmiryol stansiyası rəisinin icazəsi olmadan, sürəti saatda 8 kilometrdən aşağı olan nəqliyyat vasitələrinin, habelə traktora qoşulan yük kirşəsinin hərəkəti qadağandır.
IV. Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır.
V. Sürücü keçiddə məcburi dayandıqda, adamları dərhal nəqliyyat vasitəsindən düşürməli və keçidi boşaltmaq üçün tədbirlər görməlidir. Eyni zamanda sürücü:
1) yaxınlaşan qatarı saxlamaq üçün maşinistə dayanma siqnalı verməyi imkan daxilində iki adama başa salıb, onları dəmiryol xətti boyunca 1000 metr məsafədə hər iki tərəfə (bir nəfər olduqda isə yolun daha pis görünən tərəfinə) göndərməlidir;
2) nəqliyyat vasitəsinin yanında qalmalı və ümumi həyəcan siqnalları verməlidir;
3) qatar görünən kimi, ona tərəf qaça-qaça dayanma siqnalı verməlidir.
Qeyd: Dayanma siqnalı qolun dairəvi hərəkət etdirilməsindən ibarətdir (gündüz parlaq rəngli parça, yaxud yaxşı görünən hər hansı əşya ilə, gecə məşəl və ya fənərlə). Ümumi həyəcan siqnalı bir neçə dəfə, bir uzun və üçqısa səs siqnalı verməkdən ibarətdir.

Maddə 45. Yaşayış zonalarında hərəkət:

I. Yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar.
II. Yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır.
III. Sürücülər yaşayış zonasından çıxarkən, hərəkətin digər iştirakçılarına yol verməlidirlər.
IV. Bu maddənin tələbləri həyət ərazilərinə də şamil edilir.

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər:

I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyini ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80—100 metr olmalıdır.
II. Velosiped və moped sürücülərinə:
1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək;
2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq;
3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;
4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək;
5) sərnişin daşımaq;
6) nasaz, velosipeddən istifadə etmək;  
7) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır. 
III. Yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped və moped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.

Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər:

I. At arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtiləonların yol çiyni ilə də hərəkət etmələri mümkündür.
II. Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır.
III. Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80—100 metr olmalıdır.
IV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər.  
V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun.
VI. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə:
1) mal-qaranı yolda nəzarətsiz qoymaq;
2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa);
3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır.
Qeyd: At arabaları (kirşələr) işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz olunmalıdırlar.

Maddə 48. Nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri:

I. Üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.
II. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi iləgedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. 
Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır.  
III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir.
IV. 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdəyola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır.
V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.

Maddə 49. Nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşməsi:

I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. 
II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.
III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan keçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir.
IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.
V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir. 
VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

Qeyd edək ki, Cebhe.info yol hərəkəti sahəsində insanların məlumatlandırılması və maarifləndirilməsi üçün bu qəbuldən yazıları davam etdirəcək. 

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений