Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yasda olan Elza Seyidcahan: “Ceyla çirkin bir pişiyə vurulmuşdu, hər şeyi yaşadı, bircə ərə getmədi, uşağı olmadı” – FOTOLAR - MÜSAHİBƏ 



Əməkdar artist Elza Seyidcahanın 11 il evində saxladığı pişiyi ölüb. Müğənni-bəstəkar Cebhe.info-ya müsahibəsində pişiyinin əvvəllər xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyib: 

-11 ildir ki, Ceyla bizimlə idi. Dünən tələf olub. Onun ölümü də özü kimi cəsarətli, mərd-mərdanə oldu. Ölümün gözünə dik baxdı. İki ay olardı ki, nasazlamışdı. Süd vəzilərində şiş vardı. Həkimə apardıq, dedi ki, əməliyyat olunsa, yaşı çoxdur deyə dözməz. USM-dən keçdirdik, ciyərinə də su yığılmışdı. Əməliyyata razılıq vermədik, onun tələf olmasını istəmədik. Bir neçə gün heyvanlara məxsus xəstəxanada yatızdırdıq. Ceyla xoşbəxt, şanslı idi, tarixə düşən heyvan oldu. Filmlərdə, çəkilişlərdə, konsertlərdə gəlirdi. Qızım Gülşənin toyunda biz ona ağ paltar geyindirmişdik. Bu həyatda hər şeyi yaşadı, bircə ərə getmədi, uşağı olmadı. Təsəvvür edin, onun üçün erkək pişik gətirirdik, amma birini də yaxınına buraxmırdı. Çünki çox qısqanc idi. İstəyirdik ki, balası olsun, buna görə də dama buraxırdıq. Çirkin bir pişiyə vurulmuşdu. Baxırdım, özlüyümdə deyirdim ki, gözəl qızlar olur e, çirkin pişiklərə vurular, Ceyla da onun kimi (gülür). Həmin pişiklə sevgili oldu, 3-4 ay keçdi, amma yenə də balalamadı. 

-Ceyladan sonra yenidən ev heyvanı saxlamaq niyyətiniz var? 
-Düzdür, mən heyvanların qorunması ilə bağlı konsert vermişəm və onları çox sevirəm. Camaat da elə bilir ki, evim heyvanxanadır. Yox, bizim evdə bircə Ceyla var idi. Mənim üçün evdə heyvan saxlamaq çox çətindir. Hətta düşünürəm ki, küçə heyvanlarına qayğı göstərərəm, zooparka gedərəm, amma heç vaxt evimə heyvan gətirmərəm. Ceyla da təbiətdə olsaydı, doğardı, çox yaşayardı. O, 11 il ömür sürdü, amma şərəfli yaşadı. Kraliça kimi yaşadı, tarixə düşdü, onu bütün dünya tanıdı. O, çox gözəl, komfortlu həyat yaşadı. Onun yediyi, içdiyi, gəzdiyini çox adam görməyib. Bir tərəfdən baxanda, insanlara Allah hər şeyi də verməyib axı. 

-Onun üçün şeir yazmağı düşünürsünüz? 
-Ola bilər. Xatirəsinə ola bilər nəsə yazım. Mən Ceylada gördüyüm gözəl xüsusiyyətləri insanlarda görmədim. Bəzi insanlarda da gördüyüm pis xüsusiyyətləri Ceylada görmədim. Bilirsiniz, mən 11 il rahat yatmadım, mahnı bəstələmədim, rahat şeir də yaza bilmədim. Ceyla bizim mebellərimizi sıradan çıxardı. Biz hamımız onu sevirdik. Bircə anam Ceylaya qarşı sərt idi (Gülür). O, anamın yanında stolun üstünə çıxmırdı, çəkinirdi. Qızım Ceylaya necə qulluq edirdi, bir biləsiniz?! Çimizdirirdi, dırnaqlarını tuturdu, qulaqlarını təmizləyirdi. Onun ətirlərini görəydiniz... Ceyla gözləyib, Gülşən gəlib, son nəfəsini verib. Gülşən onun burnunu sığallayıb, o da canını tapşırıb. Gülşən uşağını qoyurdu evdə, hər gün taksiyə minib Pirişkülə xəstəxanaya Ceylanın yanına gedirdi, ona baş çəkirdi. Amma bizdə adamlar var ki, valideynlərini xəstəxanaya atırlar, maraqlanmırlar da. Əziz adlı doktor var idi, Ceyla ilə o məşğul idi. Dedi ki, Ceylanın ömrü filan qədərdir, əməliyyat etsəniz, yaşamayacaq. Dediyi kimi də oldu. Mən fəxr edirəm ki, Azərbaycanda belə baytarlar var. -Aygün Kazımova bir dəfə demişdi ki, itim Yanoçkanın elə geyim və aksessuarları var, hətta müğənnilərimizdə yoxdur.

- Bəs siz pişiyinizə nə qədər pul xərcləmisiniz? 

-Mən Ceylaya geyimləri, aksessuarları xaricdən gətirtdirirdim. Əlbəttə, mən onu elə-belə saxlamamışam ki?! Ceylanın oyuncaqları da vardı. Boğazında zınqrovu var idi, üzərində mənim adım yazılmışdı. Düşünmüşdüm ki, bayıra çıxıb azanda mənim olduğunu bilsinlər. Qızım Gülşənin toyunda Ceylaya ağ gəlinlik paltarı geyindirdik. Fotolarını da sosial şəbəkədə paylaşdıq. Buna görə qınaq obyektinə çevrildik. Bəzi insanlar heyvan sevgisi nədir, bilmirlər. Bilməyəcəklər, bilmək istəmirlər də. Onların bəsirət gözü bağlıdır. 

- Onu harda basdırdınız? 
-Oğlum dünən gəldi, kürəkənim Elxanla birgə onu torpağa tapşırdılar. Oğlum çox ağladı, onu güclə sakitləşdirdik. Düzdür, hamımız ağlayırdıq, oğlum Ələkbər daha çox üzüldü. Hətta onu torpağa tapşırmazdan öncə burnundan öpdü. Mən anlamıram ki, niyə insanlar heyvanları sevmir? Əksinə, heyvanlar insanlarda olan xəstəlikləri, ağrıları götürür. Hər bir insan evində heç olmasa bir heyvan saxlamalıdır. 

-Sonda mövzudan kənar bir sual vermək istəyirəm. Əməkdar artist Cavanşir Məmmədov qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib. İddia edib ki, bəzi məşhur müğənni, prodüsser və təşkilatçılar bu işlə məşğuldur. O, “Şou-biznesdə olan “mamaroza” və “paparoza”lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər”- deyib. Sizcə, onun sözlərində həqiqət payı varmı? 
-Bu suala mən cavab verə bilməyəcəyəm. Çünki nə nəsil-kökümüzdə, nə də ki, ailəmizdə belə sözlər işlədirik. Böyüklərimizin yanında televizorda belə sözlər eşidəndə, kanalı çeviririk. Övladlarımla da belə mövzulara nə baxıram, nə də dinləyirəm. Biz heç böyüklərimizlə üz-üzə oturmuruq. Ona görə də mən bu mövzulara cavab verməyi özümə sığışdırmıram. Çünki bizim mentalitetimizə yaraşmayan söhbətdir...

Aysel 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений