Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xudu Məmmədovun ölümü ilə bağlı MÜƏMMA: Əlizadə-Ağamalı qalmaqalına yeni tərəf qoşuldu - MÜSAHİBƏ



Vasif Qurbanzadə: “Xudu müəllimin bilavasitə ölümünə nəyin səbəb olduğu bilinmir”

Millət vəkili Fəzail Ağamalının Xudu Məmmədovun ölümü ilə bağlı  səsləndirdiyi fikirlər bir sıra suallar yaradıb. Qeyd edək ki, Fəzail Ağamalı deyib ki, Xudu Məmmədovun ölümünə Zərdüşt Əlizadə səbəb olub. Ancaq Xudu Məmmədovun səhhətinin pisləşdiyi həmin toplantıda iştirak edən digər şahidlər deyir ki, dünya şöhrətli alimin ölümünə səbəb Milli Azadlıq Hərəkatının fəallarından biri Məhəmməd Hatəminin kəskin replikası olub. 

Səslənən iddialarla bağlı Cebhe.info-ya açıqlama verən Xudu Məmmədov irsinin araşdıcısı  şair Vasif Qurbanzadə bir sıra qaranlıq məqamlara aydınlıq gətirib.

“Elçibəy deyirdi ki, bütün hüriyyətçilərin bir müəllimi var, o, da Xudu Məmmədovdur”

-Vasif bəy, Xudu Məmmədovun Azərbaycan müstəqillik qazanmasında rolu nə qədərdir?
-1988-ci ildə artıq Azərbaycan Xalq Cəbhəsinin formalaşma prosesi gedirdi. Milli  öndərlərimiz Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadədən qalma Azərbaycanın hüriyyətm(müstəqllik) xətti var idi. Həmin xətt demək olar ki, 40-cı illərdə qırılmışdı. Həmin xəttə bağlı olan ən gizli, şifrəli şəxs isə Üzeyir bəy idi. Xudu Məmmədov da Üzeyir bəyi özünə ideal sayırdı. 50-ci illərin sonunda, 60-ci illərin əvvəlində Azərbaycan MAQ-Milli Azərbaycan Qərargahı yarandı. MAQ o zaman milli kadrları dövlət orqanlarına cəlb etmək üçün gizli iş aparırdı. Xudu Məmmədov isə MAQ sədri Oqtay Eldəgəzin müavini idi. Xudu Məmmədovun əsas məqsədi isə Azərbaycanın hürriyyətə nail olması üçün öz töhfəsini vermək idi. Elə həmin dövrlərdən Xudu Məmmədov ciddi iş aparmağa başladı. Təbii ki, o, öz laboratoriyasında elmi fəaliyyətlə məşğul idi. Amma bununla yanaşı Xudu Məmmədov gizli bir xəttlə Azərbaycanın hürriyyət (müstəqllik) davasına başlayır. Hətta Əbülfəz bəy dəfələrlə Xudu Məmmədovu özünün müəllimi saydığını deyirdi. Doğrudur, Əbülfəz bəy birbaşa Xudu Məmmədovdan dərs almayıb, amma deyirdi ki, bütün hüriyyətçilərin bir müəllimi var, o, da Xudu Məmmədovdur. 60-cı illərdə bu prosesə qoşulan çox ciddi Bəxtiyar Vahabzadə, Şahmar Əkbərzadə, Zeynal Məmmədov, Nürəddin Rzayev kimi adlar var. Məqsəd o idi ki,  ayrı-ayrı yerlərdə eyni ideologiya ilə dərnəklər formalaşsın və sonda birləşsin. 1988-ci ilin fevralında ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün aksiyalara  başlayır. Buna cavab olaraq isə fevral ayının 19-da Ağdam rayonun mərkəzində ciddi etirazlar başlayır və aksiyaların 3-cü günündə əhali Xankəndinə yürüş edir. SSRİ ordusu o, zaman etirazçılara atəş açır və insanlarımızdan ölən və yaralananlar olur. Bu məsələyə görə Xudu Məmmədov Azərbaycan tarixində ilk dəfə SSRİ siyasi elitasını sərt şəkildə tənqid edir. Əslində, bununla da SSRİ xüsusi xidmət orqanları şifrəni çözmüş olur. Ancaq artıq SSRİ formalaşmağa başlayan AXC-nin daxilinə öz adamlarını yerləşdirmişdi.

“Mən onu Azərbaycanın sonuncu aydını sayıram”

-Bəs Xudu müəllimin ölümü necə baş verib?
-1988-ci ilin oktyabrın 15-ində Xudu Məmmədov Zərduşt Əlizadəgilin təşkil etdiyi tədbirə getməmişdən 1 gün öncə Bakı Dövlət Universitetində olub. Bakı Dövlət Universitetində Xudu Məmmədov öz tələbəsi Məhəmməd Çıraqovla görüşüb. Ölməmişdən öncə, yəni oktyabrın 14-də Xudu müəllim son görüşünü Məhəmməd Çıraqovla keçirib. Tədbirdən öncə də Xudu Məmmədovun ürəyində müəyyən problemlər olub. Hətta bununla bağlı xəstəxanada da yatıb.  Xudu Məmmədov həmin görüşdə Məhəmməd Çıraqova deyib ki, narahatçılığının səbəbi cəbhənin formalaşmasında bir çox anormal insanların iştirak etməsidir. Xudu Məmmədovun kimi nəzərdə tutduğunu deyə bilmərəm, çünki onun özü də ad açıqlamayıb. Hətta Xudu Məmmədovun tədbirə getməməsi üçün ondan xahiş də ediblər. Xudu Məmmədov isə cavabında deyib: “Yox, gərək mən o tədbirə gedəm və baş verən nasazlıqlara öz etirazımı bildirəm. Çünki bu xalqın hərəkatıdır və formalaşmaq üzrədir. Bunu yad əllərə vermək olmaz”. 

Yəni, Xudu Məmmədov o tədbirə bu niyyətlə gedib. Həmin tədbirdə də Xudu Məmmədovun əsəbləşdiyi ilə bağlı deyilənlər doğrudur. Ancaq müxtəlif informasiyalar səslənir. Guya tədbirdə deyiblər ki, sizin kimi ziyalıların ucbatından Azərbaycan bu gündədir. Amma inanmıram ki, orada bu qədər yekəbaş adam olar və Xudu Məmmədov kimi bir şəxsiyyətin qarşısında belə bir ifadə işlədər. Xudu Məmmədovun ölüm anında isə onun yanında Rasim Müzəffərli, Famil Mehdinin böyük oğlu Şamil Mehdi və Zərdüşt Əlizadə olub. Bu hadisə Üzeyir bəyin ev müzeyinin zirzəmisində olub. İndi deyirlər ki, Xudu Məmmədov öz əcəli ilə ölməyib. Amma düşünürəm ki, hər bir ölüm əcəldir. Mən şəxsən Xudu Məmmədovu Azərbaycanda sonuncu aydın sayıram. Təki Azərbaycanda yenə də o cür aydınlar olsun.

-Fəzail Ağamalı, Zərdüşt Əlizadə və digərlərinin səsləndirdiyi iddialara münasibətiniz necədir?
-Deyirlər ki, Xudu Məmmədov Məhəmməd Hatəminin çıxışından sonra ölüb. İndi də Fəzail Ağamalının yadına Xudu Məmmədov düşüb. Amma Xudu Məmmədov Fəzail Ağamalı, Zərdüşt Əlizadə, hətta Araz Əlizadə kimilərin təmsil olunduğu cameədə müzakirə olunacaq şəxsiyyət deyil.

-Mümkündürmü səslənən iddialar hüquq mühafizə orqanları  tərəfindən araşdırılsın?
-Təəssüf ki, o, zaman məhkəmə tibbi ekspertizası təşkil olunmayıb. Hər kəs Xudu Məmmədovun ürək tutmasından dünyasını dəyişdiyini yazır. O, zaman ürək cərrahı Nürəddin Rzayevə zəng olunub. O da deyib ki, mən belə olacağını bilirdim. Həmin vaxt ekspertiza olmadığı üçün Xudu Məmmədovun bilavasitə ölümünə nəyin səbəb olduğu bilinmir. Səslənən iddialar isə cəmiyyəti çaşdırmaq üçündür. Ümumiyyətlə, istər Fəzail Ağamalı, istərsə də Zərdüşt Əlizadə Xudu Məmmədovun adını çəkməsinlər.  Xudu Məmmədov Allahın Azərbaycana bəxş etdiyi 3 böyük şəxsiyyətdən biridir.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений