Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yaxın Şərq böyük savaşın astanasında



ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi beynəlxalq gərginliyin artmasına gətirib çıxaracaq. Siyasi ekspertlərin fikrincə, Yaxın Şərqdə başlanmış hərbi qarşıdurma genişmiqyaslı müharibələrə çevrilə bilər. Eyni zamanda, İran tərəfindən dəstəklənən silahlı qrupların İsrailə, ABŞ-a qarşı və Vaşinqtonun bölgədəki müttəfiq ərəb dövlətlərinə qarşı terror aktları törədə biləcəyi də istisna olunmur. Ancaq İrana bağlı olmayan digər terror qruplaşmaları da öz fəaliyyətini genişləndirmək üçün Yaxın Şərqdə yaranmış gərginlikdən istifadə edə bilər. 

Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, fələstinlilərin etiraz etmək hüququ var. Amma bu etiraz dinc yolla həyata keçirilməlidir: “Biz ekstremistlərin dinc etirazlardan öz məqsədləri üçün istifadə etməyə səy göstərəcəyindən narahatıq. İsrail öz sərhədlərini qorumaq hüququna malikdir. Lakin məğluba qarşı oddan istifadə ciddi narahatlıq doğurur”-deyə baş nazir bildirib. 

Son günlər İsrailin Suriyada İranın və “Hizbullah”ın hərbi mövqelərinə aviazərbələr endirməsinin ardınca ABŞ-ın səfirliyini Qüdsə köçürməsi və Qəzza bölgəsində 59 nəfərin ölümü və 270 nəfərin yaralanması ilə nəticələnən toqquşmaların baş verməsi Yaxın Şərqdə münaqişələrin daha fəal miqyasının genişlənməsinə gətirib çıxara bilər. İranın proseslərə müdaxilə etmək cəhdləri isə yeni regional müharibənin başlanmasına yol açmış olar. 

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, hətta ABŞ İranı İsrail sərhədlərindən uzaqlaşdırmaq və “Hizbullah”ı zəiflətmək üçün Suriyada, eləcə də Yəməndə hərbi əməliyyatlara başlaya bilər:

“ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra onun seçki kampaniyasında verdiyi sözləri həyata keçirməsi dünyada təhlükəsizlik sisteminin və nizamının dəyişdirilməsinə yeni böhranların yaranmasına səbəb olur. Birləşmiş Ştatların qəbul etdiyi yeni təhlükəsizlik bəyannaməsində Rusiya, Çin, Şimali Koreya və İran Amerikanın əsas düşmənləri kimi göstərilir. Bundan əlavə Trampın İranla “Altılıq” ölkələri arasında bağlanmış hərtərəfli nüvə sazişindən çıxacağını qeyd etməsi və Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını qeyd etməsindən sonra Yaxın Şərqdə yeni böhranın alovlanmasına gətirəcəyi gözlənilirdi. Ötən ilin dekabrında Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaq və ABŞ səfirliyini həmin şəhərə köçürəcəyi barədə qərar verməsi artıq yeni böhrana yol açırdı. ABŞ ilk əvvəl Şimali Koreya ilə problemləri yoluna qoyandan sonra öz siyasətini İran və Fələstin üzrə cəmləşdirdi. İrana qarşı siyasi koalisiya formalaşdırılması, nüvə sazişindən çıxmaq barədə qərarın verilməsi regionda prosesləri daha da dərinləşdirdi. 

Prezident Tramp İlk növbədə, İranla nüvə sazişindən çıxdığını bəyan etdi və ardınca Qüdsdə səfirliyin açılışını həyata keçirdi. ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi yeni beynəlxalq gərginliyin yaranması ilə nəticələnib. İlk öncə ABŞ BMT-nin Qüdslə məlum qərarına qarşı gedərək beynəlxalq hüququ pozub. Bununla dünyada yeni nizamın formalaşmasdırılmasının əsasını qoydu. Qüds problemi Fələstinlə İsrail arasında aparılan sülh danışıqlarını iflasa uğratdı. Bu regionda yeni silahlı birləşmələrin yaranmasına, həmçinin “Hizbullah”ın güclənməsinə gətirib çıxaracaq. Burada əsas məqsəd Yaxın Şərqin siyasi xəritəsini dəyişmək, Fələstini daha da zəiflətmək, “Hizbullah”ı sıradan çıxartmaq, Qəzzanı “Həmas”dan geri almaqdır. Qüds qərarı deyərdim ki, siyasi xəritənin dəyişməsinin ilkin başlanğıcıdır. İrana qarşı sanksiyaların tətbiqi ilə paralel aparılan bu siyasət heç də Yaxın Şərqdə sülhə və təhlükəsizliyə xidmət etməyəcək. Türkiyə, İran və digər ölkələr buna sərt təpki göstərib, İsrailin və ABŞ-ın Türkiyə ilə diplomatik münasibətlərində böhran baş verib. Trampın verdiyi spontan qərarlara qarşı təəssüf ki, dünya birliyi susqunluq göstərir.

Ərəb liqası İsrailə və ABŞ-a qarşı kəskin siyasət ortaya qoymadılar. Bu, onu deməyə əsas verir ki, ərəb ölkələri ABŞ-ın Qüds qərarı ilə razılaşıblar. İrana və onun dəstəklədiyi silahlı qruplaşmalara qarşı bundan sonra yeni cəbhə formalaşacaq. İsrail Suriyada “Hizbullah”a qarşı və İran hərbi bazalarına intensiv hərbi əməliyyatlar həyata keçirəcək, “Həmas”ı Qəzzada vuracaq. ABŞ Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlaya bilər. Qüds qərarı göstərdi ki, Yaxın Şərqdə ABŞ kəskin və radikal addımlara gedəcək.Hətta bir gün Dəməşqdə Əsədin sarayını bombalaya bilər. Hesab edirəm ki, ABŞ-a qarşı terror hücumlarının həyata keçirilməsi yaxın müddətdə baş verməsə də bunu istisna etmirəm. Bu arada “Əl-Qaida” lideri ABŞ qarşı cihada çağırıb. Amma bu cihadın effektli olması gözlənilmir. ABŞ-ın təhlükəsizliyi yüksək səviyyədədir. ABŞ-ın birbaşa ərazisində geniş miqyaslı terror baş verməyəcək. Yaxın Şərqdə müharibə yeni fazaya keçir. Bu müharibə Suriyada rejimin dəyişməsinə, husilərin hakimiyyətdən getməsinə, Livanda “Hizbullah”ın zəifləməsinə, İranın Suriya və İraqdan çıxarılmasına aparacaq”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений