Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yerli kartof bazarı “öldü”



Azərbaycan Çinin Qansu əyalətindən kartof və zeytun yağı idxal edəcək. Bu barədə Qansu əyalətinin inzibatı mərkəzi Lançjou şəhərində keçirilən Beynəlxalq Qida Əməkdaşlığı Forumunda razılıq əldə olunub.

Azərbaycan ˮƏrzaq məhsullarının tədarükü və təchizatıˮ ASC-nin İdarə Heyəti sədrinin müavini Elşən Əsədov bildirib ki, "Bir Kəmər, bir yol" təşəbbüsündə kənd təsərrüfatının inkişafı ümumi marağa daxildir. O qeyd edib ki, Azərbaycan Çinə orqanik qidanın ixracı və Çinin kənd təsərrüfatı texnologiyası, investisiya və təcrübəsinin tətbiqi ilə  daha səmərəli əməkdaşlıq yaratmaq niyyətindədir.

Maraqlıdır, Azərbaycanın öz kartofu, eləcə də zeytun yağı yoxdurmu Çindən idxal edir? Ümumiyyətlə, il ərzində ölkədə nə qədər kartof istehsal olunur ki, əhalinin bu məhsula olan tələbatı ödənilmir?

İqtisadçı-alim Vüqar Bayramov Cebhe.info-ya bildirib ki, Çindən kartof və digər kənd təsərrüfatı məhsullarını başqa ölkələrə ixrac edilməsi başadüşləndir:

“Amma Azərbaycanın Çindən aqrar məhsullar idxal etməsi birmənalı şəkildə arzuolunan deyil. Azərbaycan kənd təsərrüfatı ölkəsi olduğuna görə ölkə üçün aqrar sektorun qorunması, tələbin yerli məhsul hesabına ödənilməsi daha vacibdir, nəinki həmin məhsulların başqa ölkələrdən idxal edilməsi. Xüsusən bu ilki mövsümdə fermerlərin daha çox kartof, soğan və digər məhsullar istehsal etməsi, əvvəlki illərlə müqayisədə onların qiymətinin xeyli dərəcədə ucuzlaşmasına gətirib çıxardıb. Biz optimal qiymətlərin tərəfdarıyıq. Qiymətlər həm istehlakçı, həm də fermer üçün uyğun olmalıdır. İstehlakçı üçün əlavə xərc yaratmamalı, fermerlər üçünsə növbəti illərdə fəaliyyətlərini genişləndirmək imkanlar qazandırmalıdır”.

İqtisadçı qeyd edib ki, müşahidələr bu il Azərbaycanda kartof istehsalında artımların olduğunu göstərir:

“Əgər Azərbaycan Çindən, eləcə də başqa ölkələrdən kartof idxal edərsə, nəticədə bu, ölkədə istehsal olunan eyni adda məhsulların satışında xeyli problem yarada bilər. Çünki bazara daha ucuz kartofun çıxması, yerli məhsulların satılması ilə bağlı çətinlik yaradacaq. Təbii ki, bu da fermerlər üçün arzuolunan deyil. Nəzərə alaq ki, Azərbaycan aqrar məhsulları yerli istehsal hesabına ödəməyə çalışır. Xüsusən daxili bazarın qorunmasına daha ciddi ehtiyacın olduğu bir məqamda, fermerlərin dəstəklənməsinin aktuallaşdığı bir dövrdə digər ölkələrdən kütləvi şəkildə ucuz qiymətə kartofun idxal edilməsi ürəkaçan deyil. Azərbaycan çalışmalıdır ki, bütün kənd təsərrüfatı məhsullarının qiyməti optimal olsun. İstehlakçı üçün yüksək qiymət, fermer üçün də aşağı qiymət olmamalıdır. Ümumiyyətlə, orta əməkhaqqı alan vətəndaşımız həmin məhsulları alarkən çətinlik çəkməməlidir”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений