Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xalq lider axtarışında: Siyasi yeniliyin AXCP nümunəsi



Azərbaycanda siyasi partiyaların mövcud vəziyyəti ürəkaçan deyil. Ənənəvi müxalifətin natamam iddiaları, şəxsi ambisiyaları və özünəinamsızlığı vətəndaşların siyasi dəyişikliklərə olan inamını sarsıdıb. Ənənəvi müxalifət partiyalarının çoxunun sədrləri artıq fiziki cəhətdən (elə siyasi cəhətdən də) yaşlanıb, yorulub. Uzun müddət eyni vəzifəni tutduqları üçün demokratik çıxışları qeyri-ciddi səslənən ənənəvi müxalifət liderləri əsassız, yalan vədlərlə özlərini hörmətdən salıblar. 

Ənənəvi müxalifət liderləri vaxtında öz kürsülərini yetişdirdikləri (əslində yetişdirə bilmədikləri) gənclərə və ya başqa kadrlara vermədilər, partiyaya sanki öz dədə-baba mirasları kimi baxdılar, təşkilat daxilində demokratiyanı boğdular. Ona görə də fərqli düşünən istedadlı, dünyagörüşlü, zəkalı insanlar başqa yol görməyərək özləri müstəqil partiya yaratmağa məcbur oldular. Bu məcburiyyət isə kresloya əbədi yapışmış ənənəvi müxalifət liderlərinin yaratdığı zəmin nəticəsində meydana çıxdı. 

Ənənəvi müxalifət partiyalarının daxilindəki diktatura, qeyri-demokratik mühit, şəxsiyyətə pərəstiş kimi amillər imkan vermir ki, fərqli düşünənlər, gedilən səmərəsiz yolu tənqid edənlər özünə orada yer tapsın. Əgər kimsə sədri tənqid etsə və ya partiyanı bu kimi amillərdən tərk etsə, şərləmə maşını işə düşür və həmin şəxsi hakimiyyətə işləməkdə və ya satılmaqda ittiham edirlər. Hər partiya sədri də özünü səltənəti əlindən alınmış Bağdad xəlifəsi hesab edir və digər sədrlərlə hansısa birliyə, kompromisə getmir. Nəticədə də mövcud vəziyyət yaranır. İnanıram ki, bizdəki müxalifət partiyalarının sayı Amerikadakından çoxdur. Ancaq bu partiyaların çoxu bir sədrdən və bir qovluqdan ibarətdir. Fəaliyyətləri də xalqa lazım olanda deyil, özlərinə lazım olanda görünür. Yəni yalnız seçkidən-seçkiyə ortaya çıxırlar.

Siyasi yeniliyin AXCP nümunəsi

Ona görə də ölkədə normal, sivil, ədəb-ərkanlı, nizam-intizamlı, sağlam müxalifətə ehtiyac vardır. Daha doğrusu, müxalifətin birliyinə. Bu birliyin formalaşması üçün, qeyd edilən yenilikçi islahatların başlanğıcı kimi Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) indiki fəalliyyəti göstərilə bilər. Tərslik, radikallıq və hakimiyyətə hərislik nümayiş etdirən ənənəvi müxalifət liderləri "sirkə nə qədər sərt olsa, öz qabını çatladar" misalındakı kimi yalnız partiyalarına zərər verir, müxalifəti parçalayır, sonda da mövcud duruma etiraz edib gedənləri ittiham edirlər. Bu kimi mənfi amillərin nəticəsində real birlik və əsl müxalifətçilk nümunəsini biz Razi Nurullayevin sədr olduğu, demokratik dayaqlara söykənən, xalqın istəyinə arxalanan əsl AXCP-də görürük. Proseslərə ədalətlə yanaşan hər kəs gördü ki, Razi Nurullayev partiyaya sədr seçiləndən sonra AXCP sürətlə inkişaf etdi, böyüdü, gücləndi. Müxtəlif sahələrin inkişafına dair çoxsaylı təkliflər paketi hazırlandı, görüşlər və müzakirələr aparıldı. Bölgələrdə birbaşa AXCP sədrinin iştirakı ilə görüşlər keçirilir.  Müxalif fikirli insanların partiyaya axını da onu göstərir ki, ənənəvi müxalifətin vədlərindən təngə gəlmiş vətəndaşlar bu yeniliyə, inkişafa qiymət verir və özünü Razi Nurullayevin yanında görür. Hətta həmin partiyalardan vəzifə daşıyan insanların ayrılaraq AXCP-yə qoşulması da buna bariz misal ola bilər.

Xalqa bağlı lider

Razi Nurullayev müasir dünyagörüşlü, xarici və daxili siyasəti gözəl bilən, ən əsası isə şəxsi ambisiyalardan uzaq, yalnız xalqın mövqeyini özünə hədəf götürmüş bir liderdir. Ona görə də bəzi xəbis və içini həsəd yeyən adamlar onun artan nüfuzuna qara yaxmağa cəhdlər edirlər. Ancaq Razi bəy öz yolundadır, xalqın yanındadır və mübarizəsi səmimi olduğu üçün ona ləkə yapışmır. Əksinə, insanlar onu daha dərindən tanımağa meyil göstərir, ənənəvi müxalifət liderləri ilə müqayisə edir və məmnuniyyətlə Razi bəyin yanında olmağı üstün tuturlar. Bunları deməkdə məqsədimiz Razi Nurullayevi tərifləmək deyil. Əslində onun mənim tərifimə ehtiyacı yoxdur və o kifayət qədər tanınır. Sadəcə, ağla-qara seçimində bəzi yanılanların yoluna işıq tutmaq amacı ilə bu yazını yazmağa məcbur oldum. Razi Nurullayev dəfələrlə digər müxalifət partiya sədrlərinə dialoq, birlik və müzakirə təklif edib, onlar isə gəlməyiblər. Çünki onlar xalqı düşünməyiblər. Ola bilsin şəxsi ambisiya və eqoizm buna mane olub. Nəticədə də əziyyət çəkən xalq olub.

Bu cür mənfiliklərdən kənarda qalmağı bacarmış, normal bir partiya formalaşdırmış, xalqın müxtəlif təbəqələrinin dəstəyini qazanmış Razi bəyin seçkilərdə müxalifətin vahid namizədi olmağa daha çox mənəvi haqqı çatır. Artıq xalq yorğun ənənəvi müxalifətdən və pafoslu, heç vaxt reallaşmayan vədlərdən bezib. Ona görə də bütün real vəziyyətləri, tələbləri, problemləri doğru-dürüst analiz edən, bunun nəticəsində də ortaya real tələb qoyub nailiyyət əldə edən liderə ehtiyac vardır. Həmin siyasi lider də AXCP sədri Razi Nurullayevdir. İnanıram ki, Razi bəyin gündən-günə artan nüfuzu, partiyanın inkişafı, verilən təkliflər, bölgələrdə və paytaxtda əhali ilə mütəmadi görüş və görülən digər işlər sayəsində insanlar da doğru seçim edəcəklər, Razi bəyi dəstəkləyəcəklər. Biz Razi Nurullayevə olan rəğbəti və inamı onun bütün görüşlərində müşahidə edirik.

Tural İrfan
AXCP sədrinin dini işlər üzrə müşaviri








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений