Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xarakterik obrazların mahir ifaçısı 



Əməkdar artist İbrahim Şünasinin xatirəsinə

Azərbaycan teatrı gözlərini gülüşlə açıb. Mirzə Fətəli Axundzadə tərəfindən təməli qoyulan satirada insanlara ümid verən, onlara yol göstərən həyatdan gələn zəngin obrazlar vardır. Bu obrazları tamaşaçılara təqdim edən komediya aktyorları satiranı özlərinə qalxan tutaraq, millətə öz sözlərini deməklə onların gözlərini açmağa çalışırdılar. Xalqın həyatını bütün çılpaqlığı ilə göstərə bilən sənətkarlardan biri də realist aktyorluq məktəbinin ən görkəmli nümayəndəsi, respublikanın əməkdar artisti İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi) idi. 
O, 1906-cı ildə oktyabr ayının 20-də Bakı şəhərində məşhur din xadiminin ailəsində dünyaya göz açıb. İbrahim Şünasinin atası elmə, təhsilə qiymət verməyi bacaran insan idi. Və onun ən böyük arzusu oğlunu savadlı, elmli görmək idi.

İbrahim 1914-cü ildə, səkkiz  yaşında birinci sinfə gedir və çevik uşaq olduğu üçün yuxarı siniflərdə dərslərini davam etdirəndə Bakıda yerləşən Mərkəzi Fəhlə Klubunun dram dərnəyinə üzv olur. Həmçinin ailəsinin dolanışığını yaxşılaşdırmaq üçün çox gənc yaşlarında neft sənayesində, dəniz limanında işləməyə başlayır. İbrahimin Mərkəzi Fəhlə Klubundakı çıxışına baxan böyük aktyor və pedaqoq Kazım Ziya onu işlədiyi Bakı Türk İşçi Teatrına dəvət edir. 1929-cu ilin yazında, iyirmi üç yaşlı İbrahim Şünasini həmin teatrda aktyor edir. Bakı Türk İşçi Teatrının baş rejissoru Aleksandr İvanov onu repertuarda olan hazır tamaşalara epizod rollara daxil edir. Eyni zaman da hazırlanan tamaşalarda da ona müxtəlif  xarakterli  (komik və dramatik) obrazlar həvalə edilir. 

Bu teatrın kollektivinə rahat uyğunlaşan  İ. Şanasi  üç il müddətində Bəhriyyə (“Hücum”), Qonaq (“Çinar altında məhəbbət”), Birinci matros (“Qəzəb”), İkinci qonaq (“Çin tanrısı”), Lyutov (“Küləkli şəhər”), Cəlaləddin (“Hind qızı”), Yıldırım (“Zəlzələ”), Kor (“Yanğın”), Məhərrəm (“Gizli əl”), Dayıoğlu (“Anatollu, Dayıoğlu, Bibioğlu)  və başqa rollarda çıxışlar edir.
1932-ci ilin sonu 1933-cü illin əvvələrində Bakı Türk İşçi Teatrı Gəncə şəhərinə köçürüləndən sonra İbrahim Şünasi kollektivlə birlikdə Gəncəyə gedir və iki il orada çalışdıqdan sonra 1935-ci ildə Bakıya qayıdıb, teatr məktəbinə qəbul olunur. Təhsil aldığı üç il müddətində Milli Akademik Dram teatrında həmçinin Opera və Balet teatrında kiçik rollarla səhnəyə çıxır. 
1938-ci ilin aprelində Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında tamaşaçılara göstərilən “Arşın mal alan” operettası böyük uğurla nümayiş olunduqdan sonra belə qərara gəlinir ki, Bakıda operetta teatrı yaradılsın. Bu teatra C. Məmmədquluzadənin adı verilir. Bu zaman Azərbaycan Dövlət Akademik Opera və Balet teatrından, həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından buraya aktyor və müğənnilər dəvət olundu. Teatr pərdələrini 1938-ci il may ayının 30-da  Zülfüqar  bəy  Hacıbəyovun  “Evliykən subay” operettası ilə açdı və tamaşa indiki Nizami adına (Rote Fane) mədəniyyət və istirahət parkında göstərildi. Bu tamaşada İbrahim Şünasi Məşədi Səfi rolunu uğurla ifa etdi. 

İbrahim Şünasi zəngin yaradıcılıq yolu keçərək, böyük sənətkarlar sırasına daxildir. O, respublikanın bəzi sənət ocaqlarında çalışıb, müxtəlif xarakterli obrazlar yaradıb, tamaşaçıların sevimlisinə çevrilib, teatr tarixini öz koloritli rolları ilə zənginləşdirə bilib.

“Musiqi yaddaşı güclü olan, rəqqaslığı bacaran, hərəkətli oyunun tərzini xoşlayan, xarakterik, yapışıqlı lirik tenor səsindən məharətlə istifadə edən İbrahim Şünasi operetta janr estetikasının prinsiplərinə həssaslıqla yiyələndi... Tamaşaçıların sevimli aktyorların arasında yumoru, yapışqanlı oyunlarına görə rəğbət bəslədiyi Əlihüseyn Qafarlı, Lütfəli Abdullayev, Münəvvər Kələntərli kimi Şünasinin öz yeri vardır” (İ. Rəhimli).

1949-cu ildə Musiqili Komediya teatrı özünümaliyyələşdirmə ilə əlaqədar olaraq bağlandı. Teatrın yaradıcı kollektivi müxtəlif mədəniyyət ocaqlarında fəaliyyətlərini davam eləməyə başladılar. İbrahim Şünasi, İmamverdi Bağırov, Lütfəli Abdillayev iki ilə yaxın müddətdə indiki Azərbaycan Dövlət Akademik Milli Dram teatrında fəaliyyətə başladılar.
İbrahim Şünasi Akademik teatrda “Kimdir müqəssir”, “Böyük məhəbbət”, “Amarikanın səsi”, “Od gəlini” tamaşalarında fərqli obrazlar ifa etdi. 
1956-cı ildə Musiqili Komediya Teatrı yenidən Dövlət teatrı kimi fəaliyyətə başladı və ilk tamaşa avqust ayının 18-də C. Cabbarlı adına yay teatrında “Arşın mal alan” operettası ilə oldu. Bu tamaşada İbrahim Şünasi, Lütfəli Abdullayev, Məmmədsadıq Nuriyev Vəli roluna dublyor idilər.
İ.Şünasi 1938-1948 və 1956-cı ildə ömrünün sonuna qədər yəni 1961-ci il sentyabr ayının 18-nə qədər Azərbaycan Dövlət Musiqili Komediya teatrının (indiki Musiqil Teatr) səhnəsində bir-birindən fərqli rəngarəng rollar ifa edib. 
İbrahim Şünasinin böyük sənətkarlıqla ifa etdiyi Mərcan bəy (“Ər və arvad”), Vəli (“Arşın mal alan”), Çiko (Keto və Kote”), Qoşun və Uzun (“Toy kimindir”), Xacə Məsud (“Lənkəran xanının vəziri”), Qiyas (“Beş manatlıq gəlin”), Etibar (“Qızılgül”), Şulu (“Əlli yaşında cavan”), Hatəmxan ağa və Şahbaz bəy (“Müsyo Jordan və Dərviş Məstəlişah”), Kamil (“Məhəbbət gülü”), Səlyanski (“Gözün aydın”), Napoleon (“Bayadera”), Dursun (“Durna”), Möhsün (“Ulduz”), Dadaşlı (“Kəndimizin mahnısı”), Əmin (“Qızılaxtaranlar”), Baləmi (“Rəisin arvadı”) və s. müxtəlif  xarakterli  obrazlara səhnə həyatı bəxş edib. Bu obrazlar öz həyatiliyi, realizmi, incə yumoru, kəskin satirası ilə diqqəti cəlb etməklə tamaşaçılar arasında böyük məhəbbətlə qarşılanırdı. 

İbrahim Şünasi heç vaxt nə qrimdə, nə geyindiyi kostyumda, nə də ifasında hətta nitqində belə şarja yol vermirdi. Onun ifasındakı realizmi o dövrün mətbuatı müsbət qiymətləndirirdi. Bu obrazlar onun yaradıcılıq imkanlarını üzə çıxarırdı. Onun sənətinin cilalanmasına zəmin yaradırdı. Ayrı-ayrı mövzulu tamaşalarda İbrahim Şünasi bir aktyor kimi, zəngin xarakterlərin yaradıcısı kimi onun ifası həmişə sevilib və diqqət mərkəzində olub. Bu ifalar hər zaman günün vacib tələblərinə cavab verməklə yanaşı, hər bir personajı həyatda olan qüsur formasında tamaşaçıya sanki güzgü kimi göstərilirdi. Bu aktyorda zəngin fantaziya olmaqla yanaşı şirin yumor, gözəl lirik tenor səs, hazırcavablıq, anbaan dəyişə bilmək qabiliyyəti, düşündürücü plastika, sözə qarşı həssaslıq  var idi. Onun yaradıcılığının elmi əsasları olduğu üçün, bu ifalar hər zaman yaddaşlardan yaddaşlara ötürüləcəkdir. Heç bir video yazısının qalmamasına baxmayaraq, bu böyük sənətkar ölümündən əlli beş il sonra da yad edilir. Bu əsl sənətkar xoşbəxliyidir. 

İmran Axundov, fəlsəfə doktoru








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений